Azərbaycanın ictimai – siyasi və mədəni həyatında Şirvan bölgəsinin rolu (tarixi – etnoqrafik araşdırma)

Tarixə nəzər saldıqda görərik ki, Abbasilər xilafətinin zəiflədiyi dövrdə Azərbaycanın quzey torpaqlarında müstəqil Şirvanşahlar dövlətinin meydana gəlməsi mütərəqqi tarixi hadisə idi. Bu dövlətin yaranması Azərbaycanın başqa yerlərində də qədim dövlət ənənələrinin dirçəlməsinə təsir göstərdi (1, s. 206).  

Tarix: 12-2-2015 // saat: 09:59
Azərbaycan mədəniyyətinin maddi və mənəvi qolları özünəməxsus bölgə xüsusiyyətlərinə malikdir. Tədqiq olunan bölgənin XIX-XX əsrin əvvəllərində maddi mədəniyyət, mənəvi mədəniyyət və dünyagörüş dairəsi yüksək inkişaf, məhəlli xüsusiyyət, bəzi spektrlər və səciyyəvi cəhətləri ilə müşahidə olunur. Bu bir tərəfdən bölgənin zəngin maddi və mənəvi irsə, qədim ədəbi − mədəni ənənələrə malik olmasından irəli gəlirdisə, digər tərəfdən də, əlverişli təbii − coğrafi və iqlim şəraitinin üstünlüyü ilə bağlı idi. O cümlədən, daxili və xarici siyasi amilləri də əsas rol oynayan amillərdən hesab etmək olar. Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub –qərbdən onu Muğan və Ermənistan (İrəvan − K.Ə.) vilayətlərindən ayıran Kür çayı ilə, şimal – qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri – müəyyən xətlə, Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini Qazıqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da, Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur (6, s. 5). Tarixə nəzər saldıqda görərik ki, Abbasilər xilafətinin zəiflədiyi dövrdə Azərbaycanın quzey torpaqlarında müstəqil Şirvanşahlar dövlətinin meydana gəlməsi mütərəqqi tarixi hadisə idi. Bu dövlətin yaranması Azərbaycanın başqa yerlərində də qədim dövlət ənənələrinin dirçəlməsinə təsir göstərdi (1, s. 206). Mənbələrin verdiyi məlumata görə, IX əsrin II yarısında xilafətn zəifləməsi nəticəsində Şirvanşahların hakimiyyətinin bərpa edilməsindən sonra yeni hakim sülalənin şərəfinə əl -Yəzidiyyə adını almış qədim Şamaxı (Şəmaxiyə) çox keçmədən “binaları daşdan və gipsdən, axar suları, bağları, seyrəngahları olan” (əl Müqəddəsi) bir şəhərə çevrildi (15, s. 111). Burada şəhərlər orta əsrlərdə digər Şərq ölkələrinə xas memarlıq xüsusiyyəti daşıyırdı. Şirvanda inşa edilmiş binalar − saraylar, iqamətgahlar, məscid və ziyarətgahlar üslub və bədii tərtibat baxımından Şərq sənət ənənələrinin güclü təsirini özündə əks etdirmişdir, bununla yanaşı bu sahədə özünəməxsusluğun qorunub saxlanıldığını da qeyd etmək lazımdır. Tədqiqatçılar orta əsrlərdə Şirvanşahların paytaxtı olan Şamaxının Şirvanın mühüm şəhərlərindən birinə çevrildiyini qeyd edirlər (4, s. 125). Təsadüfi deyildir ki, bölgənin çiçəklənməsi, iqtidadi yüksəlişi və s. məsələləri XIX yüzillikdə yaşayıb −yaratmış el sənətkarı Məhəmməd Zahid Şirvani də öz şeirində qələmə almışdır:
 
Ay ağalar, gəlin bir ərz eyləyim,
Ölkələr sütunu bizim Şirvandı.
Gəzməli yerləri, gen oylaqları,
Bütün bağçaları tamam gülşəndi.
 
Tarixən keşməkeşli həyat yolu keçmiş Şirvan torpağı dəfələrlə yadelli işğallara, basqınlara məruz qalmışdır. Şamaxı, Ağsu şəhərləri dəfələrlə dağıdılmış, yandırılmış, yerlə yeksan edilmişdir. Bu məsələlər dövrünün tarixi hadisələrini öz gözləri ilə görmüş, talan, qırğın və qətllərin canlı şahidi olmuş şairlərin şeir, ağı, bayatı örnəklərində parlaq şəkildə öz əksini tapmışdır. Şirvanın XIX əsrdə yaşamış qadın sənətkarlarından biri Gövhər Şirvaninin şeirində izahlı olaraq deyilir:
 
... Zalım fələk, səni görüm yanasan,
Qanlara boyandı daşı Şirvanın.
Duman gəlib Fit dağını bürüdü,
Bəlalar çəkibdi başı Şirvanın.
 
El şairi Mirzə Aslan oğlu Rəfiyevin şeirlərindəki nümunələrdə ürək yanğısı ilə deyilir:
 
Ay ağalar, sizə tərif eyləyim, 
Bahar olcaq açır gülü Şirvanın.
Bu yaz qara gəlib, millət ah çəkir,
Düşübdür tapırğa eli Şirvanın.
...Top − topxana gəlir Gəncə elindən,
Ermənini dara çəkin dilindən,
Namus, qeyrət, dövlət gedib əlindən,
Gör kimə qalıbdı malı Şirvanın?!
 
Əkinçilik və maldarlıq bölgə əhalisinin başlıca məşğuliyyəti sayılmış, bağçılıq və üzümçülük, arıçılıq kənd təsərrüfatının əsasını təşkil etmişdi. Uzun tarixi dövr ərzində böyük inkişaf yolu keçmiş, yüksək sənətkarlıq cizgilərini özündə əks etdirən Şirvan bölgəsinə məxsus maddi mədəniyyət elementlərinin tədqiqi göstərir ki, bu mədəniyyət Azərbaycan xalqının mədəniyyət sahəsində baş verən mühüm yeniliklərin intişar etməsində əhəmiyyətli dərəcədə rol oynamış, zəngin Azərbaycan mədəniyyətinin formalaşmasında önəmli yer tutmuşdur. Şirvan dövrünün elm, mədəniyyət, sənətkarlıq və ticarət mərkəzlərindən biri olmuşdur. Zəngin xammal mənbəyi, bitki və heyvanlar aləmi müxtəlif sənətkarlıq və təsərrüfat sahələrinin inkişafına şərait yaratmışdır. Bölgədə xalçaçılıq, toxuculuq, ipəkçilik, habelə metalişləmə sənəti − dəmirçilik, misgərlik və zərgərlik, daşişləmə, silahqayırma, dulusçuluq sənətləri yüksək səviyyədə inkişaf etmişdir. Lahıc qəsəbəsi əsasən mis məmulatların istehsalı ilə məşhurlaşmışdı (5, s. 85). IX-XII əsrlər Şamaxısında şüşə istehsalı da çox geniş yayılmışdır. Yararlı xammal ehtiyatına malik olan ustalar şüşə qablarla yanaşı, pəncərə şüşəsi də (XII əsrdən başlayaraq) hazırlamışlar (11, s. 138). Dağlıq Şirvanı açıq səma altında daş əsərlərin memarlıq və memorial muzeyi adlandırmaq olar (13, s. 4). Orta əsrlərdə Şirvanda xalçaçılıq sənəti özünün yüksək inkişaf mərhələsinə çatmış, qədim nümunələr dövrümüzədək gəlib çatmışdır. Belə ki, bölgənin xovlu və xovsuz xalça növləri öz bəzək – naxış xüsusiyyəti və istehsal texnikasına görə bir – birindən əsaslı şəkildə fərqlənmiş, əhalinin ev məişətinin əsas müxəlləfatına çevrilmişdir. Məlumdur ki, xovsuz xalça növlərinə kilim, palaz, şəddə, məfrəş, vərni, heybə, xurcun, xovlu xalça məmulatına isə gəbə, xalı, xalça, canamaz növləri daxildir. Zəngin bədii ornamental xüsusiyyətlərə malik olan Şirvan xalçalarının “Şirvan buta” motivli bəzək nümunəsi ilə yanaşı bala buta, şah buta, badamı buta, çiçəkli buta, gülabdan buta növləri üstünlük təşkil etmişdir. Xalçaçılıq sənətinin əsas istehsal ləvazimatlarından biri olan darağın hazırlanmasında dəmirçilər tərəfindən hasilə gətirilən dəmir dişlərdən istifadə olunurdu. 2010- cu ildə Ağsu ərazisində tapılmış yun darağının dəmir dişləri və qalpaq buna əyani sübutdur. IV sahənin 4- cü kvadratından tapıln dəmir dişlər və qalpaq torpaq altında qaldığından oksidləşərək formasını itirmiş, ağac hissə isə çürüyərək məhv olmuşdur. Tapılmış daraq hissələri həm xalçaçılıq sənətinin tarixini, həm də onun texnologiyası və yayılma arealını izləmək baxımından əhəmiyyətlidir (3, s. 159-160). Bədii − texniki xüsusiyyətlərinə görə Azərbaycanda mövcud olan dörd böyük xalçaçılıq məktəbindən biri də Quba − Şirvan xalçaçılıq məktəbidir. Şirvan xalçalarının 25-ə qədər çeşnisi vardır. Çeşni rəngarəngliyinə görə xalçalar bir − birindən fərqlənir: “Şirvan”, “Şamaxı”, “Ərçiman”, “Mərəzə”, “Şilyan”, “Bəndirumi”, “Namazlıq”. Bölgədə rəngarəng və zəngin xüsusiyyətlərə malik olan tikmə sənəti peşəkar Şirvan sənətkarları arasında geniş yayılmışdır. Qədim ənənələrə malik bədii tikmə sənəti Şamaxı qadınlarının əsas peşələrindən birinə çevrilmişdir. Güləbətin, pilək, zərənduz, təkəlduz, xanduz, pilək, oturtma və muncuqlu bədii tikmə növləri öz orijinallığı ilə seçilərək Şirvan əhalisinin geyim və məişət örtüklərinin əsas bəzəyinitəşkil edirdi. Belə ki, verilən məlumata əsasən, XVII əsrdə bədii parça istehsalının Şamaxı əhalisinin əsas peşələrindən birinə çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir. Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında ..., Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. XIX əsrdə Azərbaycan tikmə sənəti əsasən Şamaxı, ... şəhərlərində cəmləşirdi. Lakin XIX əsrdə Azərbaycan bədii tikmə sənəti başlıca olaraq iki istiqamətdə: Şəkidə − qüllabduzluq, Bakı və Şamaxıda isə güləbətin tikmə üzrə inkişaf edirdi. Güləbətin tikmə üsulu Şamaxı, ... şəhərlərində inkişaf etmişdi. XIX əsrdə zərənduz tikmə ilə daha çox ..., Şamaxı və Lahıcda məşğul olurmuşlar (3, s. 496-500). Orta əsr tarixçiləri də öz əsərlərində Azərbaycanda, xüsusilə ..., Şirvan əyalətlərində əhalinin ipəkçiliklə məşğul olduğunu yazmışlar. Ipək baramasının bolluğu Şamaxını mühüm ipəkçilik mərkəzinə çevirmişdi. O zaman ipək Azərbaycanı “Böyük İpək yolu”na bağlayan bir vasitə, ölkə ixracının başlıca göstəricisi idi. Azərbaycan şəhərləri ..., Şamaxı xilafətin şimal və şərq ölkələrini birləşdirən beynəlxalq ticarət yollarında yerləşirdi (10, s. 43). Şirvanın beynəlxalq ticarət əlaqələri geniş idi, bölgənin Şərqdəki satış bazarlarında nüfuzu və rolunun iqtisadi və siyasi amillərə təsir etdiyini də qeyd etmək yerinə düşərdi. Ərəb mənbələrinin “Şirvan ölkəsinin baş şəhəri” adlandırdıqları Şamaxı o dövrün beynəlxalq əhəmiyyətli ticarət mərkəzlərindən biri sayılırdı. Kontariniyə görə, Şamaxı ipəyi Venesiyada Talaman ipəyi adı ilə tanınırdı. Şamaxıda saya çeşidli toxuma ipək parçalar istehsal edilirdi. Şirvanşah dövlətinin paytaxtı Şamaxıhəm də beynəlxalq ipək ticarəti mərkəzlərindən biri olmuşdur. Şirvanşah dövlətində istehsal olunan ipək Venesiyada, Bursada, Dəməşqdə, Kaşanda, bir sıra başqa ölkələrdəsatılırdı (1, s. 307). Şirvanda şarbaflıq sənəti də qədim tarixə malikdir. Tədqiq olunan dövrdə əksər ailələr öz evlərində şəxsi ehtiyaclarını ödəmək üçün ipək və ya yun parça istehsal edirdilər. Bununla yanaşı ayrı − ayrı şəxslərin xüsusi ipək karxanası da var idi. 1841- ci ilə aid sənədlərin birində Şirvan qəzasında 74 ipək karxanasının olduğu xəbər verilir. K.A.Satuninin yazdığına görə,1895-1896- cı illərdə Basqalda 11 ipək karxanası qalmaqda idi (10, s. 58). Arxeoloqlar tərəfindən ipək parçaların daha erkən dövrə aid qalıqları Azərbaycan ərazisində I əsrə aid Şamaxıda tapılan küp qəbirdə tapılmışdır. Tədqiqatçılar hesab edirlər ki, sufizm müsəlman Şərqinin mədəni və fəlsəfi həyatına böyük təsir göstərən dini –fəlsəfi təlimlərdən biridir. Azərbaycanda, o cümlədən, Şirvanda mövcud olan sufi mərkəzlərindəki epiqrafik materiallar bunu aydın şəkildə sübut edir. Şirvan öz siyasi mövqeyi ilə Azərbaycanın ictimai – siyasi və mədəni həyatında, onun Şərqin müsəlman ölkələri ilə əlaqəsində, Azərbaycanda, eləcə də Qafqazda sufizmin inkişafında əhəmiyyətli rol oynamışdır. Bəlli olduğu kimi Şirvanda sufizmin nəqşibəndilik təriqəti Kürdəmir rayonunda meydana çıxmış və formalaşmışdır. 1847- ci ildə vəfat edən Şeyx İsmayıl Siracəddin Şirvaninin türbəsi Amasiyanın Şamlar məhəlləsindədir. Təsadüfi deyildir ki, Azərbaycanın Şirvan bölgəsinin adını daşıyan Şirvan camesi Amasiyada inşa olunmuşdur. Şeyx İsmayıl Siracəddin Şirvani 9 il Şirvanda sufizmi təbliğ edir. Şeyx İsmayılın vasitəsilə müridizm Azərbaycanda, ... geniş yayılmış və xalqın çar Rusiyasının ağır müstəmləkəçilik siyasətinə qarşı illərlə mübarizə aparmasına rəhbərlik etmişdir (14, s. 165). M.Nemətova göstərmişdir ki, Şirvanşahlar ruhanilərə, xüsusilə müqəddəslərə çox ehtiramla yanaşır, onları dövlətin əsas sütunlarından hesab edirdilər. Ümumiyyətlə, Şirvanşahlar dövlətində övliyalar ictimai – siyasi həyatda böyük nüfuz sahibi olmuş, cəmiyyətdə baş vermiş bir sıra ziddiyyətli məsələləri həll etmək iqtidarında olmuşlar. Məlumdur ki, sufizmin xəlvətilik təriqəti mövcud olmuş, onun ikinci piri Seyid Yəhya Bakuvinin Şirvanşahlar sarayında və cəmiyyətdə böyük nüfuzu olmuşdur. O, Şamaxıda anadan olmuş, 1464- cü ildə Bakıda vəfat etmişdir. Seyid Yəhya Bakuvi kimi şöhrət tapmış görkəmli alimin təriqətin bütün İslam dünyasında yayılmasında çox böyük rolu olmuşdur. Məhəmmədəli Tərbiyət və Abbasqulu ağa Bakıxanov onun Bakıda məscid, mədrəsə, zaviyəsi və qəbrinin olmasını yazsalarda yerini göstərməmişlər. Seyid Yəhya Şirvani həzrətlərindən soruşanda ki, təsəvvüf yoluna necə nail ilmaq olar. O, “təsəvvüf yoluna aclıq, təfəkkür və heyrətlə qovuşulur” − buyurdu (14, s. 39-41). Qeyd etmək yerinə düşərdi ki, göstərilən dövrdə Şirvan əhalisi İslami dəyərlərə üstünlük verir, dinin bütün qayda və qanunlarına sözsüz əməl edirdilər. Məlumdur ki, XII əsrdə yaşayıb − yaratmış şair Əfzələddin Xaqaninin əmisi məşhur təbib və filosof Kafiəddin Ömər ibn Osmanın Şamaxıda − Məlhəm kəndində tibb mərkəzi olmuşdur. Bəzi məlumatlara görə həmin tibb mərkəzi Şərqin məşhur tibb mərkəzlərindən biri − Məlhəm Tibb Akademiyası kimi şöhrət qazanmışdır. Kafiəddin Ömər ibn Osmanın Məlhəmdə yaratdığı Mədrəseyi −Tibb (Tibb Mədrəsəsi) şəfa ocağı dövrünün əhəmiyyətli tibb stasionarı olmuşdur. Səsi, sözü ilə şairlər, xanəndələr, aşıqlar məkanı olan Şirvan bölgəsi Azərbaycanın ədəbiyyat aləminə qüdrətli dühalar bəxş etmişdir. Bədii − fəlsəfi və poetik düşüncə sistemində Əfzələddin Xaqani Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Bədr Şirvani son dərəcə zəngin bir ədəbi irs qoyub getmişlər. Azərbaycan etnoqrafiyası əsərində yazılmışdır ki, Xaqani Şirvani vətəni ana ilə eyniləşdirir: “Şirvan ki, var, ülviyyətin anasıdır” adlandırır. Vətəni sevməyi, onu qorumağı, qoynunda qərar tutmağı xoşbəxtlik sayır. Şirvan söz sənətinin istedadlı yetişdirmələrindən biri olan Bədr Şirvaninin türkcə yaratdığı bədii incilər çox dəyərli, əvəzsiz ədəbi− tarixi nümunədir. Nəsimi və onun kiçik çağdaşı Bədrin, Şirvan torpağının bu iki böyük yetirməsinin yaradıcılığı bu bölgənin Azərbaycan türk mədəniyyətinin başlıca beşiklərindən biri və əsası olduğunu göstərməkdədir (1, s. 348). Şamaxılı Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani dövrünün məşhur səyyah və coğrafiyaşünası, filosof və etnoqrafı olmuşdur. Zeynalabdin Şirvani 1780- ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini Kərbəla şəhərində almış, mükəmməl təhsil almaq üçün isə Bağdad şəhərinə yollanmışdır. Zeynalabdin Şirvani 40 il davam edən səyahəti zamanı İran, Kiçik Asiya, Orta Asiya, Ərəbistan, Sudan, Cənubi Afrika və Hindistanda tədqiqatlar aparmış, bu ölkələrin coğrafi təsvirinə ciddi önəm vermişdir. Şirvan elinin istedadlı alimi Zeynalabdin Şirvani özünün “Riyazüs−səyahət”, (“Səyahətbağçaları”), “Hədaiqüs− səyahət” (“Səyahət bağları”) və “Bustanus−səyahət” (“Səyahət gülzarı”) əsərlərində bu ölkələrin tarixi, etnoqrafiyası, coğrafiya və memarlığı barədə olduqca dəyərli və faktik məlumatlar vermişdir. Şirvan ədəbi aləminin maarifçi təbiət keyfiyyətlərindən irəli gələn mənəvi − əxlaqi, sosial − siyasi və ideya − estetik prinsipləri əsərlərin çalarlarında aydın şəkildə nəzərə çarpır. Əsərləri yüksək elmi və sənətkarlıq səviyyəsində yazılan bu şair və ictimai xadimlərin hər birinin dövrünə görə Azərbaycanın ədəbi fikrinin inkişafında öz yeri vardır. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ədəbi − ictimai aləminə yeni düşüncəli bir ziyalı təbəqəsi gəlməkdə idi. Bu ədəbi − ictimai aləmdə Şirvan bölgəsinin ədəbi mühitinin də önəmli yeri olmuşdur. Bu dövrdə bölgədə S.Ə.Şirvani, M.Ə.Sabir, H.Zərdabi, S.Ünsizadə, M.Hadi və b. qüdrətli yazıçı və şair nümayəndələr yetişmişdilər. Zəmanəsinə görə yeni tipli məktəbi Seyid Əzim Şirvani hələ 1870-1871- ci ildə Şamaxıda açmışdı. Şamaxı ruhani məclisinin nəzdində Səid əfəndi Ünsizadənin təşəbbüsü və vasitəçiliyi ilə 1875- ci ildən fəaliyyətə başlayan “Məclis məktəbi”ndə də dünyəvi elmlərə o dövrdə mövcud olan digər məktəblərə nisbətən geniş yer verilirdi. S.Ünsizadə Şamaxıda məscid və məscid məktəblərini, ruhani məclisini qaydaya salır, eyni zamanda dünyəvi elmlərin yayılması və mənimsənilməsi üçün tədbirlər tökür. Seyid Əzim Şirvani bu məsələ ilə əlaqədar yazmışdır: 
Düşüb ol fikrə kim, Şirvanı darülfünün eyləsin, Qiraətxana açsın, nəşr qılsın elmü ədyani.
Bilibdir kim, cəhalət mayeyi − fəğrü kəsrətdir, Təriqi − elmə tərğib eyləmək vacibdir insani. 
Bu rümuzu guş qıldım ol əzizin öz zəbanından, Açıb dürci − dəhanın eylədi. Belədir əfşani (14, s. 60). M.Ə.Sabir milli− mənəvi həyatın tərəqqi etməsi, cəhalət və nöqsanların aradan qalxması üçün öz şeirləri ilə insanlara hərtərəfli təsir etməyə çalışır, bütövlükdə, ictimaiyyətin əxlaqına mənfi təsir göstərən amilləri sərrast və kəskin bir hədəflə − satira üslubu ilə göstərməyə çalışırdı. Şair maarif və mədəniyyətn yüksəlişini yalnız elmdə görürdü: Elmin izzəti payidar olur, Cəhlin nisbəti canşikar olur; Hər kəs elm oxur, bəxtiyar olur, Millət elm ilə bərqərar olur. 
Oxuyun, əzizlər, oxumaq zamanıdır! Omumaq hər adamın ədəbi nişanıdır! 
Elm ilə sərəfraz olmasaq biz, Cümlədən biniyaz olmasaq biz, Bizdə fəxrü mübahat olurmu? Qeyrilərə müsavat olurmu? (14, s. 127) Sabir satira ilə yanaşı tövsiyə xarakterli şeirlər də yazırdı. 1907- ci lin avqustun 25- dən sentyabrın 5- dək keçirilən II Müəllimlər qurultayının davam etdiyi günlərdə o, “Müəllimlər siyezdi” adlı satirasını Molla Nəsrəddin jurnalına göndərdi: Zənnimcə mənim, iş bu yığıncaqda həmana Bildirki məsail yenə təkrar olacaqdır. Təşkil edəcəklər kişilər məktəbi − nisvan, Qızlar oxuyub cümlə şərəfdar olacaqdır. 
Hər şəhrdə bir məktəbi − sənət açacaqlar, Oğlanlar alıb həndəsə, memar olacaqdır. 
Tətbiq edəcəklər yazını şiveyi − türkə, Sibyan da sühulətlə xəbərdar olacaqdır.
Təsnif olunub tazə kütubtürk dilində, Hər kəs oxuyub elmlə bidar olacaqdır (7, s. 158). M.Hadinin poeziya ilhamı və tərəqqipərvər ruhu ilk növbədə Şamaxı ictimai − ədəbi mühitinin şəhdi − şəkərindən qidalanmışdı. Hadi “Milləti − islamı” darülfünun, ali məktəb açaraq oxuyub, elm öyrənib avropalılar kimi zəfərpərvər olmağa çağırarkən Kürdəmirdə müəllim işləyirdi: Zənciri − əsarətdə yaşar əhli − cəhalət, Məhkumların gün kimi bəsbəlli zəvali. Elm ilə dərağuş olunur şahidi − nüsrət, Elm ilə zəfərpərvər olub avropalı. Biz də düzülək silsileyi − əhli − ülumə − Öyrənmək ilə elm, hünər, fənn, məali. Təşkil edəlim, “əncüməni elmü maarif”, Təsis qılaq “darülfünun”, “məktəbi − ali”! ...Söylər sizə Hadi: oxuyun, milləti − islam! Çalan, çağıran, əsrarəngiz, ruhu qidalandıran Şirvan musiqi sənətini muğamsız təsəvvür etmək olmaz. Qeyri − adi, nüfuzedici və təkrarsız səsi, öz dəst xətti olan Şirvan muğam ustalarının şan − şöhrəti, ad − sanı nəinki Şərqdə, hətta Avropada, uzaq Amerikada belə yayılmış, nüfuzedici səsi ilə müxtəlif millətlərin insanlarını valeh etmiş, dərin ehtiramına səbəb olmuşdur. Bölgənin dünya şöhrətli muğam ustalarının oxuduqları “Şur”, “Rast”, “Mahur”, “Çahargah”, “Bayatı − Şiraz” təkcə ölkəmizdə deyil, bütün dünyada xalqımıza başucalığı gətirmiş, bəşəri şöhrət qazandırmışdır. Bölgənin görkəmli musiqi xadimlərindən olan Əbubəkir Şirvani Şirvanda, hətta bütün Azərbaycanda musiqi sənətinin bilicisi olmuşdur. Musiqi sənətinin nəzəri və əməli cəhətlərinə dərindən bələd olan əvəzsiz musiqişünasın zəngin yaradıcılığından bizə yalnız “Musiqi − İxvanus Səfa” əsəri qalmışdır. Tarix və mahiyyət etibarı ilə dəyərliliyi, məzmunluluğu və təcrübəvi əhəmiyyəti ilə böyük əhəmiyyət kəsb edən bu əsər Azərbaycan xalqının musiqi tarixini öyrənmək baxımından əhəmiyyətli bir əsər hesab edilir. Şirvanın tanınmış el sənətkarlarında biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb−yaratmışdır. Şirvanda musiqi sənəti spesifik xüsusiyyətləri ilə seçilən saz − balaban − nağara və qoşanağara müştərəkliyi ilə seçilir və mükəmməl bir kompleks təşkil edir. Azərbaycan musiqi sənəti sahəsində özünəməxsus yeri və siması olan Şirvan aşıq mühiti orijinal və ənənəvi ifa tərzinə malik olan aşıq mühiti hesab olunur. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şirvan bölgəsinin aşıq sənəti qədim kökləri və milli koloriti özündə əks etdirən bir mədəniyyət örnəyidir. Bölgənin özünəməxsus xüsusiyyətləri və spesifik cəhətləri ilə seçilən aşıq söz sənətinin müstəsna cizgilərə malik olmasının genetik səbəbləri vardır. Bu min illik şərəfli tarixə malik Şirvanşahlar dövlətinin qədim ədəbi – mədəni ənənələrə malik olmasından irəli gəlirdi. Əsrlərdən bəri süzülüb gələrək folklor dünyamızın əsas rüşeymini təşkil edən ozan sənətimiz bölgənin hər bir guşəsinin bədii söz sənətini özündə əks etdirir. Tədqiqatçılar hesab etmişlər ki, orta əsrlərdə Anadolu və Anadolu ətrafı ərazini əhatə edən aşıq məktəbindən qaynaqlanan bu sənət Azərbaycanın şimal, qərb və cənub hissəsinə yayılır və üç məşhur məktəbin timsalında davam edir ki, bu da Təbriz, Borçalı və Şirvan məktəbləridir. S.Qəniyevə görə Şirvan ozan−aşıq sənətinin (mühitinin) özünəməxsusluq sima kəsb etməsində əsas rol oynayan cəhətlərdən biri də bu regionda xüsusi inkişafa malik sufi − təkkə ocaqlarının, təsəvvüf – irfan ədəbiyyatının təsiridir. Həmin təsirlə qaynaqlaşıb yoğrulmuş Şirvan aşıq mühitini və sənətini başqa mühit və sənətlərdən seçdirən, özümləşdirən ən başlıca cəhət də, bizcə, elə bu təsirlə izah olunmalıdır. Şirvanın bir çox bölgələrində yurd tapmış sufi ocaqlarının üzvləri el məclislərində iştirak edir, aşıqlarla görüşür, ünsiyyətdə olurdular. Bu sufi dərviş ocaqlarının Şirvan aşıq mühitinə təsiri böyük olmuşdur. S.Qəniyev yazır: Şirvan aşıq mühitində təsəvvüf –aşıq münasibətləri qarşılıqlı təsir xarakteri daşımışdır. Belə ki, sufilər təriqət görüşlərini yaymaqdan, kütləviləşdirməkdən ötrü el məclislərinə, el sənəti olan aşıqlığın kütləvi təsir gücünə üz tutmuşlar. Eləcə də aşıqlar öz sənətlərinə ilahi – irfani boya, güc, təsir verməkdən ötrü təsəvvüf təsirinə meylli olmuşdur.Ümumiyyətlə, bölgənin şair, xanəndəvə aşıq yaradıcılığında sufizm və hürufilik ədəb −fəlsəfi düşüncəsi əsas istiqamətlərdənbiri kimi formalaşmış və ideya fəlsəfi düşüncə sistemində əsas məzmuna çevrilmişdi. Məlumdur ki, XIX əsrin ortalarında Peterburq Rəssamlıq Akademiyasının prezident müavini Q.Q.Qaqarin Azərbaycanın bir sıra bölgələrində, o, cümlədən Şirvanda −Şamaxıda olmuş, gözəl sənət əsərləri yaratmışdır. Onun “Şamaxı rəqqasəsi” adlı tablosu Şirvanın mahir musiqi ifaçıları, rəqqasələri haqqında etnoqrafik məlumat toplamaq baxımından dəyərli sənət əsəri hesab edilə bilər. Ümumiyyətlə, Şamaxıda olan digər səyyahlar da, xüsusən Avropa səyyahları da Şamaxı rəqqasələrini gözəl, yüksək qiymətləndirmiş, onların incə və peşəkar rəqslərindən bəhs etmişlər. Qonaqpərvərlik adəti Şirvan bölgəsi əhalisinin mənəvi dünyasında, məişətində daima əhəmiyyətli və ənənəvi səciyyə daşımışdır. Şirvanın mühüm şəhərlərindən birinə çevrilmiş Şamaxı şəhəri keçmişdən ta bu günümüzədək Avropa, Rusiya, Şərq, Mərkəzi Asiya və Qazaxıstandan gəlmiş səyyah, tacir və alimlərin səyahət etdikləri şəhər olmuşdur. Mövcud elmi araşdırmalar, ümumiləşdirilmiş əsərlər və dəyərli mənbələr onu deməyə əsas verir ki, Şirvan ərazisi qədim mədəniyyət mərkəzlərindən biri olaraq, zəngin və çoxəsrlik mədəniyyəti ilə nəinki Azərbaycanda, eləcə də, qədim Şərqin iqtisadi və mədəni həyatında ənənəvi rolunu və əhəmiyyətini itirməmişdir. Mövzunun ayrıca elmi problem kimi araşdırılmasına baxmayaraq, toxunulan məsələlərin ümumiləşdirilməsi və tədqiqat obyektinin müxtəlif aspektdən araşdırılması baxımından maddi və mənəvi mədəniyyətimizin öyrənilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Əsər işlənilərkən dəyərli mənbələrdən, arxeoloji və ədəbiyyat materiallarından, mövzuya həsr olunmuş ümumiləşdirilmiş əsərlərdən istifadə olunması, bölgənin müxtəlif rayonlarından toplanılan çöl − etnoqrafik materiallarının tədqiqata cəlb edilməsi də əhəmiyyətli və vacib faktorlardan biridir. Bölgədə hökm sürən dini vəziyyətin araşdırılması, mənəvi – ideoloji həyatda baş verən təbəddülatların təhlil olunması mənəvi mədəniyyətin tərkib hissəsi kimi din sferasının öyrənilməsinə müsbət təsir göstərə bilər. Maddi mədəniyyət elementlərinin araşdırılıb, incələnməsi isə tarixin müəyyən dönəmlərinin öyrənilməsi yönündə önəmli faktorlardan biridir.
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
 
1. Azərbaycan tarixi. (uzaq keçmiştən 1870- ci illərə qədər). Bakı, 1996.
2. Azərbaycan etnoqrafiyası. 3 cilddə, I cild. Bakı, 2007.
3. Ağsu şəhəri orta əsrlərdə. 2010- cu ilin tədqiqatları. Tarixi − arxeoloji araşdırma. II buraxılış. Bakı, 2010.
4. Aşurbəyli S. Şirvanşahlar dövləti. VI-XVI əsrlər. Bakı, 2006.
5. Ализаде Айна-Ханум. Лагич. Историко − этнографическое исследование. Баку, 2010. 
6. Bakıxanov A. Gülüstani - İrəm. Bakı, 1951. 
7. Bayramoğlu A. Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından mart 1918- ci ilə qədərki ədəbi mühit). Bakı, 1997.
8. Əsədli K. XIX-XX əsrin əvvəllərində Şirvanda dini görüşlər (Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir rayonlarının materialları əsasında). Pedagoji Universitet Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2011, № 5. 
9. Əsədli K. XIX-XX əsrin əvvəllərində Şirvanda ayinlər və mərasimlər (Ağsu, Şamaxı, Kürdəmir və Göyçay rayonlarının materialları əsasında). Pedagoji Universitet Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2012, № 2.
10. Əmrahov M. Böyük İpək Yolu. Bakı, 2011. 
11. Göyüşov R. Azərbaycan arxeologiyası. Bakı, 1986.
12. Mustafayev A. Şirvanın maddi mədəniyyəti. Bakı, 1977.
13. Мустафаев А.Н. Обработка камня в Ширване. Баку, 1986.
14. Nemət M. Azərbaycanda pirlər. Bakı, 2010. 
15. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
 
Konul Asadli
The role of the Shirvan province social − political and cultural life of Azerbaijan (historical-ethnographic research) 
SUMMARY 
Shirvan, with  territory, size and population, has occupied during the past centinues to occupy, the position in all of the Azerbaijanius. In the Middle Ages were considered highly Shirvan city industrial and commercial centers. According to Arab sources Shirvan − the main city of the country's Shamakha has been an international trade center at the time. The state capital Shirvanshahs − Shamakha has also become a center for international silk production. One of the most ancient types of the trade in Shirvan was stone working. Pottery is one of the oldest types of crafts. The paper also contains interesting information about such crafts as metalworking, pottery, carpet weaving. In the article also extensively deals with the famous musicians, peoples ashugs − tutofs, mughams and other king of the folk art. This volume briefly considers the formation and periods  of the development the Shirvani literature, as well as creative work of  its outstanding representatives. At the same time, a considerable place is given to the folklore. It is known that during this period in the studying zone – Islam, being the leading religion, had a very strong influence. Primitive rituals and ceremonies were influenced by Islam, and thus were subyect to Islamization. In the article is given information on the indicated period characteristic for Shirvan to which suffism made religious cultural influence. An interesting information about feasts which are esteemed since ancient period by the these regions are given in this work. 
 
Асадли К.Х. 
Роль Ширванской зоны общественно − политической и культурной жизни Азербайджана (историко − этнографическое исследование) 
РЕЗЮМЕ         
Ширванская зона по величине территории  и по численности  населения   веками  занимал и продолжает занимать приоритетную позичию на всем Азербайджане. В период средневековья Ширванские города считались высокоразвитыми ремесленными и торговыми центрами. По арабским источникам Ширван – главный город страны Шамаха была международным торговым центром того времени. Столица государства Ширваншахов – Шамаха стала также центром международного шелкового производства.   Одним из древнейших видов ремесла в Азербайджане была обработка камня. Гончарство, является одним из древнейших видов ремесла. В работе имеются интересные сведения также о таких видах ремесла как металлообработки, гончарство, ковроткачества. В статье ведется обстоятельный разговор об известных музыкантах, о пылких народных ашугах − наставниках, мугамах и других видах народного творчества. В работе вкратце рассмотрены становление, этапы развития Ширванской литературы, творчество ее видных представителей, отведя при этом значительное место фолкьлору. Как известно, в указанный период в изучаемой зоне – ислам, являясь ведущей религией, имел весьма сильное влияние. Первобытная религия и поверья находились под влиянием ислама, и тем самым были подвержены исламизации. В статье также даны сведения об указанном периоде, характерные для Ширванского региона, на которые суффизм оказывал религиозно − культурное воздействие. Даны интересные сведения о пирах, издревле почитаемые народом. 
 
Könül Əsədli
Tarix üzrə fəlsəfə doktoru

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN