- Ruslan bəy, heç şübhəsiz, bir çox oxucularımız sizi tanıyır, amma yenə də özünüz haqqınızda qısa məlumat verərdiniz?
- Mən, 1988-ci il avqustun 26-da Şamaxı rayonunun Göylər kəndində usta ailəsində doğulmuşam. Həmin kəndin Əlsuvar Məmmədov adina 1 saylı məktəbində orta təhsilmi almışam. 5-ci sinifdən etibarən Musiqi fənnini tədris edən müəlliməm gözəl səsimin olduğunu mənə dedi və bu, mənim musiqiyə olan marağımı daha da artırdı. Müəllimlərimin köməyi ilə Şamaxı şəhərində Mehman Mikayılovun yanında muğamlarımızın sirrini öyrənməyə başladım. Bununla yanaşı, 1 saylı musiqi məktəbinə daxil oldum. Burada Könül xanım, Habil müəllim kimi sənətkarlardan dərs aldım. Bu müddət ərzində ardıcıl 2 dəfə AZTV kanalında cıxışım olub.
- Muğam sizin üçün nədir?
- Muğam mənim üçün başqa bir aləmdir. Mən muğam ifa ederkən tamamilə başqa bir dünyaya dalıram. Bu dünyaya aid bütün hər şeyi unuduram və muğamla yaşayıram. Muğama ilahi bir musiqi kimi yanaşıram.
- Çox vaxt gənclər muğama yaşlı nəsilin musiqi janrı kimi yanaşır və muğamı dinləmirlər. Sizin bu fikrə münasibətiniz?
- Gəncləri hardasa başa düşürəm. Çünki, muğamı dərk etmək, başa düşmək üçün müəyyən bir yaş həddinə çatmaq lazımdır. Bunu həmdə zövqlərin müxtəlifliyi ilə də əlaqələndirmək olar.
- Hansısa müsabiqələrdə iştirak etmisinizmi? Adlarını deyə bilərsinizmi?
- İlk dəfə 2001-ci ildə 13 yaşımda Ümumrespublika muğam yarışmasında iştirak edərək uğurlu nəticə göstərmişəm. 2011-ci ildə isə, ATV telekanalında yayımlanan “Xalq Ulduzu” yarışmasının qaliblərindən olmuşam.
- Sizə bu sənəti sevdirən və gəlməyinizə səbəb kimlər və ya nələr olub?
- Mən bu sənəti ilk dəfə sonradan ustadım olan, xalq artisti Alim Qasımovun səsində sevmişəm. Sonradan Allah qismət elədi mənim xanəndə olaraq ilk muğam müəllimim Alim Qasımov özü oldu.
- Həyatınızdakı ən böyük uğrunuz nə olub?
- Gənc yaşlarımdan Alim Qasımovla eyni səhnədə olmaq. Bundan başqa qeyd edim ki, mən 2011-ci ildən üzvü olduğum Miras Mədəni İrsin Öyrənməsinə Kömək İctimai Birliyinin nəznindəki Miras Musiqi Qrupu ilə dünyanın bir çox ölkələrində həmçinin ölkəmizdə keçirilən bir sıra beynalxalq tədbirlərdə milli, mədəni-irsimiz sayılan muğamlarımızın, xalq musiqilərimizin təbliğ etməklə ölkəmizi təmsil etməyə çalışmışam.
- Sizcə uğur qazanmağın sirri nədədir?
- Hər bir uğurun arxasında böyük zəhmət durur!
- Bildiyimiz kimi, mart ayında ölkəmizdə qonaq olan dünya şöhrətli azərbaycanlı müğənni Sami Yusuflə keçirdiyi konsertdə duet ifanız oldu. Bu haqda ətraflı məlumat verərdiniz?
- Sami Yusufla Respublika sarayında oxumağım mənim üçün böyük bir uğurdu. Konsertdə qaval ifacısı axtarılırdı. Qavalda profesional ifanı Azərbaycanda yalnız xanəndələr bacardığına görə məni dəvət etdilər. Və məşq etdiyimiz müddətdə mənim ifamı dinlədi və çox bəyəndiyinə görə mənə birlikdə duet oxumağı təklif etdi. Mən bu təklifi böyük sevinclə və məmnuniiyyətlə qəbul etdim. Və mənə elə gəlir ki, bu duet böyük marağa səbəb oldu və uğurlu alındı.
- Gələcəklə bağlı hansı hədəfləriniz var?
- Hədəfim dünyanın ən böyük konsert zallarında muğamımızı ifa etmək və ölkəmizi təmsil etməkdir. Ən əsası və ən böyük arzum Qarabağımızda öz solo konsertimi verməkdir.
- Bu sahədə olan gənc xanəndələrə nə kimi tövsiyələriniz var?
- Bu sənətdə yeni olan dostlarıma tövsiyə edərdim ki, musiqimizi, muğamımızı düzgün öyrənək, qoruyaq, gələcək nəsillərə olduğu kimi çatdıraq və ən əsası muğamı duyaraq ifa edək. Mən də özümə, dediklərimi özüm üçün həyati vəzifə olaraq qəbullandırmışam.
- Ruslan bəy öz dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə dərin minnətdarlığımızı bildirir və gələcək karyeranızda sizə yeni-yeni uğurlar arzu edirik. Necə deyərlər, “səsiniz həmişə uzaqlardan gəlsin”!
- Mən də öz növbəmdə sizə təşəkkür edirəm. Çox sağ olun!