Gülüstan - sirli qala

Tarix: 27-1-2015 // saat: 19:18
Bünövrəsi VIII əsrdə Şirvanşahlar tərəfindən qoyulan, Şamaxı şəhərinin ərazisində, əlçatmaz dağlar qoynunda yerləşən Gülüstan qalası uzun illər, odlu silah meydana çıxanadək müdafiə qalası və istehkam kimi güclü mövqeyə malik olub.
AzərTAc tarixi mənbələrə istinadla xəbər verir ki, XI əsrin sonu, XII əsrin əvvəllərində hakimiyyətdə olan Şirvanşah II Məniçöhrün bacısı Şahbanu xatun Gülüstan qalasını yenidən tikdirib. Şirvanşah I Axsitan isə XII yüzilliyin sonlarında qalanı yenidən möhkəmləndirib. Şirvanşahların güclü müdafiə istehkamı olan bu qala Şirvan uğrunda gedən saysız-hesabsız döyüşlərin, eləcə də xəzər, ərəb, səlçuq, monqol, Səfəvi, Osmanlı yürüşlərinin şahidi olub.
Taleyi Azərbaycanın Məniçöhr, Axsitan, Xəlilullah, Şah İsmayıl, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan Gülüstan qalasının tarixi dəyəri çox böyükdür.
Tarixi mənbələrə görə, Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında birinci Şah Təhmasib vurub. Onun dağıtdığı bu qaladan Şirvanşahların digər güclü istehkamı olan Qaleyi Bəyqurd qalasına gedən tunelin xarabalıqları indiyədək qalmaqdadır.
Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Gülüstanda aparılan ilkin arxeoloji qazıntılar qoynunda hələ bir çox sirləri “gizlədən” Gülüstan qalasının möhtəşəmliyindən xəbər verir. Qazıntı zamanı üzərində ox ucluğu olan 12 yaşlı uşaq skleti, habelə xeyli maddi-mədəniyyət nümunələri, o cümlədən saraya məxsus mətbəx, silah nümunələri, saxsı məmulatlar, küplər, sikkələr, ikiqat divarlar, təndirlər tapılıb.
Adil Ağayev, AzərTAc 
 



Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN