Mədəniyyət və turizm naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

Tarix: 29-10-2015 // saat: 16:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü oktyabrın 29-da Ağsu şəhərində olub. Nazir rayon Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə nazir mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.Şamaxıdan qəbula yazılan vətəndaşlar rayon ərazisində kompleks şəklində arxeoloji qazıntı işlərinin aparılması, bölgədə turizmin müxtəlif növləri üzrə bələdçilik xidməti göstərən şəxslər üçün təlimlərin keçirilməsi ilə bağlı müraciətlər ediblər.
Qəbələ sakinlərinin müraciətləri mədəniyyət müəssisələri və klubların tarixi və əlamətdar günlərə aid metodiki vəsaitlərlə təminatı, ölkəmizin görkəmli ədibləri, sənət adamları ilə görüşlərin təşkili, rəsm qalereyasında tanınmış fırça ustaları tərəfindən ustad dərslərinin, incəsənət məktəbində Bakı məktəblərinin təcrübəli müəllimlərinin açıq dərslərinin təşkili, eləcə də Vəndam və Nic qəsəbələrində incəsənət məktəbinin filiallarının yaradılması barədə olub.
İsmayıllı sakinləri mədəniyyət işçilərinə fəxri adların verilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində regional mərkəzin yaradılması, uşaq incəsənət məktəbinin binasının inşası bağlı xahişlərini diqqətə çatdırıblar.
Ağsu sakinləri tərəfindən rayondakı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenidən qurulması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana fondlarının yeni nəşrlərlə təminatı, uşaq musiqi məktəbində ixtisaslı kadrların çatışmazlığı, nəzəriyyə dərslərinin keyfiyyətinin artırılması məsələləri səsləndirilib.
Ağsu, Qobustan və İsmayıllı rayonlarından daha bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət ediblər.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə artıq üçüncü ildir ki, hər ay yerlərdə qəbullar keçirilir. Bu görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Ağsu rayonunda bu sıradan artıq 31-ci görüşün keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü deyib, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN