İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 57,5 milyon manat güzəştli kredit verilib

Tarix: 30-7-2015 // saat: 18:00
İyulun 30-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Qaraqaya kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun olan nümunəvi layihələr təqdim edilib, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1 milyon 66 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN