"Qafqaz evi": regional əməkdaşlığın yaradılması və perspektivləri

Tarix: 27-1-2015 // saat: 20:09
XXI əsrdə Qafqazda yeni nüfuz dairələrinin bölünməsi uğrun­da kəskin geosiyasi mübarizə genişlənməkdədir. Həm qonşu, həm də uzaqda olan böyük dövlətlərin bu regiona olan kəskin marağının səbəbi, burada zəngin təbii sərvət­lərin, əsasən də neftin və qazın olması ilə yanaşı, Qafqazın geostrateji vəziy­yətidir.
Cənubi Qafqazda müstəqil dövlətlərin yaradılması ilə ABŞ bu regionu öz maraq dairəsi elan edərək, burada öz nüfuzu uğrunda mübarizə aparacağını nümayiş et­dirdi. Vaşinqton Gürcüstanla Azərbaycan arasında elə də fərq qoymur. ABŞ hər ikisinə mühüm strateji partnyor kimi baxır. Ermənistan isə regionda Rusi­ya­ya verilmiş “kredit” kimi baxılır.
Rusiya öz növbəsində regionda itirilmiş mövqelərini bərpa etmək üçün hər vəch­lə Qərbin Cənubi Qafqaz istiqamətində genişlənməsinin qarşısını almağa çalışır. Rusi­ya özünün regionda geostrateji məqsədlərinə nail olmaq üçün, ənənəvi olaraq Cənu­bi Qafqazda qeyri-sabitliyin mərkəzi olan Ermənistana - öz müttəfiqinə arxa­la­nır. Digər tərəfdən Rusiya Azərbaycanda Qarabağ, Gürcüstanda isə Ab­xa­ziya və Cənubi Osetiya münaqişələrindən istifadə edərək bu ölkələrdə öz nüfu­zu­nu qorumağa və artırmağa çalışır.
Beləliklə, XX əsrin 90-cı illərində Qərb-Şərq geosiyasi qarşıdurmasının yavaş-yavaş Aralıq dənizinin şərqindən Xəzər regionuna keçməsi prosesi başladı və ön pla­na bir tərəfdən ABŞ və NATO-nun, digər tərəfdən Rusiya və İranın geostrateji im­pe­ra­tivləri çıxdı.
Məlum olduğu kimi, Azərbaycana mövcud vəziyyətdə Türkiyə, Gürcüstanla bəra­bər Avro-Atlantik bloka çıxışı təmin edirlər. Bu mənada Azərbaycanın hərbi-siya­si təhlükəsizliyinin təmin edilməsində bu dövlətlərin müstəsna qiymətini çətin­lik­lə təyin etmək olar. Ankarada Gürcüstana öz növbəsində mühüm tranzit öl­kə kimi baxılır. Hal-hazırda isə Türkiyə nəinki Azərbaycanın, həmçinin Gür­cüs­ta­nın mühüm iqtisadi partnyoru sayılır. Beləliklə də, Türkiyə-Gürcüstan-Azər­­baycan “üçbucağı”gündəmdədir.
Rusiya ilə maraqları üst-üstə düşən İran İslam Respublikası da Qafqazda öz nüfu­zunu artırmağa çalışır. Beləliklə, XXI əsrdə Qafqazda geostrateji mər­kəzlər arasında geosiyasi rəqabət genişlənməkdədir. 
SSRİ-nin süqutu ilə Qafqaz bölgəsi bir sıra ciddi beynəlxalq  və dövlətlərarası mü­na­qişə ocağına çevrildi. İndiyədək keçmiş çar və sovet Rusiyasından miras qalmış et­­nik separatizmdən (Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cə­nu­­bi Osetiya, Şimali Qafqazda Çeçenistan və b.) Qafqaz bölgəsi xilas ola bilmir və ha­zır­da etnik münaqişələrin ən qaynar nöqtələrindən, sülh və təhlükəsizlik üçün nara­hat bölgələrdən biri olaraq qalır. Bu isə bölgə dövlətləri və xalqları arasında iqtisadi və mədəni inteqrasiyanı məhdudlaşdırır. Qafqazda münaqişə və qarşıdurmalar əsasən iki respublikanın ərazisində gedir: Azər­baycan və Gürcüstan respublikalarının, milli-et­­nik zəmində baş verən bu müna­qi­şə­lərin həlli hər iki respublikanı müxtəlif dip­lo­ma­tik cəhdlər qarşısında qoymuş, onla­rın iqtisadi inkişafına böyük sədd çəkmişdir. Er­mə­­nistan etnik təmizləmə siyasəti ilə özünü birdəfəlik bu problemdən azad etmişdir.
Lakin yeni müstəqil dövlətlərin siyasi elitaları bir faktı qəbul edirdilər ki, onla­rın təhlükəsizliyinə bir-birindən ayrılıqda baxıla bilməz. Qafqazda təhlükəsizlik siya­sətinin yaradılmasının əsas iştirakçıları bir tərəfdən Qafqazın müstəqil dövlətləri olan Azərbaycan, Gürcüstan və Ermənistandırsa, digər tərəfdən regionla qonşu və bura­da maraqları olan dövlətlər və beynəlxalq təşkilatlar – Rusiya, Türkiyə, İran, ABŞ, BMT, ATƏT, MDB, GUAM və NATO-dur. 
Qeyd etmək lazımdır ki, regionda mürəkkəb geosiyasi oyunun getməsi ilə ya­na­şı, qabarıq şəkildə real iqtisadi və mədəni maraqlara əsaslanan proqmatik əlaqələr sis­teminin qurulması elementləri nəzərə çarpır. Bu, ilk növbədə Azərbaycan ilə Gür­cüs­tan arasındakı qarşılıqlı münasibətlərə aiddir. Belə ki, GUAM-da birgə üzvlülük, bir neçə regional lahiyələrdə əməkdaşlıq, o cümlədən TRASECA (Avropa-Qafqaz-Asi­­ya nəqliyyat dəhlizi) proqramı çərçivəsində, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərlərinin tikilməsi və istifadəsində, Bakı-Tbilisi-Ərzurum qaz kəmə­rinin tikilməsində, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və s. həyata keçiril­mə­sindəki əməkdaşlıqları birbaşa Qafqazın, o cüm­lədən Azərbaycanın, Gürcüstanın mil­li təhlükəsizliyi, xalqlarımızın rifahı ilə yana­şı, region ölkələrinin, ilk növbədə Qaf­qaz ölkələrinin  iqtisadi və mədəni inteq­rasi­ya­sı, regional əməkdaşlığı sürət­lən­dir­mək­lə, sülhün, əmin-amanlığın, sabitliyin möh­kəmlənməsinə yönəldilmişdir. Bu isti­qa­mətdə strateji əməkdaşlıq Azərbaycan, Gür­cüstan və Türkiyə Respublikaları ara­sın­da bağlanmış Trabzon sazişi ilə bər­ki­dil­miş­dir. XXI əsrdə dün­ya­nın bir çox dövlətlərini, o sıradan Qafqazı vahid iqtisadi məkanda birləşdirmək, Qaf­qa­zın Asiya ilə Avropa arasında iqtisadi və mə­dəni körpü rolunu həyata keçirtmək bu proq­ramların ana xəttini, leytmotivini təş­kil edir.
Regional əməkdaşlıq, Cənubi Qafqaz ölkələrinin inteqrasiyası termini yerli və xari­­ci siyasətçilərin, siyasətşünasların leksikonuna XX əsrin 90-cı illərinin ikinci yarısın­da girmişdir. Yəni, bu, münaqişəli zonalarda atəşkəs rejiminə keçdikdən və Azər­baycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra mümkün oldu.
Qafqazda əmin-amanlıq və sabitlik konsepsiyasının əsasını dövlətlərarası müna­sibətlərin aşağıdakı prinsipləri təşkil edir:
- dünya birliyi tərəfindən tanınmış sərhədlər çərçivəsində dövlət suverenliyinin bər­pa olunması;
- hər zaman və hər yerdə insan hüquqlarının müdafiə olunması;
- nəqliyyat və digər kommunikasiya növlərinin birgə qorunması;
- təbiətin qorunması və təbii fəlakətlərin aradan qaldırılması sahəsində əmək­daş­lıq;
- etnik və dini dözümlülük;
- Qafqazla bağlı beynəlxalq layihə və xarici sərmayələrin hər­tərəfli dəstək­lən­mə­si.
Əməkdaşlığın belə bir çoxbucaqlı forması son nəticədə regionda kollektiv təh­lü­kəsizliyin təmin olunmasını gerçəkliyə çevirə bilər. Mühüm fakt odur ki, Cənubi Qaf­qazın Avropa ilə Asiya, Şimal ilə Cənub və Qərb ilə Şərq arasında dağıdılmaz kör­pü­yə çevirilməsi üçün təqdim olunmuş mexanizm ən azından iki Cənubi Qafqaz döv­lə­ti - Azərbaycan və Gürcüstanın təhlükəsizlik sistemlərini formalaşdırmışdır.
Son zamanlar Qafqaz xalqları və onların qonşuları üçün sülh və təhlükəsizliyi təmin edən strukturun yaradılması ideyası yerli və xarici siyasətçilərin və ekspertlərin ağıl­larını məşğul edir. Onların çoxları belə düşünürlər ki, Şimali və Cənubi Qaf­qa­zın coğrafi, tarixi və mədəni kökləri nəinki bir-birilə bağlıdır, hətta bütövlük təşkil edir. Qafqazda regional əməkdaşlıq ideyası haqqında ilk dəfə 1990-cı il­lə­­rin ortalarında Vaşinqtonda söhbət açıldı. Məhz o zaman Z.Bjezinski kimi mütə­xəs­sis­lər Cənubi Qafqaza yüksək maraq göstərməyə başladılar, xüsusilə də Azərbaycana xü­susi diqqət verdilər. Qafqazda regional əməkdaşlıq ideyası müxtəlif modi­fi­ka­si­ya­lar şəklində yavaş-yavaş Avropaya ixrac olundu və nəticədə regional sabitlik və ya re­gional təhlükəsizlik haqqında saziş və digər bu kimi müxtəlif teoriya və formullara çev­rildi.
Qafqaz üçün bir neçə regional əməkdaşlıq modeli nəzərdən keçirildi:                    
1. Balladyur stabillik paktı: Fransa tərəfindən Avropa Birliyinə təklif olunmuş pakt 1994-cü ildə meydana gəldi. Qafqaz üçün bu modelin variantı belədi ki, AB-nin bö­­­yük köməyi və ona inteqrasiya olması ilə Azərbaycan, Ermənistan və Gürcüstana Qa­­ra­bağda və Abxaziyada münaqişələrin həllinə stimullar təklif olunur. Bu, AB-Er­mə­­nistan-Azərbaycan-Gürcüstan birgə sammitinə gətirib çıxartdı. 1999-cu ilin iyu­nun 22-də Lüksemburqda keçirilən tədbirin yekun bəyannaməsində qeyd olunurdu ki, möv­­cud münaqişələr “hər üç dövlətin siyasi və iqtisadi inkişafına maneçilik törə­dir”.
2. Balkanlarda stabillik paktı: AB, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan, Ermə­nis­tan, Gürcüstan, həmçinin digər Qara dəniz və Xəzər dəniz ölkələri və beynəlxalq təş­­kilatları regional siyasətə və əməkdaşlığın inkişafına dair geniş dialoqa girirlər.
3. Avropa Birliyinə virtual üzvlük ideyası: Yəni Avropa Birliyi özünün iqti­sa­di, maliyyə və təhlükəsizlik sahələrində Gürcüstanın, Ermənistanın və Azərbaycanın in­teq­rasiyasına aktiv yanaşır, və həmçinin regionun etnosiyasi münaqişələrinin həlli üçün konstitusion paketlər təklif edir.
4. Türkiyənin qəbul edilməsi ilə AB Qafqaz istiqamətinə doğru genişlənir. Rusi­ya isə regionun inkişafı, təhlükəsizliyi və sabitliyi kimi ümumi məsələlər işində öz əməkdaşlığını genişləndirir.
Nəhayət, 2000-ci ilin mayında Avropa siyasətinin tədqiqat mərkəzi beşinci mo­de­li təklif etdi: 
- Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin həll olun­ma­­sı, 
- ATƏT-in himayəsi altında regional əməkdaşlıq rejimi,
- Cənubi Qafqaz birliyinə təşəbbüs göstərmək,
- AB və Rusiya arasında “əməkdaşlığın cənubi məkanının” inkişafı,
- “Qara dəniz iqtisadi əməkdaşlığı” təşkilatının rolunun artırılması,
- Neftqaz sahəsində qarşılıqlı əməkdaşlığın leqal strukturasının təkmil­ləş­di­ril­mə­­si.
Teoretik olaraq bütün qeyd olunan modellər çox maraq doğurur, lakin onların prak­tik istifadəsi problemli olaraq qalır. Beləliklə, həm Şimali, həm də Cənubi Qaf­qaz­da sülhün, sabitliyin, iqtisadi, siya­si və sosial tərəqqinin dəstəklənməsi üçün yeni regi­onal təşəbbüsə kəskin ehtiyac var­dır. 
Qafqazın inkişafı yolları haqqında gedən geniş müzakirələr üç Cənubi Qafqaz ölkə­­lərinin və Şimali Qafqaz xalqlarının reaksiyasına səbəb oldu. Hələ 1989-cu ildə Qaf­qaz Dağlı Xalqlarının Assambleyası yaradıldı və 1991-ci ildə bu, Qafqaz xalq­la­rı­nın Konfederasiyasına çevrildi. Əsas məqsədlərdən biri Qafqazda dağlı xalq­­la­rının suveren dövlət kimi bərpa edilməsi, yəni 1918-ci ildə yaradılmış Dağlı Res­­publikasına bənzər qurumun yaradılması idi. Lakin konfederasiyadakı struk­tur dəyişikliyi edil­məsindən sonra onun qəti antirus istiqaməti seçməsi bir sıra xalq­ları ondan uzaq­laş­dır­dı. Bununla da ilk parçalanma baş verdi. Konfederasiyada baş­lıca rol çeçen xalqı­nın nümayəndələri və onların lideri C.Dudayevin əlinə keçdi. Əsa­sən çeçenlərdən təş­kil olunmuş Konfederasiya qoşunları gürcü-abxaz müharibəsi döv­ründə Abxaziya tərə­findən döyüşlərə qatıldı. Bu və digər səbəblər Kon­fe­de­ra­si­ya­nı gözdən saldı. Artıq 1992-ci ilin yayından etibarən Konfederasiya rəhbərləri ara­sın­da ciddi ixtilaflar yaran­dı və Birinci Rus-çeçen müharibəsinin başlanması ilə demək olar ki, o tam fəaliy­yətsizləşdi.
Lakin “Qafqaz evi” ideyası üzərində iş Azərbaycanda və Gürcüstanda uğurla həya­­ta keçirilməyə başlandı. 1992-1993-cü illərdə Gürcüstan prezidenti Eduard Şevar­d­­nadze “Ümumi Qafqaz evi” ideyasını önə çəkdi. Bir neçə ildən sonra bu ideya “Dinc Qaf­qaz uğrunda” təşəbbüsə transformasiya olundu. Regional əməkdaşlıq haq­qın­da istənilən təklifə Azərbaycanın reaksiyası müsbət oldu.
Bu ümumbəşəri probleminin həll olunması yolunda Qafqazda və dünyada sül­hün böyük tərəfdarları Heydər Əliyevin və Eduard Şevardnadzenin müstəsna xidmət­lə­rinin ol­ma­sını xüsusilə qeyd etmək lazımdır.
“Qafqaz evi” qurumunun yaradılmasında ağırlıq mərkəzinin Azərbaycan-Gür­cüs­tan münasibətləri müstəvisinə keçməsi aşağıdakı amillərlə bağlıdır:
- Hər iki respublika müstəqil Qafqaz dövlətidir;
- Hər iki respublikanın həll etməli olduğu problemlər, xüsusilə ölkənin ərazi bü­­töv­­lüyü məsələsi analoji cəhətdən oxşardır, həlli yolları da xarici amillərlə bağlıdır;
- Hər iki dövlətin Avropa inteqrasiya proseslərinə qoşulmaq istəyi və real­laş­ma­sı yollarının təxmini eyniliyi;
- Hər iki respublikanın Rusiyanın nüfuzu dairəsindən uzaqlaşmağa çalışması.
Ümumiyyətlə, Azərbaycan-Gürcüstan strateji əməkdaşlığının əsas məq­səd­lə­rin­­dən biri də məhz Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Bu ba­xım­­dan Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin mart ayında Gür­cüs­ta­na sə­fə­ri böyük əhəmiyyət kəsb etdi. Tbilisi görüşü iki dövlət arasında olan ənə­­nəvi əla­qə­lərin modernləşdirilməsində, yeni məzmunla zənginləşdirilməsində mü­hüm mər­hə­lə­yə çevrildi.  Səfər çərçivəsində hər iki dövlət başçıları Qaf­qaz­da sülhün və təh­lü­kə­siz­liyin yaradılması yolunda fikir və görüşlərini birləşdirə bil­di­lər. Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı bir çox sənədlərlə yanaşı, “Qaf­­qaz­da sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” birgə Bəyannamə də imza­lan­dı. Bu bəyannamə H.Əliyevin təklifi ilə “Tbilisi Bəyannaməsi” adını aldı və “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin baş­lanğıcını qoy­du. Sənədin əhəmiyyəti ikitərəfli münasibətlərdən çox-çox kənara çıxır. Ümumi rəyə görə, həmin sənədin həyata keçirilməsi bütün Qafqaz xalqlarının taleyinə həl­ledi­ci təsir göstərə bilər. Bəyannamədə regionda sülhün, sabitliyin və təhlükəsizliyin möh­kəm­lən­mə­si­nin ümumi məqsədlərinə sadiqlik, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və on­lara qarşı yönəlmiş hər hansı qəsdə yol verilməməsi, suverenlik, ərazi bütövlüyünə, sər­hədlərin toxunulmazlığı, zor işlətməmək və ya zor işlətməklə hədələməmək, bir-biri­nin daxili işlərinə qarışmamaq prinsiplərinə riayət edilməsi, region dövlətlərinin ərazi­lərində bütün mübahisələrin və silahlı münaqişələrin sülh yolu ilə nizama salın­ma­sına sadiqlik, separat hərəkatların, terrorizmin bütün forma və təzahürlərinin yol­veril­məzliyi, MDB, QİƏT və Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı və bəra­bər­hüquqlu ikitərəfli və çoxtərəfli əməkdaşlığın zəruriliyi, region ölkələrinin Avropada geniş əməkdaşlıq məkanı ilə tədricən yaxınlaşması və mərhələlərlə, ardıcıl olaraq açıq beynəlxalq sistemə inteqrasiya olunması qeyd olunurdu. Tbilisi bəyannaməsinə görə, regionda sülhün və təhlükəsizliyin yaradılması üçün aşağıdakıların təmin edilməsi zəruridir:
- dövlətlərin suverenliyinin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin hamı tərəfindən tanınması, ərazi bütövlüyünün təmin edilməsi, qaçqınların təh­lükə­siz­likləri təmin olunmaqla yaşayış yerlərinə qaytarılması;
- insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmət edil­məsi;
- nəqliyyat və digər kommunikasiyaların daha da inkişafı və onların təh­lükə­siz­li­yi sahəsində əməkdaşlıq;
- Qafqazın nadir təbiətinin məsələlərində, təbii fəlakətlərin və silahlı müna­qi­şə­lə­rin nəticələrinin aradan qaldırılmasında, beynəlxalq turizmin inkişafında hərtərəfli əmək­daşlıq;
- etnik və dini dözümlülük;
- beynəlxalq layihələrin fəal dəstəklənməsi, xarici investisiyaların cəlb edilməsi və təş­viqi.
Beləliklə, bəyannamə mühüm siyasi-hüquqi sənəd kimi dinc və sabit Qafqaz uğrun­da ümumi hərəkatın ilk addımı oldu. Digər tərəfdən Qafqaz milli-azadlıq hərə­ka­tı tarixində ilk dəfə idi ki, dövlət başçıları səviyyəsində belə bir mühüm sənəd im­za­la­nırdı. E. Şevardnadze demişdir: “Qafqazla həmişə BMT, ATƏT, MDB kimi nü­fuz­lu beynəlxalq təşkilatlar məşğul olmuşlar. Ancaq indiyə qədər Qafqaz amilinin özü­nü hərəkətə gətirmək mümkün olmamışdır. Zənnimcə, bizim  bu təşəbbüsümüzün dəyə­ri məhz ondadır ki, Qafqazda yaşayan bütün dövlət və xalqları hərəkətə gətir­mə­yə imkan verəcəkdir”. Gürcüstan-Azərbaycan bəyannaməsinin hər bir maraq­lı döv­lət üçün açıq ol­ma­sı onun regional müstəviyə qalxmasını nəzərdə tuturdu. Buna bax­ma­ya­raq, Rusiya və Ermənistan dairələrinin ciddi narahat­lıq­la­rı­na sə­bəb olmuş sənədə bu döv­lətlər qoşulmadılar. Baxmayaraq ki, bəyannamə bütün xalq­lar və ölkə­lər arasında sül­hə və qarşılıqlı anlaşmaya nail olmağın bütün ele­men­t­lə­ri­ni əha­tə edir­di.
Tbi­lisi bəyannaməsinin imzalanması ilə Qaf­qaz­da sülh və təhlükəsizlik pr­o­se­si­nə region ölkələrinin, eyni zamanda Qafqazla əlaqələri olan dövlətlərin maraqları art­ma­­­ğa baş­ladı. Tezliklə, “Qafqaz dördlüyü” adlanan Rusiya Federasiyası, Azər­bay­can, Gür­­cüstan və Ermənistanın dövlət başçıları ilə yanaşı, Şimali Qafqazdakı muxtar qu­rum­­­ların rəhbərlərinin 1996-cı ilin iyunun 3-də Qafqazın Kislovodsk şəhərində görü­­şü keçirildi. Görüş zamanı bağlanmış “Qafqazda əmin-amanlıq, sülh, iqti­­sa­di və mədəni əməkdaşlıq uğrunda” Bəyannamədə regionda qarşılıqlı əlaqələrin əsas prin­sipləri müəyyən edilirdi. Həmin bəyannamədə Qafqazda mil­lət­lər­arası həmrəyliyin təmin edilməsi, regionda möhkəm sülhün və sabitliyin bərqərar ol­ma­­sına hərtərəfli kömək göstərilməsi, bölgədəki münaqişələrin beynəlxalq hüquq nor­­­maları əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi, qaçqın və məcburi köç­kün­­­lərin təhlükəsiz surətdə öz doğma ocaqlarına qaytarılmasının zəruriliyi, təca­vüz­kar separatçılığın və terrorizmin kökünü kəsmək üçün səylərin birləşdirilməsi, Qaf­qaz­­­da tarazlaşdırılmış iqtisadi siyasətin həyata keçirilməsi, Qafqazın nadir təbiətinin qo­run­­ması və  digər bu kimi qlobal məsələlərin reallaşdırılması təzahür etmişdir.
“Kislovodsk bəyannaməsi” kimi ta­nı­nan sənəd mahiyyət və məzmun etibarı ilə H.Əliyev və E.Şevardnadze təfək­kürünün, zəngin dövlətçilik təcrübəsinin məhsulu olan “Tbilisi bəyannaməsi”nin mən­tiqi və siyasi davamı sayılsada, eyni zamanda bu sənəd­lər arasında ciddi fərq var idi. Belə ki, “Tbilisi bəyannaməsi” Qafqazı münaqişə və müharibələrdən qur­tar­mağın konkret yollarını müəyyənləşdirdiyi halda, “Kis­lo­vodsk bəyannaməsi” bütöv­lükdə Qafqazın münaqişə və problemlərini “kon­serv­ləş­dir­mə­yə” çağırır, yaran­mış “status-kvonu” qoruyub saxlamağı nəzərdə tuturdu. Buna bax­ma­yaraq bu tarixi sənəd belə bir ümidverici bəyanatla bitir: “Biz – Azər­baycan, Ermə­nistan, Gürcüstan, Rüsiyanın dövlət başçıları, xalqlarımızın gələ­cə­yi üçün tarixi mə­su­liyyət daşıdığımızı dərk edərək, milyonlarla insanların iradəsini ifa­də edərək mil­lətlərarası həmrəyliyi, sülhü, iqtisadi tərəqqini təmin etmək, Qafqaz xalq­larının mə­dəni-tarixi irsini birlikdə artırmaq üçün özümüzdən asılı olan hər şeyi etmə­yə hazır oldu­ğumuzu bəyan edirik: Qafqaz bizim ümumi evimizdir. Onu öz tarix­ləri ilə fəxr edən və gələcəyə inamla baxan insanların yaşadıqları dinc, tərəqqi edən regiona çevir­mək bizim borcumuzdur”.
Bu görüşlərin ardınca 1998-ci ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakı­da keçirilmiş tarixi Böyük İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda im­zalanan sənədlər də Qafqazda sülh prosesinin möhkəmləndirilməsində, region öl­kə­lə­ri­nin bir-birilə və həmçinin Avropa və Asiya ölkələri ilə inteqrasiyasında mühüm əhə­miyyət kəsb etdi.
Artıq XX-əsrin 90-cı illərinin sonlarında Azərbaycan-Gürcüstan müna­si­bət­lərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması Qafqazda təhlükəsizliyin möh­kəm­lən­di­ril­məsində mühüm amil kimi çıxış etməyə başlamışdır. Belə ki, Qafqazın, Qərbin və Rusiyanın qarşıdurma mərkəzinə çevrilməsi ehtimalının artdığı bir dövrdə bir sıra id­­dia­ları kənara qoyaraq iki dövlət başçısı – Heydər Əliyev və Eduard Şevard­nadze­nin strateji məna­feləri ön plana çəkməsi regionda siyasi balansın tarazlaşdırılmasına şə­rait yara­dır­dı.
1999-cu ildən başlayaraq, Qafqazda təhlükəsizlik sisteminin yaradılmasında müs­bət rol oynayacağı gözlənilən Cənubi Qafqaz respublikalarının hərbi nazirlikləri baş­çılarının görüşləri müntəzəm xarakter aldı. 1999-cu ilin aprelin 13-də Gürcüstanın müda­fiə nazirinin təşəbbüsü ilə Tsinandalidə Azərbaycan, Gürcüstan və Ermənistanın mü­da­fiə nazirlərinin görüşü keçirildi. Görüş zamanı Qafqazda sülhün və təh­lü­kə­siz­liyin möhkəmləndirilməsinə dair məsələlər müzakirə obyektinə çevrildi. Həmin ilin aprelin 28-29-da isə Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov Gür­cüstana rəsmi səfəri zamanı, Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın daxi­li işlər nazirlərinin Borjomidə keçirilmiş görüşündə iştirak etdi. Görüş zamanı regionda cinayətkarlıqla mübarizə və kriminoqen vəziyyətin aradan qal­dırıl­ma­sında bir­gə səylərin daha da effektiv istifadə olunması məsələləri müzakirə olundu. Bun­dan başqa imzalanmış protokol, dörd respublika başçılarına ünvanlanmış məktub və birgə bəyan­­namə görüşün nəticələrindən oldu. Nazirlər həmçinin Qaf­qaz­da sabit­liyin və təhlükəsizliyin təmin olunması məqsədilə xüsusi qərar qəbul etmiş­dilər. Nəticə etibarı ilə, Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün belə görüş­lərin keçirilməsi zəruridir və xüsusi əhəmiyyət kəsb edir. 
1997-1999-cu illərdə Qafqazın ümumi problemlərini işıqlandıran bir neçə mühüm beynəlxalq konfrans və forumlar keçirildi. Bunlardan xüsusilə üçünü qeyd etmək olar:
Birincisi, 1997-ci ildə Tbilisidə “Cənubi Qafqazda postkommunistik demok­ratik dəyişiklər və geopolitika” mövzusunda beynəlxalq konfrans keçirildi. Forumda səs­­lənən bəzi məruzələr, o cümlədən V.Keşelava və A.Yazkovanın məruzələri məhz Qaf­qaz birliyi probleminə toxunurdu.
İkincisi, 1999-cu ilin mayın 15-17-də Tbilisidə bir çox respublika və bey­nəl­xalq təşkilatların nümayəndələrinin iştirakı ilə “XXI əsrin astanasında Qafqazda milli az­lıq­lar” mövzusunda beynəlxalq konfrans baş tutdu. Azərbaycan nüma­yəndə heyətinə milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov başçılıq edir­di. Konfransın bitməsindən sonra Azərbaycanın dövlət müşavirini Gürcüstan parla­mentinin spikeri Z.Jvaniya qəbul etdi. Görüş zamanı Azərbaycan və Gürcüstan ara­sında mövcud iqtisadi, siyasi və mədəni əlaqələr haqqında fikir mübadiləsi aparıldı. 
Üçüncüsü, 1999-cu ilin dekabrın 5-7-də yenə də Tbilisidə “Minalardan təmiz­lən­miş Dinc Qafqaza doğru” mövzusunda növbəti beynəlxalq konfrans keçirildi. Azər­baycanın müdafiə naziri və sərhəd qoşunları idarəsinin əməkdaşları konfransın iştirak­çıları sırasında idi.
Bütün qeyd olunan tədbirlərdə Azərbaycan-Gürcüstan əməkdaşlığını izləmək olar ki, bu da “Ümumi Qafqaz evi” ideyasının gerçəkləşməsində ümidverici amil kimi çıxış etmişdir. Qafqazda təhlükəsizlik prosesinin inkişafına yönəlmiş daha bir tarixi faktı da qeyd etmək vacibdir. Belə ki, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Qaf­qaz­da təhlükəsizlik sisteminin yaradılmasına kömək məqsədilə 1999-cu ilin noyabrın 18-də ATƏT-in İstanbul sammitində “Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq Paktı”nın yaradılması təklifi ilə çıxış etmişdir. Bu ideyanın dava­mı olaraq, 2000-cı ilin yanvarında Türkiyə Respublikasının və Gür­cüs­ta­nın pre­zi­­dent­ləri S.Dəmirəl və E.Şevardnadze “Qafqazda təhlükəsizlik və əməkdaşlıq Pak­tı”­nı imzalamışlar. Sənəddə ümumregional əməkdaşlığın ayrı-ayrı for­ma­la­rı nəzərdə tutulurdu. Bu razılaşma Azərbaycan tərəfindən dəstək­lən­miş­dir. Əlbəttə, bütün bun­lar Qafqazda xüsusən də Cənubi Qafqazda sülhün möh­kəm­lənməsinə birbaşa xid­mət edirdi.
Belə bir faktı da nəzərə almaq olar ki, Kislovodsk görüşündə razılaşdırıldığı kimi təhlil olunan və sonrakı illər ərzində “Qafqaz dördlüyü” müxtəlif formatlarda Qaf­­qaz­da sülh və təhlükəsizlik məsələləri ilə bağlı görüşlərini davam etdirmişdilər. Be­lə ki, 2000-ci ilin iyunun 20-də Moskvada “Qafqaz dördlüyü”nün üçüncü (Kis­lo­vod­sk­dan son­ra) görüşü keçirildi. Görüş zamanı Qafqazda sülhün və təhlükəsizliyin tə­min olun­ma­sı məsələləri müzakirə edildi və bu cür görüşlərin mütəmadi olaraq ke­çi­­rilməsi barə­də razılıq əldə edildi. “Qafqaz dördlüyünün” növbəti sam­mi­ti 2001-ci ilin may ayının 31-də Mins­ki­də baş tutdu. Həmin ilin noyabrında isə “Qaf­­qaz dördlüyünün” parlament sədrlərinin ilk görüşü keçirildi. Bu gö­rüş­­­lər prezidentlərin görüşləri kimi mütəmadi xarak­ter daşıyırdı. 
Beləliklə, bütün bu görüşlərdə Azərbaycan və Gürcüstan arasında dayanıqlı əmək­daşlığı izləmək mümkündür və perspektivliyinə görə aşağıdakıları vəd edir:
- Qafqazda hələ ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə regional əməkdaşlıq sis­temi gerçəkliyə çevrilir;
- Azərbaycan Respublikası və Gürcüstan vasitəsilə Şərq-Qərb dəh­lizi yara­dı­lır və bu da öz növbəsində hər iki dövlətin iqtisadiyyatının inkişafına zəmin yaradır;
- Onlar Qara dəniz hövzəsi ölkələri ilə (əsasən Türkiyə və Ukrayna) müna­si­bət­lə­ri genişləndirərək Rusiyadan iqtisadi asılılığı minumum dərəcəyə endirirlər, yəni, Ru­si­ya ilə bərabərhüquqlu münasibətlər qururlar;
- Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji tərəfdaşlıq xəttinin möhkəmləndirilməsi birgə təh­lükəsizlik sisteminin yaradılması üçün imkanları artırır.
Müasir dövrdə Qafqazda sülh və təhlükəsizlik proseslərinin sürətləndirilməsi, böl­gədə qarşılıqlı əməkdaşlığın inkişafı baxımından yuxarıda qeyd olunan transmilli layi­hələr (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA), həmçinin bir sıra iqti­sadi əməkdaşlığa əsaslanan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi qurumlarda, Qafqazda sülhün və təhlükəsizliyin yaradılmasına və möh­kəm­ləndirilməsinə, region dövlətlərin Avropa və Asiyaya inteqrasiya olunmasına kö­mək etməlidir. Əlbəttə, “Qafqaz evi”nin tikilməsində Qafqaz xalqları hələ çox prob­lem­lərlə qarşılaşacaqlar.
Beləliklə, müharibələrə cəlb olunmuş Qafqaz dövlətlərinin əməkdaşlığını üç isti­­qamətdə inkişaf etdirmək lazımdır: iqtisadiyyat, siyasi aspekt və təhlükəsizliyin tə­mi­­natı, həmçinin hüquq və demokratiya sferası. Əməkdaşlığın bütün bu sahələri bir-bi­rinin qarşısını kəsməməli və zorla qəbul etdirilməməlidir. Yalnız bu sahələrin sin­te­zi lazımı birliyi yarada bilər və o zaman regional əməkdaşlıq keçid dövrü yaşa­yan döv­lətlərin gələcəyi üçün səmərəli olacaq. Digər tərəfdən, “Qafqaz evi”nin yara­dıl­ma­sı prosesində beynəlxalq icti­maiy­yətin geniş həmrəyliyinə böyük ehtiyac duyulur. Azər­baycan və Gürcüstan arasında möv­cud olan münasibətlər, vahid strategiyanı sə­ciy­yələndirən siyasət çox guman ki, ehti­yac duyulan həmin həmrəyliyin də for­ma­laş­ma­sına şərait yaradacaqdır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN