Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 18-də Kürdəmirdəki Heydər Əliyev Mərkəzində vətəndaşların növbəti qəbulunu keçirib.  

Tarix: 19-12-2015 // saat: 01:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 18-də Kürdəmirdəki Heydər Əliyev Mərkəzində vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.
Qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Kürdəmir sakinlərinin müraciətlərində Kür çayı sahilində çay turizminin təşviq edilməsi üçün təbiət qoruqlarının yaradılması, rayonun Qarasu kəndində mədəniyyət obyektinin açılması təklifləri diqqətə çatdırılıb.
Bundan əlavə, qəbulda bir sıra sosial məsələlər, işlə təminatla bağlı xahişlər də səslənib.
Vətəndaşları diqqətlə dinləyən nazir ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər bir çox məsələlərin operativ həllinə zəmin yaradır. Hər görüşdə vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür.
Nazir tarixi abidələrin qorunması və bərpasına vətəndaşların maraq göstərməsini xüsusilə təqdir edib. Yerlərdə turizmin təşviqi istiqamətində müraciətləri müsbət qiymətləndirən Əbülfəs Qarayev Kür çayının Kürdəmir rayonun ərazisindən keçən hissəsində çay turizminin inkişaf etdirilməsi barədə təklifin nəzərdən keçiriləcəyini deyib. Qeyd olunub ki, qəbulda səsləndirilən bütün faydalı təkliflərin həyata keçməsi üçün müvafiq addımlar atılacaq.
Qəbuldan sonra nazir rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət evi və musiqi məktəbinin iş şəraiti ilə tanış olub, tövsiyələrini verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN