İsmayıllının Gəraybəyli kəndində yeni tibb məntəqəsinin açılışı olub

Tarix: 18-3-2015 // saat: 20:51
Tikili Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində inşa olunub. Tibb məntəqəsi Gəraybəyli, eləcə də digər yaxın yaşayış məntəqələri olan Xəlilli, Eyyubbəyli, Keşqurd, Zərnava və Külüllü kəndlərinin 2000 nəfərə yaxın sakininə xidmət edəcək. Martın 18-də keçirilən, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşinin də, iştirak etdiyi açılış  mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək  Novruz  bayramı ərəfəsində kənddə yeni tibb məntəqəsinin  istifadəyə verilməsinin sakinlərin sosial həyatı üçün mühüm töhfə olduğunu bildirib. İcra başçısı Yaponiya hökümətinin qrant yardımı  proqramı çərçivəsində rayonda reallaşdırılan layihələrdən, İsmayıllı şəhəri ilə Yaponiyanın  İto şəhəri arasındakı dostluq əlaqələrindən danışıb və bu əlaqələrin iki ölkənin xalqları arasındakı mehriban münasibətlərdən irəli gəldiyini vurğulayıb. Mərasimdə çıxış edən səfir Tsuquo Takahaşi sakinləri salamlayaraq yeni tibb məntəqəsinin tikintisinin başa çatması münasibətilə onları  təbrik edib. Səfir İsmayıllı rayonu ilə səfirliyin ikitərəfli əlaqələrindən, İto şəhəri ilə  dostluq münasibətlərdən,  iki dövlət  arasında dostluq münasibətlərinin simvolu kimi İsmayıllı şəhərində Yapon Bağının salınmasından danışıb. Vurğulayıb ki, “Ot kökləri Qrant Yardımı” üzrə Azərbaycanda həyata keçrilən 199 layihədən 13-ü məhz İsmayıllının payına düşür. Çıxışının sonunda səfir deyib: “Mən dostluğumuzdan çox məmnunam. Ucqar rayonlarda tibbi xidmətdən istifadənin imkanlarını təkmilləşdirmək insanların həyatı üçün çox önəmlidir və mən əminəm ki, bu layihə burada insanların gündəlik həyatına müsbət təsir göstərəcək. Bir səfir kimi mən də öz tərəfimdən həm Yaponiya və Azərbaycan arasında, eləcə də İsmayıllı rayonu ilə ikitərəfli əlaqələrimizin güclənməsində səylərimi daha da artıracağam.” Mərasimdə Milli Məclisin deputatı Ərəstun Cavadov, kənd ağsaqqalı Rəsul Səfərov çıxış ediblər. Axırda rəmzi qırmızı lent kəsilib. Qonaqlar tibb məntəqəsindəki otaqlarla, yaradılan şəraitlə tanış olublar.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN