KULT.AZ saytının müsahibəsi
Fərhad Yalquzağın heykəltəraş Sahib Quliyevlə söhbəti
- Sahib bəy, incəsənətin bugünkü durumu hamımıza aydındır. Bəs siz sənətin gələcəyini necə görürsünüz?
- Biz işimizi elə qurmalıyıq ki, gələcəkdə bütün dünya bizi incəsənətimizlə tanısın. Qloballaşmaya qaçsaq, Azərbaycan geri qalacaq. Klassiklərimiz də buna çalışıblar, biz onların yolunu davam etdirməliyik.
- Deməli siz qloballaşmanın əleyhinəsiniz?
- Bəli. Belə baxanda biz əynimizə bu köynəyi, bu şalvarı geyiniriksə, deməli, onsuz da qloballaşmanın içindəyik. Sənətdə də qloballaşmaya getsək, olacağıq heç kim. Əgər tam qloballaşmaya getsək, o zaman folklorumuzu, genetikamızı itirəcəyik. - Sizin üçün gözəlliyin mahiyyəti nədir? - Ümumiyyətlə, gözəllik insanı tərbiyələndirməkdir. Onu pis yoldan qaytarmaqdır. Ona incəsənəti, mədəniyyəti aşılamaqdır.
- Sənətdə xalturaya necə baxırsınız?
- Əslində, yaxşı baxıram. Əgər sənətkarın əsərləri öz alıcısını tapmırsa, o, xaltura etməyə məcbur olur. Bu, mənim üçün də böyük problemdir. Mən bahalı metallarla işləyirəm. Bahalı metalları ala bilmək üçün də xaltura etməyə məcbur oluram. Xaltura etməyi də hər heykəltaraş bacarmır. Əvvəllər xanəndələr toya getməyi xaltura sayırdılar. Sonralar aydın oldu ki, xanəndə elə toyda formalaşır. Heykəltaraşlıqda da belədir. Xaltura edən heykəltaraş müəyyən texnologiyaları mənimsəyir. Texnikasını püxtələşdirir. Sonra bu texnika sənətkara kömək edir.
Bizim indiki heykəltəraşlarımızın əllərinə ağ əlcək geyindirmək lazımdır. Qlamurdurlar, burjuydurlar. Daşdan qorxurlar, metaldan qorxurlar. Mərmərlə işləməyi bacarmırlar. Mən mərməri öyrənmək üçün dörd ay Ukraynada xüsusi təlimlərdə iştirak etmişəm. Mərməri bilmək, onunla işləməyi bacarmaq çox önəmlidir. Görün, Mikelancelo altı əsr bundan öncə mərmərlə necə işləyirdi? Mən onun qarşısında baş əyirəm. İndi heykəltaraşlar gildən, plastilindən balaca bir şey düzəldib sonra onu metaldan tökdürürlər. Bununla da işlərini bitmiş hesab edirlər. Çünki daşla, qranitlə, mərmərlə işləməyi bacarmırlar.
- Sahib bəy, sizcə bir insanın sənətkar kimi yetişməsi üçün təhsil önəmlidir?
- Yaxşı bir sənətkar olmaq üçün təhsil almaq şərt deyil, əgər istedadın varsa, öz üzərində ciddi işləyirsənsə, o zaman sənətkar ola bilərsən. Heç bir təhsil almayıb dünya şöhrəti qazanmış çoxlu sənətkarlar var. Belələri doğuşdan istedadlı olanlardır. Adam var ki, oxuyub təhsil alaraq müəyyən bir zirvəni fəth edə bilir. Adam da var eyni zirvəni heç bir təhsili olmadan, sadəcə, öz zəhməti hesabına fəth edir. Fitri istedad başqa şeydir.
- Bir sənətkar öz əsərləri ilə ictimaiyyətə hansısa ismarıcları ötürməlidirmi? Yoxsa o, emalatxanasına qapılıb öz dünyasını yaratmalıdır?
- Sənətkar həm ismarıc verməyi bacarmalıdır, həm də emalatxanasına qapılmağı. Belə deyək: emalatxanasına qapılsa da, öz mesajını ötürməlidir. Yaradıcı adam gərək daim ünsiyyətdə olsun. Sənət biliciləri, tamaşaçılar, gənclərlə görüşməlidir. Elə öz emalatxanasına qapılıb qalsa, bunun axırı yaxşı qurtarmaz. Adam tənhalıqdan depressiyaya düşə bilər. Həm də sənətkar məhsul verəndir. O, öz məhsulunun yaratdığı ovqatı görməli, insanların fikrini öyrənməlidir. - Sizin oğlunuz Vüqar da heykəltəraşdır. Onun bu sənətə gəlməsində rolunuz olubmu? - Yox, onu bu sənətə gəlməyə məcbur eləməmişəm. O, özü də mənim kimi lap uşaq vaxtından fiqurlar düzəltməyə başlayıb. Bu sənət ona genetik keçib və öz arzusu ilə də heykəltəraşlığın arxasınca gedib. Sonradan mən ona istiqamət vermişəm. Vüqarın bəxti onda gətirib ki, mənim 50 yaşımda öyrəndiklərimi o, gənc yaşında öyrənə bilib. İndi də öz üslubunu yaratmağa çalışır.
- Rəssamların çoxu mütaliəyə həvəs göstərmir. Heykəltəraşlarda vəziyyət necədir?
- Bütün heykəltəraşları deyə bilmərəm, ancaq mən özüm işləmədiyim vaxtlarda həmişə kitab oxuyuram. Markesin, Xalid Hüseyninin əsərlərini oxumuşam, rus klassiklərindən xəbərim var. Bizim vaxtımızda mütaliə etməyən adamlara yaxşı baxmırdılar. İndiki gənclərin kitaba həvəsi azdır. Onlar başa düşmür ki, mütaliəsiz öz iç dünyanı zənginləşdirə bilməzsən. Əgər daxili aləmin zəngin olmasa, sən bir yaradıcı adam ola bilməzsən. Cəhd etsən də, alınmaz. Mütləq oxumaq, dünyadan xəbərdar olmaq lazımdır. Gənclərə bunu tövsiyə edirəm