“Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malik ölkədir”

Tarix: 21-12-2015 // saat: 22:51
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin nəzdində yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun I ümumrespublika toplantısında danışılıb.
Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, respublikamızın 65 bölgəsindən 250 nəfər gənc mədəniyyət işçisi iştirak edib.
Nazir Əbülfəs Qarayev çıxışında tariximizin, zəngin mədəniyyətimizin təbliğinin indiki dövrdə prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətindən ətraflı bəhs edib.
Ə.Qarayev kreativ gənclərlə görüşündən məmnunluğunu bildirib, onların fikir və təkliflərinin əhəmiyyətini vurğulayıb. “Paytaxtdan bölgələrə” və “Bölgələrdən paytaxta” təşəbbüsünün mədəniyyətimizin təbliğində əhəmiyyətini qeyd edən nazir, bu cür təşəbbüslərin daim dəstəklənəcəyini diqqətə çatdırıb.
Qeyd olunub ki, hər bir kitabxana sistemində turizm informasiya mərkəzinin yaradılması, təhsil ocaqlarında mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət işçilərinin, xüsusən gənclərin informasiya–kommunikasiya texnologiyalarını dərindən öyrənmələri vacibdir. Azərbaycan mədəniyyətinin təbliğində, erməni yalanlarına dərhal və tutarlı cavab verilməsində gənc mədəniyyət işçilərinin də üzərinə mühüm vəzifələr düşür.
Toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun məqsədi və əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə ətraflı məlumat verib. Paytaxtda və regionlarda çalışan gənc mədəniyyət işçiləri qrupu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırlmasında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
Sonda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun işində fəal iştirakına görə bir qrup gəncə, habelə “Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən təşkil olunan tədbirlərin həyata keçirilməsində göstərilən dəstəyə görə” 12 şəhər və rayona diplomlar verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN