Mədəniyyət və təhsil təcrübəsi

Mədəniyyət – insan fəaliyyətinin üsulları, nəticələri və yaratdığı sərvətlərin ümumi toplusudur. Hər bir cəmiyyət öz mədəniyyət ənənələri və tarixi inkişaf xüsusiyyətləri ilə səciyyəvidir.

Tarix: 24-11-2014 // saat: 10:59
Mədəniyyət – insan fəaliyyətinin üsulları, nəticələri və yaratdığı sərvətlərin ümumi toplusudur. Hər bir cəmiyyət öz mədəniyyət ənənələri və tarixi inkişaf xüsusiyyətləri ilə səciyyəvidir. Hər bir mədəniyyət onu yaradanların kimliyindən asılı olmayaraq başqa mədəniyyətlərlə əlaqədə inkişaf edir. XXI əsrdə Qərb və Şərq mədəniyyətinin qovuşması sivilizasiyanın təsiredici amillərindən olmuşdur.
Böyük tarixə , mədəniyyətə malik olan Azərbaycan da dünya mədəniyyətinə böyük töhfələr bəxş etmişdir. Bu gün Azərbaycan mədəniyyətinin milli –mənəvi dəyərlərə söykənən özünəməxsusluğunu saxlamaqla ümumbəşəri dəyərlərə inteqrasiya prosesi güclənir. Azərbaycan xalqının min illər ərzində yaratdığı maddi və mənəvi mədəniyyət nümunələri zəngindir. Mənəvi mədəniyyətimizdə oyun və əyləncələr, xalq bayramları, milli musiqimiz, xalq inamları və dini etiqadlarımız, ədəbiyyatımız xüsusi yer tutur. Maddi mədəniyyətimizdə abidələrimiz, qalalarımız, sənətkarlığımız böyük əhəmiyyətə malikdir. Sənətkarlıq sahələri içərisində dulusçuluq, misgərlik, metalişləmə, ipəkçilik, kəlağayı istehsalı, xalçaçılıq, boyaqçılıq süsusiləfərqlənir. Azərbaycan dilbər guşələrindən olan İsmayıllı ərazisi də zəngin sənətkarlıq mərkəzidir. Orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadan Basqal və Lahıcın sənət dünyası xüsusilə zəngin və maraqlıdır. 1989-cu ildə hökumət qərarı ilə tarix və mədəniyyət qoruğu elan edilən Basqal- Şirvanın qədim ipəkçilik mərkəzi olmuşdur. Basqalda hər birinin özünəməxsus tarixi xüsusiyyətləri olan neçə-neçə ictimai bina,, məhəllə, bulaq var.Dəmirçibazar, Qoşabulaq, Qəlibgah, Xarabiyan, Qalabaşı kimi məhəllələr tariximizin yadigarıdır.
1293-cü ildə İranda və Azərbaycanda olmuş venesiyslı səyyah Marko Polo yazmışdı: “Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var.Burada ipək zərxara parçalar toxunur, belə gözəl parçaları dünyanın heç bir yrində görməzsən”. İtalyan səyyahının bu təsviri çox güman ki, Şirvana aiddir. Şirvanda isə ipək və zərxara isrehsalı mərkəzi məhz Basqal olub. Özünün zəngin ipəkçilik ənənələri ilə Şirvanı və Şamaxını məşhur edən Basqal olub. 1841-ci ilə aid sənədlərdən birində Şirvanda 74 ipək karxanası olduğu göstərilmişdir. Digər mənbədə 1863-cü ildə şamaxıda 13 ipəksarıma karxanası olduğu gösrərilib. K.A.Satuninin yazdığına görə 1895-1896-cı illərdə Basqalda 11 ipık karxanası qalmışdı.
Basqal tarixən ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Sənətkarlar yurdunun zərif kəlağayısı, qonovuzu dünya şöhrəti qazanmış, xarici bazarlarda özünəməxsus yer tutmuşdur. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya sərgisində iştirak etmişdir. Həmin sərgidə Basqallı toxucu Nəsir Əbdüləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayıya və zərif qonovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılmışdır.
Lahıc əsrlər boyu Azərbaycanın çox mühüm sənətkarlıq mərkəzlərindən biri olub. Tarixi mənbələr
X-XI əsrlərdən başlayaraq Lahıcın sənətkarlıq məntəqəsi olduğundan xəbər verir. Lahıcda insanların 127 növ sənət sahəsi ilə məşğul olduğu bildirilir. Burada misgərlik, dəmirçilik , dabbaqlıq, silahqayırma, dulusçuluq, xalçaçılıq, zərgərlik, dərziçilik, papaqçılıq kimi sənət sahələri geniş yayılmışdı. Etnoqrafların müşahıdələrinə görə Lahıc ustaları misdən 80-ə yaxın adda məlumat hazırlamışlar. Bu məmulatlardan qazan, tava, tasar, kəfkir, sərpuş, piyalə, cam, tayqulp, sərinc, aşsüzən, teşt, sini, məcməyi, nimçə, güyüm, aftafa, ləyən satıl. Hamam tası, çaydan manqal, şamdan altı, şərbət qabını göstərmək olar. Lahıc ustaları istehsal etdiyi mis qabların üzərini bədii oyma və cızma üsulu ilə xalça naxışlarına bənzər xaxışlarla bəzəyirdilər. Lahıcda geniş yayılmış sənət sahələrindən biri də silshqayırma sənəti olub. Soyuq silahların, odlu silahların, xəncər və pistoletlərin ən yaxşı nümunələri istehsal olunurdu.Lahıcda 8 silah zavodu olmuşdur. Lahıc qəbiristanlığında XIX əsrə aid kitabələrdən birində silahsaz usta Əbdürrəhim adı çəkilmişdir. Daşın üst tərəfində “bu qəbir Lahıclı tüfəngsaz usta mərhum Əbdürrəhimindir” sözləri yazılmışdır.
Azərbaycanın sənət inciləri içərisində sənətkarlarımızın toxuduqları xalçalar da əsas yer tutur. Azərbaycan əhalisi tarixən xalça, palaz, kilim istehsalı ilə də məşğul olmuşlar. İsmayıllının Qalacıq, Lahıc, Topçu, Hacıhətəmli, Qurbanəfəndi kimi kəndlərində xalça-palaz istehsalı yayılmışdı.
Azərbaycan sənətkarlarının hazırladıqları gözəl-incə sənət nümunələri Azərbaycan muzeyləri ilə yanaşı bir çox ölkələrin muzeylərini də bəzəyir. 1319-cu ildə usta Yusif Əhməd oğlunun hazırladığı bədii naxışlı kasa indi də Londonda Viktoriya və Albert muzeyində saxlanılır.Usta Əbdüləzizin 1399-cu ildə düzəltdiyi nadir sənət nümunəsi olan tiyan Sankt Peterburqun Ermitaj muzeyinin eksponatları içərisində xüsusi yer tutur. Tiyanın ağırlığı 2 ton, diametri 2,5 metrdir.
Gözəl sənət incilərimizin, mədəniyyətimizin təbliğində təhsil müəssisələrin rolu böyükdür. Çünki, sənətkarlarımızın, sənət nüunələrimizin təbliği gənclərdə vətənpərvərlik hissini gücləndirir, əməyə, sənətə dərin məhəbbət hissi tərbiyə edir. Xalçaçılıq, zərgərlik, bədii tikmə, misgərlik nümunələri ilə tanışlıq gənclərdə bədii zövqü formalaşdırır. Bu zaman məktəblərdə muzeylərin yaradılması da əsas rol oynayır. Şagirdlərin məktəbdə muzey yaradılmasına cəlb edilməsi onlarda mədəniyyətə hörmət, məhəbbət hisslərini gücləndirir. Onlar başa düşürlər ki, sənət nümunələri çox qiymətlidir və böyük zəhmət hesabına başa gəlib. Sənət nümunələrinin toplanaraq muzeylərin yaradılması şagirdlərdə gözəl estetik xüsusiyyətlər yaradır. Tarixi abidələrə, muzeylərə ekskursiyalar da bu sahədə əsas rol oynayır. Gənclər milli sərvətlərimizin, mədəniyyət nümunələrimizin tanıması və qorunmasının mühüm vəzifə olduğnu dərk edirlər. Bu zaman gənclərdə ümumbəşəri mədəniyyətə də hörmət güclənir və onlar dünya mədəniyyətinin şah əsərlərinə biganə qalmırlar. Cəmiyyətin üzvü olan fərdin əldə etdiyi təcrübə, məslək, mənəviyyat, ədalət hissi adət-ənənə və başqa bacarıqların da daxil olduğu mədəniyyət gənclərin günyagörüşünün formalaşmasında əsas rol oynayır. Bu xüsusiyyətlər daha çox təhsil müəsisələrində formalaşır. 2002-ci ildən Azərbaycanın Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunması da mədəniyyətimizin təbliğində əhəmiyyət daşıyır. Şirvanşahlar saray kompleksi və Qız qalası daxil olmaqla İçərişəhər Dövlət tarix-memarlıq kopleksi YUNESKO-nun “ Dünya mədəniyyət irsi” siyahısına daxil edilmişdir. Muğamımızın, aşıq sənətinin, Novruz bayramının, xalçaçılıq sənətinin YUNESKO-nun qeyri-maddi irsi siyahısına daxil edilməsi mədəniyyət tariximizin parlaq səhifəsidir. Bunlar haqqında gənclərimizə məlumatlar vermək təhsil müəsisələrinin mühüm vəzifəsidir. Bu zaman gənclərimiz mədəni, tarixi irsimizin təbliğinin, qorunmasının əsas vəzifə, müqəddəs və mənəvi borc olduğunu anlayırlar. Onlar anlayırlar ki, mədəniyyətimizin, maddi və mədəni mümunələrimizi qorumaq gələcək nəsillərə çatdırmaq onların əsas məqsədləri olmalıdır.


Məmmədova Təranə
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı
tam orta məktəbin müəllimi
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN