Kürdəmirli müharibə veteranı bugünkü həyatından razıdır

Tarix: 13-5-2015 // saat: 20:43
İkinci Dünya müharibəsi illərində Kürdəmir rayonundan cəbhəyə 6584 nəfər yola salınıb. Onlardan 2982 nəfəri geri qayıdıb.  Rayonun Çöhranlı kəndinin sakini, 94 yaşlı Cümşüd Kərimov da sağ qalıb, o illərin acı xatirələrini yaşayanlardandır. Birinci qrup müharibə əlili Cümşüd kişinin 9 övladı, 36 nəvəsi, 61 nəticəsi və 4 kötücəsi var. Faşizm üzərində böyük qələbənin 70 illiyinin qeyd edildiyi bir vaxtda Cümşüd Kərimov sağ qalmağına möcüzə kimi baxır: “O illər bir fəlakət idi. Mozdok ətrafında döyüşlərdə insanlar kütləvi surətdə qırılırdı. Onda mən 223-cü diviziyanın tərkibində vuruşurdum. Düşmənin artilleriya zərbələri yan-yörəmdə nə qədər gənci tikə-tikə edirdi. Sağ qalmağım isə bir möcüzədir”. Çətin döyüş yolu keçən, 1944-cü ildə ağır yaralanaraq əlil olan və arxa cəbhəyə göndərilən C.Kərimov orden və medallarla təltif edilib. Ömrünün ahıl dövrünü yaşayan veteran bugünkü sakit həyatından razılıqla danışaraq deyir: “Xoşbəxtəm ki, Azərbaycanın azadlığını, müstəqilliyini, bugünkü firavanlığını gördüm. Kürdəmirin gündən-günə gözəlləşməsi, yeni parklar, abad küçələr məndə qürur hissi doğurur. Bilirəm ki, bütün bunların təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onu yaxşı tanıyıram. O vaxt Kürdəmirə gələndə görüşmüşdük. Bu böyük insanın yetirməsi Prezident İlham Əliyevin səyi ilə ölkəmiz indiki yüksəlişə çatıb. Biz veteranlar da daim diqqətdəyik. Ölkə Prezidenti tərəfindən mənə minik maşını verilib. Qələbənin 70 illiyi münasibətilə 800 manat pul almışam. İndi bircə arzum var: Qarabağımızı işğaldan azad görəm. Nəvələrimlə Şuşaya gedəm”.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN