Xalq şairi Rəsul Rza

Rzayev Rəsul İbrahim oğlu (Rəsul Rza) - Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın xalq şairi (1960), Azərbaycanın əməkdar incəsənət xadimi (1943), SSRİ Dövlət mükafatı laureatı (1951).

Tarix: 27-1-2015 // saat: 18:50
Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanda anadan olmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
Rəsul Rzanın "Bu gün" adlı ilk şeri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şer kitabları, "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb və məhəbbət" (1943) hekayə və oçerk topluları, "Vəfa" (1943) pyesi və s).
Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poemasıdır. XX əsrin 60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şer kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsas mövzusudur.
Uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967).
Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, H.Lonqfellonun "Hayavata haqqında mahnı" poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir.
R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).
 
Şeirlərinə mahnılar:
Gözlərin aladır, yar (Bülbül) - musiqi: Süleyman Ələsgərov
Sənə də qalmaq (Rəşid Behbudov) - musiqi: Tofiq Quliyev
Qızıl üzük (Fidan Qasımova) - musiqi: Tofiq Quliyev
Bakı (Xuraman Qasımova) - musiqi: Vasif Adıgözəlov
İnsaf da yaxşı şeydir (Zeynəb Xanlarova) - musiqi: Emin Sabitoğlu
Gilavar (Mirzə Babayev) - musiqi: Emin Sabitoğlu
Əhf etdim (Yalçın Rzazadə) - musiqi: Emin Sabitoğlu
Əsmə, külək (Gülüstan Əliyeva) - musiqi: Rauf Hacıyev
Arzu (Müslüm Maqomayev) - musiqi: Niyazi
Mən istəyirəm (Tehsin İncirçi) - musiqi: Tehsin İncirçi
 
Filmoqrafiya
Ağ rəngin simfoniyası (film, 2003)
Azərbaycan elmi (film, 1969)
Azərbaycan naminə! (film, 2004)
Bəxtiyar (film, 1955)
Böyük ömrün anları (film, 2006)
Dəcəl dəstə (film, 1937)
Dostluq himni (film, 1974)
Eldən soruş (film, 1980)
Göy rəngin melodiyası (film, 2003)
Kəndlilər (film, 1939)
Kölgələr sürünür (film, 1958)
Qırmızı rəngin ekspressiyası (film, 2002)
Qız Qalası (film, 1984)
Qızıl gül olmayaydı... (film, 1965)
Qızıl gül olmayaydı... (film, 1990)
Mətbuat fədaisi (film, 2007)
Ordenli Azərbaycan (film, 1938)
Salam, Zeynəb! (film, 1982)
Tikdim ki, izim qala. III film (film, 1998)
Toğrul Nərimanbəyov (film, 1966)
Üzeyir ömrü (film, 1981)
Yaşıl rəngin qamması (film, 2002)
Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN