Naxçıvan məktəbliləri İsmayıllıya gəliblər

Tarix: 18-3-2015 // saat: 20:54
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçrilən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün  “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan məktəblilərinin ilk qrupu Martın 17-sində İsmayıllıya gəlib. Axşam  İsmayıllıdakı “Qızıl Qaya” istirahət mərkəzində gecələyən şagirdlər martın 18-də səhər rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıc qəsəbəsinə gəliblər. Burada onlara qəsəbənin coğrafi mövqeyi, tarixi, insanların məşğuliyyəti, qədim və orta əsr memarlıq abidələri barədə ətraflı bilgilər verilib. Məlumat verilib ki, Girdiman çayının sahilində yerləşən Lahıc Azərbaycanın planla tikilən  şəhərlərindən biridir. XVIII-XIX əsrlərdə misgərlik və silah istehsalı mərkəzlərindən biri kimi tanınan Lahıcda 30-dan çox sənət növü inkişaf edib. Burada yaşayıb çalışan misgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq  ustalarının və sair əl işləri, eləcə də digər  maddi-mədəniyyət nümunələri bu gün dünyanın bir çox məşhur muzeylərinin və kolleksiyaların  ekspozisiyalarını bəzəyir. Təsadüfi deyildir ki, memarlıq quruluşu və abidələri ilə seçilən Lahıc 1981-ci ildən tarix-mədəniyyət qoruğu elan edilib. Qəsəbənin baş küçəsi Nizami Hüseynov küçəsində  Lahıc sənətkarlarının hazırladıqları incə naxışlarla bəzədilən çoxsaylı məişət və bəzək əşyaları ilə zəngin mağaza və emalatxanaların sıralandığı küçə, tarix-diyarşünaslıq muzeyi, hamam,  yeraltı kanalizasiya xətti və sair məktəblilərdə dərin təəssürat yaradıb. Aldığı təəssüratı  RİH-nin əməkdaşı ilə bölüşən Şərur rayonu Düdəngə kənd tam orta  məktəbinin  şagirdi Aytac Mərdanlı deyib: “Naxçıvanın özünəməxsus gözəlliyi, tarixi var, dağlar qoynunda yerləşən İsmayıllının, qədim Lahıcın da öz gözəlliyi, maraqlı tarixi var. Lahıc məndə kitablardan oxuduğum uzaq-uzaq  illər əvvəlki dövrün təəssüratını yaşatdı. Elə bil Azərbaycanımızın keçmişinə səyahət etdim. Novruz bayramı ərəfəsində bizə bu imkanı verdiyinə görə Prezidentimizə çox-çox minnətdaram. Azərbaycanı gəzmək, görmək öyrənmək üçün bundan sonra əlimə düşən  hər imkandan istifadə edəcəyəm.” Günortadan sonra məktəblilər İsmayıllı şəhərinə gəliblər. Burada Heydər Əliyev Mərkəzində foto-şəkillər və digər sənədlər,  dərnəklər barədə hərtərəfli məlumat alan şagirdlərə Ümummilli Liderin, eləcə də Prezident İlham Əliyevin İsmayıllıya səfərləri haqqında bilgilər verilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil  Əhmədova Heydər Əliyev Mərkəzinin konfrans zalında Naxçıvan məktəbliləri və onların müəllimləri ilə görüşüb,  İsmayıllı təhsilinin, ümumilikdə rayonun inkişafı ilə bağlı onlara məlumat verib. Naxçıvan məktəbliləri axşamüstü Qəbələyə yola düşüblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN