Bico

Tarix: 9-12-2014 // saat: 09:23
1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur. Bu kənd müəyyən tarixi dövrlərdə baş vermiş ictimai-siyasi hadisələrlə əlaqədar öz yerini dəyişmək məcburiyyətində qalmışdır. Bico əhalisi XX əsrin əvvəllərində erməni təcavüzünə məruz qalmış, onlara qarşı lazımi silahlı müqavimət göstərmişdir. Bico kəndi ərazisində Pirəmsaq, Pir Şeydulla, Qarı Mazar sandığı, Sanqalan piri kimi ziyarətgah yerləri vardır. Bico oykonimi haqqında müxtəlif mülahizələr mövcuddur. Birincisi, Bico oykoniminin peçoy /beçoy adlı oğuz soyları ilə bağlı olması haqqında mülahizələrdir. (Bu mülahizə Ağsu şəhər sakini Ağasəlim Babaşova məxsusdur).İkincisi, bəzi tədqiqatçılara görə kəndin adı tat dilindəki buc (qoxulu) və ov (su) sözlərindən ibarət olub, kəndin yaxınlığındakı kükürdlü mineral bulaqlar ilə əlaqələndirilir.  
Bico kəndinin ərazisi 4324 ha sahəni əhatə edir. Bundan 226 hektarı dövlət mülkiyyətinin, 2671 hektarı bələdiyyə mülkiyyətinin, qalan 1427 hektarı isə xüsusi mülkiyyətin payına düşür. (2012-ci ilə aid məlumat) Ləngəbiz silsiləsinin üzərində yerləşir. Kənddən 6 km şimalda dəniz səviyyəsindən 929 metr yüksəklikdəki Səndələn (yerli əhali arasında "Sanqalan" adı ilə də tanınır) zirvəsi Ləngəbiz silsiləsinin, eyni zamanda Ağsu rayonunun ən hündür nöqtəsidir. Bu zirvənin arxasındakı "Bico dağı" deyilən ərazidə əvvəllər kəndin yaylaq evləri olmuşdur. İndi də həmin ərazidəki ağaclar, bağlar və bulaqlar vaxtilə həmin yerlərin sahibi olmuş şəxslərin adı ilə bağlıdır. Yayı quraq, qışı az yağıntılı keçən quru çöl iqlimi tipi yayılmışdır. Dağlıq sahədə meşə və kolluqlar vardır. Kəndin ərazisinin şimal hissəsində "Bico dağı" ilə yanaşı Alpoud meşəsi yerləşir. Qarabağın rəmzlərindən sayılan məşhur xarı bülbül çiçəyinə Bico dağlarında daima rast gəlinmişdir. Qərbdən Gəgəli kəndi ilə, şərqdən Keçdiməz kəndi ilə qonşudur. Şimalda Bico dağı Şamaxı rayonu ərazisi ilə əhatə olunur. Cənub hissəsi Şirvan düzünün şimal əraziləridir.XX əsrin 70-ci illərində 5000 nəfərin məskunlaşdığı Bico kəndinin əhalisi ötən əsrin 90-cı illərindən sonra xeyli azalmışdır. Bicoda hazırda 1860 sakin yaşayır. 1980 - 1990-cı illərin əvvəllərində 700-800 şagirdin təhsil aldığı Bico kənd orta məktəbində hazırda 200 nəfər şağird oxuyur. Bico kənd nümayəndəliyinə və bələdiyyəsinə daxil olan ərazidə isə (Keşdiməz kəndi ilə birlikdə) 2163 nəfər sakin qeydiyyatdadır. Bico əhalisinin 51,82%-i (964 nəfər) qadınlar, 48,17%-i (896 nəfər) isə kişilər təşkil edir. Vaxtilə 1100 evdən ibarət olan Bico kəndinin ərazisində hazırda 352 ev mövcuddur.
Bico, kənd olmasına baxmayaraq Şirvanın, eyni zamanda Azərbaycanın zəngin elm və mədəniyyətinin inkişafında xüsusi paya malikdir. Hələ orta əsrlərdən elm və ürfana diqqəti ilə ətraf ərazilərdən seçilən Bicoda Muhəmməd Əmin ibn Sədrəddin Şirvani kimi Şəriət alimi, Babaş Əfəndi Mikayılzadə, Molla Tacəddin kimi din xadimləri yetişmişdir.Bu kənd Azərbaycanın neft iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr vermiş geologiya üzrə məşhur alim akademik Ədhəm Şıxəlibəylinin, yeni neft yataqlarına aid neft növlərinin tərkib və xassələrinin tədqiqi ilə bağlı nailiyyətlərə görə “Avropanın Fəxri Alimi” adına layiq görülmüş, əməkdar elm xadimi, professor Fəzilə Səmədovanın vətənidir.Vaxtilə 750-800 şagirdin təhsil aldığı Bico kənd orta məktəbi nəinki Ağsu rayonunda, bütün Azərbaycanda ən qabaqcıl orta məktəblərdən biri hesab edilir, bu məktəbə müəllimlərinin elmi və peşə səviyyəsinə, təhsil alan şagirdlərin bilik və bacarıqlarına görə rayon təhsil işçiləri arasında "akademiya" deyilirdi.Həm dağlıq-meşəlik, həm də düzənlik ərazilərdən ibarət olan Bico kəndinin ərazisi istər əkinçilik, istərsə də heyvandarlıq üçün çox əlverişlidir. Hələ orta əsrlər dövründən başlayaraq, Biconun dağ döşü ərazilərində taxılçılıq inkişaf etdirilmişdir. SSRİ dönəmində Ağsu rayonunun ən məhsuldar üzümçülük və taxılçılıq sahələri bu kəndin ərazisində olmuşdur.Hətta İkinci dünya müharibəsi dövründə və ondan sonrakı qıtlıq illərində bütün regionda demək olar ki, yeganə bol məhsulu ilə seçilən Bicoda İsmayıllı, Şamaxı, Mərəzə bölgələrindən onlarla ailə gəlib sığınacaq tapmışdı. Bütün Şirvan az qala "Bico çörəyi"nin ümidinə yaşayırdı. (Yazıçı Əbülhəsənin (Əbülhəsən Ələkbərzadə) bu barədə oçerklər kitabı çap edilmişdir.) Ötən əsrin ortalarında Bico 1 ildə 6 əməkçisinin Sosialist Əməyi Qəhrəmanı adına layiq bilinmiş Azərbaycanın yeganə kəndi kimi məşhurlaşmışdı. Hazırda Bicoda 466 fərdi təsərrüfat mövcudur.
Görkəmli şəxsiyyətləri:
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani (1552-?) — şəriət alimi, mütəfəkkir.
Əyyub əfəndi Şirvani (XVII əsr) — məşhur din xadimi.
Məhəmməd Zahid Şirvani (1860-?) — şair.
Babaş Əfəndi Mikayılzadə (1862-1957) — ictimai və din xadimi, şair.
Ədhəm Şıxəlibəyli (1911-1996) — akademik, əməkdar elm xadimi.
Fəzilə Səmədova (1929) — "Avropanın fəxri alimi", əməkdar elm xadimi, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.
Eybalı Mehrəliyev (1930-2011) — coğrafiyaşünas alim.
Oqtay Şamil (1944) — tanınmış şair.
Bico xalçaları:
Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçası «Bico» kəndinin adını daşıyır. Bico xalçası Bicodan başqa, Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində, həmçinin Qubada, eləcə də İranda da istehsal olunub. Azərbaycanın xalq rəssamı, məşhur xalçaçı Lətif Kərimov qeyd edir ki, "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məhşur xalça hesab olunur. XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi.Təkcə Azərbaycanda yüksək qiymətləndirilməklə kifayətlənməyərək, eyni zamanda xarici sənətşünasıların və kolleksionerlərin də diqqətini özünə cəlb edən "Bico" xalçaları 18-19-cu əsrlərdə əsasən iki variantda istehsal edilmişdir: 
Birinci variantda orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında «kəpənək» adlanan böyük dişli element, orta nöqtədə isə «toqqa» (kəmər) adlanan dördguşəli element yerləşir.
"Bico" xalçasının ikinci variantının orta sahə kompozisiyasında bir-birinin üzərində olan səkkizguşəli göllər bu variantda toxunmuş xalçaların əsas xüsusiyyətidir. Göllərin ətrafında, həmçinin orta sahənin doldurulmamış aralıqlarında yalnız "Bico" xalçalarına xas olan, xalçaçılar tərəfindən "bükmə" adlanan elementlər yerləşir. Bu elementlər "Bico" xalçalarının ikinci varianın əsas elementi olmaqla, onu birinci variantdan fərqləndirən əsas bədii xüsusiyyətdir. Göllərin mərkəzində yerləşən qarmaqlı böyük elementlər, orta xətt boyunca göllərin ətrafına yayılmış "bükmə" naxışları, eyni zamanda xalçanın ümumi quruluşu bu xalçaların meydana gəlməsi tarixinin qədim dövrlərə aid edilməsinə əsas verir.
Bico xalçaları Şirvanın bir çox xalçatoxuma məntəqələri ilə yanaşı Quba xalçaçılıq məntəqələrinə də güclü təsir etmişdir. "Quba-Bico" adı ilə tanınan xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Qubada Bico xalçalarnın yalnız bir variantı toxunmuş, öz orijinallığını saxlamaqla yanaşı, daha geniş şəbəkədə yayılmışdır. 18-19-cu əsrlərdə toxunmuş "Quba-Bico" xalçaları indi dünyanın bir çox muzeylərində saxlanılır.Bico kəndinin xalçaçılıqla bağlı ənənələri bu günə kimi qorunub saxlanmışdır. 20-ci əsrin sonlarına qədər Bico kəndində olan hər bir evdə xalça toxumaq üçün "xana" adlanan dəzgahlar var idi. Bicoda xalça toxumağı bacarmayan qadın, demək olar ki, yox idi. Bico kənd orta məktəbində əmək təlimi emalatxanasında xalçaçalıq dəzgahları və alətləri mövcud idi və bu xalq sənətinin incəlikləri məktəbli qızlara tədris olunurdu. Hazırda da Bico kəndində əksər xanımlar xalçaçılıqla məşğuldur. Bico xalçaları ilə bağlı bu zəngin mədəni irs bu günə kimi tək Bico kəndində deyil, yuxarıda qeyd olunan digər xalçatoxuma məntəqələrində də davam etdirilmiş və müəyyən qədər qorunub saxlanmışdır. Lakin təəssüf ki, Bico xalçaçılığı əvvəlki səviyyəsini tədricən itirmişdir. Təsadüfi deyil ki, Bico xalçalarının "Qafqazın ən məşhur xalçası hesab edilən", 1 kv. m-də 300.000-ə yaxın ilmə olan variantı artıq toxunmur. Əvəzində xalçaçılar Bico xalçalarının orta sahə elementlərini daha sadə naxışlarla əvəz etmişlər. Bununla belə təqdirəlayiq haldır ki, Azərbaycan xalçalarının nadir incilərindən sayılan Bico xalçaları "Azərilmə" MMC-nin emalatxanalarında satış üçün toxunmaqla yanaşı, dünyanın bir çox məşhur müzeyləri, qalareyaları və şəxsi kolleksiyalarında olduğu kimi həmin müəssisənin "qədim xalçalar" qalareyasında da qorunub saxlanır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN