Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 1-dən başlayaraq tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Göyçay rayonunda uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Xəstəxananın baş həkiminin müavini Ləman Hacıyeva bildirib ki, Göyçay şəhəri üzrə aksiya çərçivəsində 17 tibb məntəqəsi fəaliyyət göstərir. Fevralın 1-dən martın 1-dək rayonun səhiyyə ocaqlarında 12 mindən çox vətəndaş tibbi müayinədən keçib. Xəstəlik aşkar edilən şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri pulsuz tibbi xidmət göstərir. Bundan əlavə, 7 həkimdən ibarət briqadalar kəndlərə ezam olunaraq, əhalinin tibbi müayinəsini həyata keçirirlər. Rayon sakinləri tibbi müayinələrin yüksək səviyyədə təşkilindən razılıqlarını bildirirlər. Vətəndaşlar bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər. Müayinələr mayın 1-dək davam edəcək.