Göyçay rayonunda “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir təşkil olunub

Tarix: 16-12-2015 // saat: 14:31
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Sahib Şükürov, təhsil və mədəniyyət işçiləri, ziyalılar çıxış edərək Prezident İlham Əliyevin “Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıblar. Bildirilib ki, Sərəncama uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Əliağa Vahid yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib, şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi məqalələr yazılıb.
Qeyd edilib ki, Əliağa Vahid hələ erkən yaşlarından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir ənənələrini dərindən mənimsəyərək klassik sənətkarlar səviyyəsində qəzəllər yazıb. Onun yaradıcılığında satira, yumor və lirika vəhdət təşkil edir. Şeirlərinin əsas obrazları Vətən, sevgi, həyat, insanlardır. Yüksək obrazlılıq, fikri təsirli ifadə etmək bacarığı onun şeirlərinə əbədiyyət qazandırır. Məhz buna görə də, ilk şeirlərini yazdığı dövrdən yüz ildən çox vaxt keçsə də, qəzəl ustadının əsərləri yaddaşlardan silinmir, dillərdə dolaşır.
Tədbir iştirakçıları Azərbaycan ədəbiyyatında Əliağa Vahidin xidmətlərindən söz açıb, onun ənənələrinin bu gün də, davam etdirilməsindən danışıblar. Məktəblilər Məhəmməd Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahidin yaradıcılığından nümunələr səsləndiriblər. Yubiley tədbiri rayon mədəniyyət evinin və uşaq musiqi məktəbinin hazırladığı musiqili kompozisiya ilə başa çatıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN