Əziz Avropalı dostlarım!

Tarix: 29-4-2015 // saat: 23:39
"Erməni məsələsi"nin niyə Avropanın problemi olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər bir ədalətdən söhbət gedirsə, bunu niyə hüquqşünaslar və tarixçilər deyil, siyasətçilər müzakirə və qəbul edir?
Mən tarixçiyəm. Bununla yanaşı, avropalı təəssübkeşlərdən fərqli olaraq bölgənin insanıyam. Çar Rusiyasının Azərbaycan torpaqlarını işğal etməsindən sonra erməni silahlı qruplarının bölgəmizdə necə qanlı hadisələr törətdiklərini bilmək üçün arxiv sənədlərinə baxmaq yetərlidir. 1905-1907 və 1918-ci illərdə erməni terror (o dövrdə də məhz bu cür adlanırdılar) qüvvələrinin Qafqazda, İran Azərbaycanında və Şərqi Anadoluda müsəlmanlara (türklər burada yalnız bir hissədir) qarşı törətdikləri hadisələri məhz Sizin babalarınız dəstəkləmişlər. O babalarınız ki, I Dünya Müharibəsini başlatmışlar və Osmanlı dövlətinə qarşı erməniləri bölgəmizdə istifadə etmişlər. Osmanlı bir tərəfdə qalmış, Hncak və Daşnak erməni terror qüvvələri mənim kəndimə qədər qırğınlar törətmişlər. Mənim baba və nənələrim bu qırğınlar haqqında öz xatirələrini hər zaman həyəcansız paylaşa bilmirdilər. Xocalı soyqırımı isə uzaq tarix deyil, 1992-ci ildə olub, ermənilər törədib, vəhşiliklər ediblər. Bu soyqırımı törədənlərdən biri məhz Ermənistan Respublikasının prezidentidir. Heç ədalət çağırışı görmürük, Avropadan. 
Əziz Avropalı dostlarım!
"Erməni soyqırımı"nı tanımaqla ədaləti bərpa etdiklərini düşünənlər bizi və əcdadlarımızın ruhunu təhqir etdiklərini heç düşündülərmi? Onlar kin və nifrəti körüklədiklərini heç fikirləşdilərmi? İstər Türkiyə, istər Azərbaycan hər zaman arxivləri açmaqdan bəhs etdikləri halda Ermənistan hər zaman yayınmışdır. Təəssüf edirəm ki, bu tanıma mətnində arxivləri açmaq da təklif olunur. Düşünürəm ki, bu təklifi nə Türkiyəyə, nə də başqalarına demək lazımdır, bunu məhz ermənilərə demək lazımdır ki, həqiqət üzə çıxsın. Həqiqəti gizlədən erməni toplumu və ondan siyasi çıxar kimi istifadə edən Avropalı siyasətçilərdir.
Əziz Avropalı dostlarım!
Bizdən hər zaman siyasətdən uzaq mədəni irs layihələri gözlədiniz. Biz buna hər zaman hazırıq dedik. Amma yenə də siyasətə dəyərləri qurban verən Sizin toplumlarınız oldu. Sizlərlə iş görməkdən utanar haldayıq və öz yazdıqlarınızı özünüzün pozduğunuzu görmək bizi əzir.
Uca ALLAHdan siyasətə və çıxarlarına dəyərləri qurban verən Avropa toplumları üçün bağışlanma diləyir, gələcəkdə haqsız durumlara səs çıxarmalarını arzulayıram.
 
Hörmətlə,
Dr. Fariz Khalilli

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN