Şamaxı şəhərindəki İncəsənət Təhsili Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunan konfrans keçirilib

Tarix: 17-6-2015 // saat: 00:09
Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova institutun kollektivini bayram münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi elm ocağının yaranma tarixi, 70 illik fəaliyyəti dövründə qazanılan nailiyyətlər, coğrafiyanın əhatə etdiyi tədqiqat sahələri barədə geniş məlumat verib. Qeyd edilib ki, 1937-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının tərkibində yaradılan coğrafiya sektorunun bazasında 1945-ci il mayın 1-də Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutu yaradılıb. Uzun tarixi yol keçən institut ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra elmi fəaliyyətini iki mühüm elmi problem üzərində qurub. Bunlardan birincisi Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri; respublikanın konstruktiv və regional problemləri, səhralaşma prosesləri, ikincisi isə Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekoloji şəraitin tədqiqidir.
Akademik R.Məmmədov daha sonra institutun ayrı-ayrı şöbələri və bu şöbələrin elmi istiqamətləri, kadr hazırlığı, beynəlxalq əlaqələri barədə geniş məlumat verib.
Konfransda coğrafiya elmləri doktoru Zakir Eminovun “Şamaxı regional rayonunun sosial-iqtisadi inkişafı” və institut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbiri üzvü Elbrus Əlizadənin “Böyük Qafqaz və Şamaxıda təbii proseslərin inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.
Konfransda dinləyiciləri maraqlandıran qlobal istiləşmə, təbii su ehtiyatlarının azalması təhlükəsi barədə suallar cavablandırılıb. Xüsusilə sudan səmərəli istifadənin zəruriliyi bildirilib.
Növbəti konfransın iyunun 17-də İsmayıllıda keçirilməsi nəzərdə tutulub.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN