Lahıc qəsəbəsi ilə tanışlıq Naxçıvan məktəblilərində böyük maraq doğurub

Tarix: 22-3-2015 // saat: 20:35
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” layihəsi üzrə tur-aksiyaları davam edir. AZƏRTAC xəbər verir ki, martın 21-də axşamüstü İsmayıllıya gələn və rayondakı “Qızıl Qaya” istirahət mərkəzində gecələyən Naxçıvan məktəblilərinin növbəti qrupu səhər Lahıc qəsəbəsinə gediblər. Lahıcda tur-aksiya iştirakçıları qəsəbəni gəzərək onun tarixi barədə məlumatlandırılıb, mədəniyyət abidələri, sənətkarların əl işləri, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Bildirilib ki, Lahıc Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Girdiman çayının sahilində olan qəsəbə Babadağ və Niyaldağ dağ silsilələri ilə əhatə olunub. Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən bir olub. 1981-ci ildən tarix-mədəniyyət qoruğu elan edilən Lahıcda uzun illərin yadigarı olan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası və sair qorunur. Qəsəbənin əməkdar mədəniyyət işçisi, yazıçı Manaf Süleymanov, ilk azərbaycanlı gəmi kapitanı Şövkət Səlimova, inqilabçı Əli Bayramov və digər tanınmış simaları var. Ölkəmizdə turizmin inkişafı, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində İsmayıllıya, eləcə də Lahıca gələnlərin sayı daha da artır. Təkcə son bir ildə rayona gələn turistlərin sayı 2013-cü ildəki ilə müqayisədə 14 min nəfər artaraq 96 min nəfərə çatıb. Bu məlumatlar Naxçıvan məktəbliləri tərəfindən maraqla qarşılanıb. Tur-aksiya iştirakçıları günortadan sonra İsmayıllı şəhərinə gəliblər. Burada məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olub, axşamüstü Qəbələyə yola düşüblər.
http://azertag.az/xeber/841130

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN