Şamaxıda Azərbaycan Gəncləri Günü qeyd edilib

Tarix: 3-2-2015 // saat: 08:58
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxı rayonunda 100-dən çox gənclə görüş keçirilmişdir. Görüş iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi, xalqımızın Ulu Öndərinin xatirəsini dərin ehtiramla yad edərək Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində davam edən gənclərlə görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev onları əlamətdar gün münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, Azərbaycanda bu gün həyata keçirilən və yüksək nəticələr verən gənclər siyasətinin əsası ötən əsrin yetmişinci illərində qoyulub desək, heç də yanılmarıq. Çünki məhz Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra respublikada bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün münbit şərait yaradıldı. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyev xalqın istəyi və təkidilə hakimiyyətə qayıtdıqdan sonra dövlət gənclər siyasəti öz işinə başladı. Natiq qeyd etmişdir ki, 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 fevral–Azərbaycan Gəncləri Günü”nün elan edilməsi haqqında Sərəncam imzalamışdı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. Bu, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Natiq tədbir iştirakçılarına bildirmişdir ki, bu gün də ölkə başçısı tərəfindən gənclərimizə xüsusi diqqət və qayğı göstərilir. Belə ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 26-da imzaladığı Sərəncam bu diqqətin bariz nümunəsidir. Bu strategiya bir çox dövlət təşkilatları, həmçinin vətəndaş cəmiyyəti institutları qarşısında mühüm öhdəliklər qoyur. Yüksək dəqiqliklə hazırlanan Strategiya gənclərin sosail rifahının yaxşılaşdırılması istiqamətində müstəsna rol oynayacaq. Ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlərdən danışan icra hakimiyyətinin başçısı idmanın inkişaf etdirilməsinin və kütləviliyinin artırılmasının əhəmiyyətini, mötəbər, beynəlxalq yarışlarda gənclərimiz tərəfindən Azərbaycan bayrağının yüksəkliklərə qaldırılmasından hər birimizin qürurlandığını diqqətə çatdırmışdır. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir. Dövlət Proqramının icrası istiqamətində bütün regionlarda olduğu kimi rayonumuzda da gənclər evinin inşasına başlanılacaqdır. Ümidvarıq ki, yaxın gələcəkdə “Gənclər evi“ sizlərin istifadəsinə veriləcəkdir. Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin direktoru İlqar Əfəndiyev, “Vətən var olsun” İctimai Birliyinin sədri Vasif Şıxıyev, Şəhər 9 saylı tam orta məktəbin təşkilatçı müavini Mətanət Daşdəmirova və rayon fəalları öz çıxışlarında ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını qeyd etmişlər. Vurğulanıb ki, gənclərimiz Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, ölkəmizin sürətli inkişafı naminə səylərini birləşdirərək Prezident İlham Əliyevin etimadını daim doğrultmağa çalışmalıdırlar. Görüşdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur. Sonda gənclərlə xatirə şəkli çəkilmişdir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN