Göyçayda bu gün onuncu nar bayramı keçirilib

Tarix: 7-11-2015 // saat: 12:16
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi 10-cu Nar bayramı nadir təbii sərvətlərimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.
Noyabrın 7-də keçirilən bayram tədbirində qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstəsi qoyublar.
Bayram iştirakçıları əvvəlcə Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi iştirakçıları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.
Sonra rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanışlıq olub. Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət nümunələri, idmançıların, kəndirbazların, pəhləvan və sehirbazların, folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları maraqla izlənilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək, artıq 10-cu dəfədir təşkil edilən bu məhsul bayramının Göyçayda meyvəçiliyin inkişafını stimullaşdırmaq baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, bu festival son illər Göyçayda narçılığın inkişafına təkan verib. Göyçay narı dadına, tamına, növlərinin sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə seçilir.
Nazir müavini məlumat verib ki, Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi bu rayonun payına düşür. Göyçayın tarixi narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçayda ənənəvi olaraq Nar bayramı keçirilir. Həm yerli əhalinin, həm də qonaqların böyük marağına səbəb olan Nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliği işində böyük əhəmiyyət daşıyır. Yerli və xarici medianın geniş işıqlandırdığı Nar bayramı ildən-ilə daha çox turistin diqqətini cəlb edir. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının simvollarından biri də nar olub.
Festival iştirakçılarının diqqətinə çatdırılıb ki, Göyçayda narın 67 sortu yetişir. Nar cənnət meyvəsi sayılır və müqəddəs “Qurani-Kərim”də adı çəkilir. Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə 47 min tona yaxın nar yığılacaq ki, bu da keçən ildəkinə nisbətən 2 min ton çoxdur. Məhsulun 50 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Rayonda yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində də tədbirlər görülür. Son iki ildə 110 hektar sahədə nar bağı salınıb. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. Eyni zamanda, emal müəssisələrinin istehsal gücü ilbəil artırılır. Hazırda “AzNar” zavodu ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı vardısa, bu gün bağların sahəsi 3920 hektardan artıqdır.
Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkında isti təndir çörəyinə, narlara və onlardan hazırlanan məhsullara, eləcə də motal pendiri, yuxa, kətə və döşəməli plova, müxtəlif şirniyyatlara qonaq olublar. Tədbir iştirakçıları nar şirəsinin, nar şərabının, nardançanın dadına baxıb, nardan hazırlanan məhsulların sərgisinə maraqla tamaşa ediblər.
Heydər Əliyev parkında rəmzi nar ağacları əkilib.
Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib. Rayon bədii özfəaliyyət kollektivlərinin, aşıqların, meyxanaçıların, kəndirbazların, musiqi məktəbində təhsil alan şagirdlərin çıxışları alqışlarla qarşılanıb. Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib. Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsəri əsasında hazırlanan tamaşa təqdim olunub, “narboll” oyunu keçirilib.
Bayram çərçivəsində keçirilən müxtəlif yarış və müsabiqələr də maraq doğurub. Ən böyük və ən kiçik nar yetişdirənə, nar şirəsini daha sürətlə hazırlayana və digər qaliblərə pul mükafatları verilib.
Sonra əllərində Azərbaycanın dövlət bayraqlarını tutan rayon gənclərinin Heydər Əliyev prospektində yürüşü keçirilib. Nar ilə dolu yük avtomobillərinin paradı da marağa səbəb olub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN