Göyçayın telefon xətləri

Bu günlərdə Göyçay rayonunda ilk dəfə olaraq telefon xətlərinin yeraltı çəkilişinə başlanılıb.

Tarix: 11-7-2015 // saat: 23:53
Bu günlərdə Göyçay rayonunda ilk dəfə olaraq telefon xətlərinin yeraltı çəkilişinə başlanılıb. Göyçay Telekommunikasiya Qovşağının mühəndisi İlqar Davudov AZƏRTAC-a bildirib ki, 1954-cü ildə şəhərin küçələrində çəkilən rabitə xətləri və ağacdan olan dirəklər sakinlərə yetərincə xidmət etsə də, sonradan köhnəldiyi üçün bu günün tələblərinə cavab vermir. Hava rabitə xətləri günəş radiasiyasına, küləkli, qarlı, yağışlı havada müəyyən təsirlərə məruz qalır, rabitə dirəkləri aşır, xətlər qırılır. Mütəxəssisin sözlərinə görə, küçələrdəki telefon xətləri elektrik xətlərinə yaxın olduğundan işçilər üçün xidmət aparmaq bəzən çətin və təhlükəli olur. Artıq bu problem geridə qalıb, yeraltı kabel xətləri şəhərin kanalizasiya quyuları vasitəsilə çəkilir və həmin problemlər gələcəkdə yaşanmayacaq. Hazırda şəhərin mərkəzində, yəni Heydər Əliyev prospektində, Əli Kərim, Mehdi Hüseynzadə, Nizami küçələrində rabitə xətləri yerin altına keçirilir. İlkin mərhələdə şəhərin 10 mərkəzi küçəsində xətlərin sökülməsi və yeraltı kabel kanalizasiya sisteminə keçirilməsi planı qurulub. Qeyd edək ki, Göyçay Telekommunikasiya Qovşağı müasir standartlara cavab verən cihazlar və ötürücülərlə təmin olunub, kəndlərdəki ATS-lər elektronlaşdırılıb. Hazırda Göyçayda 7000-dən çox telefon abonenti var. Onlardan da 4000-ə yaxını internet istifadəçisidir.
 
Şahnəzər Bəşirov
 
http://azertag.az

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN