Şamaxı məhəllələri

Arxeoloq Fariz Xəlili isə həyəcan təbili çalır: “Bu ərazilərin tamamilə öyrənilməsi həm qalanın həm də Şamaxının adı bağlı məhəllə adlarının öyrənilməsi yaxın gələcəyin işi olmalıdır. Gördüyünüz kimi bu qala divarı tam açılmayıb. Burda əlavə torpaq töküntüsü var. Sadəcə arxeoloqların nəzarəti ilə bu torpaq qalığı təmizlənsə burada möhtəşəm qala görüntüsü yaranacaq”.

Tarix: 19-3-2017 // saat: 13:19
 Antik Albaniya dövlətinin iri yaşayış məskəni sayılan Şamaxının qədimliyini bu günün özündə də görmək mümkündür. Vaxtilə müxtəlif məhəllələrə bölünən Şamaxı bu gün onları olduğu kimi qoruyub saxalaya bilməsə də bəzi qalıqlarını yaşadır. Fərqli yerlərdə, fərqli adlarla yaddaşda saxlanılan bu məhəllələrdə tədqiqat işləri aparılarsa Şamaxı açılmamış tarixi həqiqətlərinə qovuşar. Apardığımız kiçik araşdırmada çalışdıq ki, şəhərin həmin məşhur məhəllələrində olaq.
Sarıtorpaq, Narağac, Meydan, Şapuran, İçəri qala, Qala dibi, Şıxminas, Kövsərli, Şahxəndan, Pirküleyiş, Moltanı. Orta əsrlər dövrünə aid məhəllələrin sayı 100-ə yaxındır. Şərqlə qərbin əsas ticarət və sənətkarlıq mərkəzi kimi tanınan Şamaxının bu cür məhəllələrə ayrılması burda yaşayan insanların ictimai-iqtisadi-mədəni vəziyyətinin müxtəlifliyi ilə əlaqədar olub. Vaxtilə şəhər əhalinin maddi durumu və yaşayış imkanlarına görə 3 qrupa bölünüb. Gənc fotoqraf, Şamaxının tarixi ilə maraqlanan Anar Həbibov bildiklərini bizimlə bölüşdü: “Qala məhəlləsi Cümə məscidinin ətrafında olub. Digər tərəfində isə Qalabazar məhəlləsi yerləşib. Şamaxıda iki meydan olub. Məsciddən 30-40 metr yuxarıda Yuxarı meydan, məsciddən bir az o tərəfə Aşağı meydan olub. İmamlı məhəlləsində İmamzadə məscidi olub. Onun sol tərəfi isə Piran-Şirvan adlanıb. Şəhər 3 hissəyə bölünüb. Məscid ətrafı, aşağı hissələrdə kasıblar, yuxarı hissələrdə qismən varlılar olub. Orta hissədə isə ziyalı təbəqələr yerləşib”.
Cuhudlar, Ərəblər, Ərdəbilli, Kürd, Qəriblər, Padarlar, Garıslar, Gürcübazar, Başmanbazar, Bərbərlər, Udulular, Ucarlı kimi məhəllələrdə tat, ukrayna, ərəb, iran, yəhudi, gürcü, rus, malakan, italyan kimi müxtəlif millətlərin nümayəndələri yaşayıb. Paytaxt Bakıya köçürüləndən sonra onların əksəriyyəti buranı tərk edib. XVI-XVII əsr məlumatına görə Şamaxı məhəllələrində 400 mindən çox insan yaşayıb. Şəhər Böyük ipək yolu üzərində yerləşdiyindən dünyanın hər bir tərəfindən tacirlər, sənətkarlar bura üz tutub. Və onların burda çoxlu karvansaraları olub. Şamaxı ziyalısı Seyran Quliyev isə yerli sakinlərlə əcnəbilərin burda çox mehriban şəkildə yaşadığını bildirir. Yəni, Şamaxı beynəlmiləl bir mərkəz olub: “Quba cuhudları dağlı cuhudları adlanırdı. Şamaxı cuhudları yerli, tat cuhudları idi. O cuhudlar burda adətən xırda ticarətlə məşğul idilər. Bizim onlarla qarşılıqlı iş birliklərimiz olurdu. İndi həmin adamların törəmələri Amerikada, İsraildə var. Bizimlə mehribancasına əlaqə saxlayırlar. Mənim uşaqlıq dostum var, Əmirxan. Amerikada yaşayan yəhudidir. Ancaq həmişə qəlbi Şamaxı ilə döyünür, onun həsrəti ilə yaşayır. Yaxşı əlaqəmiz var. Onların qəbiristanlığı da var, Şamaxıda”.
Hər məhəllənin evləri müxtəlif memarlıq üslubi ilə seçilib və öz hamamı, ibadət yeri karvansarayı olub. Məhəllənin dolanbac küçələri və sərt dalanları isə o dövrün dünya səyyahlarının qeydlərində əks olunub. Məhəllələrin içərisində isə 26-sı həm ərazicə, həm də qədimliyi ilə seçilib. Ən varlıları Şapuran, Meydan məhəllələri olub ki, burdakı evlər böyük bağların içərisindəə yerləşib. Hətta tədqiqatçılar o dövrki Şamaxını dağ dibində amfiteatra bənzədiblər. Ən böyüyü isə Sarıtorpaq məhəlləsi olub. Xəritədə onun ərazisi Ağsunun Qırlar kəndinə qədər gedib çıxdığı göstərilir. Bu məhəllədə ziyalılar, ədiblər yaşayıb. Torpağı sarı rəngli, qumsal torpaq olduğundan məhəllənin adı da Sarıtorpaq olub. S.Ə.Şirvani, M.Ə.Sabir kimi dühalar da bu məhəllədə yaşayıb. Hazırda məhəllələrin adları rəsmən dəyişdirilsə də ancaq 20-si hələ də köhnə adı ilə adlandırılır. Onlardan bəziləri qala adları ilə bağlıdır. Tarixçi Fariz Xəlili deyir ki, məhəllələrin tarixi XVI-XVIII əsrlər göstərilsə də, ancaq tarixi yaşı IX-X əsrlərə gedib çıxır: “Maraqlıdır ki, Şamaxının içərisində 10-a qədər məhəlllə adı məhz qala adı ilə bağlıdır. Məsələn Yuxarı qala, Qalabazar, İçəri qala, Qala dibi və digər adlar var. Yuxarı qalanın arxa hissəsində qala divarının bir hissəsini görə bilirik. Bilirsiniz ki, Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı olub. IX əsrdən mərkəz, paytaxt kimi fəaliyyətdə olub. Burda qala divarlarının çəkilməsi də həmin dövrləri əhatə edir. Yəni IX-X əsrlərdən sonra Şamaxı bir qala şəhəri kimi də tanınıb.
Adını tarixə yazdıran məhəllərdən günümüzə yalnız biri İmamlı məhəlləsi qalıb. Hazırda bu məhəllədə 150-dən artıq ev var. Yerli sakinlərin verdiyi məlumata görə məhəllənin küçələri daş döşəmələrdən ibarət olub. Təəssüf ki, 1950 ci illərdə bu küçədə aparılan aramsız işlər nəticəsində həmin daş döşəmələr dağıdılıb. Ancaq məhəllənin yalnız bir yadigarı var. O da qalan 3 məsciddən biri İmamzadə məscididir. İmamzadə məscidi ilə yanaşı Qalabazar məhəlləsində su kəhrizləri, cümə məscidi və yarımçıq köhnə daş məhəllə divarları da qalan yadigarlardandır. İmamlı və Qalabazar məhəlləsinin kəsişməsində yerləşən su kəhrizləri zəlzələdən əvvəlki dövrün madii-mədəniyyət nümunələridir. İstər quyunun özü olsun, istər onun tağvari tikilişi olsun bu onun orta əsr memarlığından xəbər verir. Kərpicin ölçüsü, əhəngdaşının tərkibi bunu deməyə əsas verir. IX əsrdən XX əsrə qədər olan dönəmdə Şamaxıda baş verən çoxsaylı müharibələr, zəlzələlər və erməni soyqrımı nəticəsində tarixi məhəllələr dağıdılır, talan olur, yandırılır. Nəticədə 5 böyük məscid, 7 mədrəsə, 40 məktəb, 7 hamam, 44 daş karvansay, iki yüzə qədər dükan da tarixə qovuşub. İndi həmin dönəmin Şamaxısı maketləşdirilərək Tarix Diyarşünaslıq muzeyində eksponat kimi qorunur. Şamaxı Tarixi Diyarşünaslıq muzeyinin bələdçisi Türkan Qarayeva həmin maketin bura üz tutan turistlərə nümayiş etdirildiyini bildirir: “Maket XVI-XVII əsrdə Şamaxıya gəlmiş avropalı səyyah, rəssamlar tərəfindən çəkilmiş rəsm əsərlərinin əsasında düzəldilmişdir. Maketdə şəhər iki hissəyə bölünmüşdür. Narın qala divarlar içərisində şəhər. Orada xanın evi, Kələntərin evi mövcuddur. Gözətçi qüllələri olub. Qalanın içində 26 məhəllə olub. Hər məhəllənin öz məscidləri mövcuddur. Gülüstan qalası müdafiə məqsədilə tikilimiş qaladır. Pirdirəki dağının üstündə Ağaməlik xanın türbələri mövcuddur”.
Digər məhəllələrin yerində hazırda müxtəlif şəxsiyyətlərin, qəhrəmanların adını daşıyan 150 yaxın küçə var. O küçələr ki, dolanbac və əyri dalanları ilə köhnə məhəllələri xatırladır. Əgər tədqiqat işləri aparılarsa açılmayan tarixi sirrlər üzə çıxar. Arxeoloq Fariz Xəlili isə həyəcan təbili çalır: “Bu ərazilərin tamamilə öyrənilməsi həm qalanın həm də Şamaxının adı bağlı məhəllə adlarının öyrənilməsi yaxın gələcəyin işi olmalıdır. Gördüyünüz kimi bu qala divarı tam açılmayıb. Burda əlavə torpaq töküntüsü var. Sadəcə arxeoloqların nəzarəti ilə bu torpaq qalığı təmizlənsə burada möhtəşəm qala görüntüsü yaranacaq”.
Biz kiçik də olsa Şamaxının tarixi məhəllələrinə ekskursiya etdik. Gəzib gördüklərimizi, əldə etdiyimiz məlumatları bu yazıda təsvir etdik. Ümid edək ki, Qədim Şamaxı diyarının zəngin tarixi keçmişinə biganə münasibət deyil, əhatəli tədqiqat işləri ilə yanaşılacaq. Və Şamaxı tarixi gizlində olan sirlərini, zəngin şəhər mədəniyyətinə arxeoloji tədqiqatlardan sonra qovuşacaq.
 
Günel İsayeva - Şamaxı

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN