Rayonumuzun yetişdirmələri - Səməndər

Bəs Hamlet?! Bu sualı biz vermişdik. Öz-özümüzə. Onun Ağsudakı dostları. Biz onda dostumuzu bütün tamaşalarda baş rolda görmək istəyirdik. Bu arzu, əlbəttə uşaq şıltaqlığı kimi bir şey idi.

Tarix: 9-12-2015 // saat: 16:07
Nəğmələr içində
1964-cü il...Bizi heyrətləndirən bu hadisədə qeyri-təbii heç nə yox idi. Bu, texnikasız bir futbol komandasına on bir metrlik cərimə zərbəsi ilə, hakim tərəfindən bağışlanmış qol deyildi. Bu nərd oyunu deyildi ki,təsadüflərə inanasan.
Tələbkar müəllimlər onun imtahan vərəqinə üç əla yazmışdılar. Üç qələbə! Bu qələbələrin arxasında rəngi qaçmış, sevincdən, həyacandan özünü itirib divara söykənmiş gəncdən, onun istedad və həvəsindən özgə heç nə yox idi. Heç nə! Səməndər Rzayev M.A.Əliyev adına incəsənət Instutunun aktyorluq fakültəsinin tələbəsi olmuşdu. İllərin üst-üstə qaladığı, nəcib arzuların, sinif otaqlarında, məktəb gecələrində, adi həvəskarlar səhnəsində dil açan istedadın zəruri nəticəsi belə olmalı idi.
Biz heyrət dolu bir sevinc içində idik. Hətta bir il əvvəl unveristetdə oxumaqdan imtina edən Səməndərin “başına ağıl qoymaq”istəyənlər də. Ən böyük sevinc isə təbii ki, Səməndər özü yaşadı. O vaxt artıq itkilər, ayrılıq üstə bəstələnmiş mahnılarla yaşayan Səməndər elə bil hər şeyi, bütün ağrı və itkiləri köhnə meşin pencək kimi soyunub atmaq, öz sevincinə bürünüb, qanadsız-filansız uçmaq istəyirdi. Onun kədərli nəğmələrinə yeni xallar qoşulmuşdu. Səməndər həmişə bu mahnılarda gizlənmiş, gizli-gizli qımıldanan ümidi görürdü, duyurdu. Bu mahnılardan dostlar boylanırdı. Yaxınlaşan bir qatardan boylanır kimi. Bu mahnıların sonsuzluğunda öz aləminə çəkilən, qucağı yasəmən, gözləri həyat və günəş dolu bir qız ağ yaylıq yelləyirdi.
Bu mahnılar Səməndərin ürəyində həsrətli, acılı-şirinli ümidli xatirələr oyadırdı... Bəs indi? Görəsən, Səməndər o nəğmələri unutmayıb ki? O yenədəmi bu nəğmələrdə kimisə axtarır? Bəs o qız necə? Nazlı, şıltaq bir əda ilə Səməndərə yellədiyi ağ yaylığı salıb itirməyib ki? Kim bilir? Kaş itirməyəydi! Kiminsə ömrünə ağ bir sevinc kimi girmiş bir qız bir gün nəyisə xatırlayıb kövrələ bilər... Bəlkə də Səməndər indi yeni mahnılar oxuyur. Nə fərqi var oxusun. Hər halda onu nəğməsiz təsəvvür etmək olmur. O həmişə oxuyur. O, nəğmələr içində yaşayır Səməndər. Baxır, kim necə düşünür. Səməndər Rzayevi tanıyanların hər birinin onun haqqında öz fikri var. Hətta son vaxtlar teatr həvəskarlarının arasında onun ciddi yaxud komik aktyor olması barədə mübahisə gedir. Biz bir qədər əvvəldən danışacağıq.
1968-ci ildə teatr həvəskarlarını bir qədər sevindirdi: Şekspir dühasının incisi olan “Hamlet” faciəsi M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında tamaşaya qoyulacaqdır. Onda Səməndər institutun son kursunda oxuyurdu. Onu da teatra dəvət etmişdilər. Lakin hansı rolu oynayacağı məlum deyildi.
Tənqidçi İslam İbrahimov:
- Mən Səməndəri Polonius rolunda görürəm.
Xalq artisti İsmayıl Dağıstanlı:
- Yox, o, kralı daha yaxşı oynayar.
Teatırın baş rejissoru Tofiq Kazımov:
- Səməndər, get Horatsionun sözlərini yaz. Sabahdan məşqlərə gəl.
Bəs Hamlet?! Bu sualı biz vermişdik. Öz-özümüzə. Onun Ağsudakı dostları. Biz onda dostumuzu bütün tamaşalarda baş rolda görmək istəyirdik. Bu arzu, əlbəttə uşaq şıltaqlığı kimi bir şey idi.
 
Şeydayev M.
 
(Birlik,14 Dekabr1971-ci il,№147)

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN