Şamaxı Azərbaycanın Ədəbiyyat Paytaxtıdır

Tarix: 15-5-2015 // saat: 19:55
 Şamaxı şəhərinin 2015-ci il üçün  “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunması ilə bağlı rayon Mədəniyyət sarayında təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq mart ayının 4-də Azərbaycan Respulikası Mədəniyyət və Turizm Nazirliyinin yeni təsdiq olunmuş “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2015-ci ilin “paytaxt”larının təqdimat mərasimi keçirildiyini bildirmiş və Şamaxının “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunduğunu diqqətə çatdırıb. İcra başçısı Şamaxının tarixindən, onun dahilər yurdu olmasından geniş danışaraq bildirib  ki, Azərbaycanın dilbər guşələrindən olan Şamaxı bütün dövrlərdə diqqət mərkəzində olmuş, təbii coğrafi şəraiti, strateji mövqeyi, istedadlı insanları ilə dünya səyyahlarını cəlb etmişdir. İcra başçısı qeyd edib ki, Azərbaycan mədəniyyəti, tarixən şifahi xalq yaradıcılığı və milli klassik mədəniyyətin bünövrəsi üzərində yüksəlmişdir. Bu mədəniyyətin yaradıcıları sırasında “Şirvani” nisbəsi ilə Yaxın və Orta Şərqə, Avropa ölkələrinə səpələnmiş yurddaşlarımız ölməz sənət əsərlərinin müəllifləridir. Poeziya, coğrafiya, tibb, məktəb, dərslik, sənətkarlıq, memarlıq, musiqi və s. sahələrdə öz dəyərli töhfələri ilə Azərbaycanı təmsil edən soydaşlarımız çox önəmlidir ki, toleriantlıq nümayiş etdirmiş, bu sevginin qarşılığı olaraq qeyri-millətlərdən olan bir çox Şamaxılı sənət adamı da Şirvani təxəllüsünü məmnunluqla qəbul etmişdir. Asif Ağayev Şamaxının Azərbaycanın Ədəbiyyat Paytaxtı elan olunmasında dövlətimizin diqqət və qayğısını xüsusi vurğulayaraq , Mədəniyyət və Turizm Nazirliyinə şamaxılılar adından təşəkkürünü bildirib. Sonra Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edib. Nazirliyin rəsmisi Proqramın 2010-2014-cü illəri əhatə edən birinci mərhələsi çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 “paytaxt” şəhər elan olunduğunu, bu şəhərlərdə bir sıra yaddaqalan tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Təsadüfi deyildir ki, paytaxt seçilmiş şəhərlərdə keçirilən bir sıra festivallar artıq ənənəvi xarakter almışdır. Natiq bildirmişdir ki, “Xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən Şamaxı şəhəri 2015-ci il üçün “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilmişdir. Sonra Şamaxı şəhərinin “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku Fikrət Babayev tərəfindən rayon rəhbərliyinə təqdim olunub. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Şamaxı şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev və filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev çıxış edərək Şamaxının mədəniyyət, poeziya beşiyi olmasından danışıblar. Bildirilib  ki, Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Səhhət, Hadi bu torpaqda yetişmiş, milli mətbuatımızın, uşaq mətbuatının, yeni üsullu məkətblərin və ana dilli dərsliklərin, teatrın yaranmasında, muğam sənətinin inkişafında, XIX əsrdə yeni bir mədəniyyət tipi kimi öz təsdiqini tapan ədəbi məclislərin, Azərbaycan-Avropa ədəbi əlaqələrinin yaranmasında Şamaxı ziyalılarının, sənət adamlarının müstəsna xidmətləri olmuşdur. Tədbir xalq artistləri Mələkxanım Əyyubova, Zabit Nəbizadə və xalq tərəfindən sevilən incəsənət xadimləri Elnarə Abdullayeva, Zeynal Əhmədov, Elbrus Niftəliyev və Vasif Nuriyevin iştirakı ilə təntənəli konsertlə davam etdirilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN