Azərbaycanda III Beynəlxalq Şərab festivalı

Neft kapitalını insan kapitalına çevirmək üçün aparılan məqsədyönlü siyasət nəticəsində hər il Azərbaycan dövlətinin maliyyələşdirilməsi ilə yüzlərlə gənc təhsil almaq üçün dünyanın ən qabaqcıl ali məktəblərinə göndərilir. Bir faktı qeyd etmək yerinə düşər ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyə kimi 2312 nəfər tələbə xaricdə təhsil almışdır.

Tarix: 22-11-2014 // saat: 11:42
Texnika elmləri doktoru Vüqar Mikayılov Azərbaycan Kooperasiya Universiteti, “Az-Granata” Ağsu Şirə və Şərab Emalı zavodunun alkoqollu içkilər sektorunun direktoru.
Neft kapitalını insan kapitalına çevirmək üçün aparılan məqsədyönlü siyasət nəticəsində hər il Azərbaycan dövlətinin maliyyələşdirilməsi ilə yüzlərlə gənc təhsil almaq üçün dünyanın ən qabaqcıl ali məktəblərinə göndərilir. Bir faktı qeyd etmək yerinə düşər ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyə kimi 2312 nəfər tələbə xaricdə təhsil almışdır.
İndi Azərbaycan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində əsaslı uğurlara nail olmuşdur. Qısa vaxt ərzində Azərbaycan kimi kiçik dövlət üçün bir süni peykin buraxılması və ikinci peykin buraxılışa hazırlanması üçün görülən işlər və ölkəmizin kosmik ölkələr sırasına daxil olması çox böyük nailiyyətdir.
Bütün bunlarla yanaşı Azərbaycanın ənənəvi aqrar ölkəsi olduğu da unudulmamışdır. Tarixən ölkə əhalisinin məşğulluğunda və ərzaqla təminatında aqrar sahə əsaslı rol oynamışdır. Sahənin inkişafı üçün subsidiyaların və güzəştli kreditlərin ayrılması da məsələnin elmi əsaslarla inkişaf etdirilməsinə dəlalət edir. Məlumdur ki, aqrar sahə dünyada daim diqqət göstərilən və subsidiyalar ayrılmaqla inkişaf etdirilən bölmədir. Heç təsadüfi deyildir ki, iqtisadçı, Nobel mükafatı laureatı Pol Samuel Son ABŞ-da “aqrar sektoru hökumətin sevimli götürülmə oğluna” bənzədir.
ABŞ-ın təcrübəsi göstərir ki, aqrar sahə və fermerçiliyin inkişafı fəaliyyətdə olan uzun müddətli Dövlət Proqramlarında öz əksini tapmışdır. Aqrar sahəyə dövlətin dəstəyinin nəticəsidir ki, amerikalılar ərzaq təhlükəsizliyi problemini XIX əsrdə həll etmiş, XX əsrdə isə əsas kənd təsərrüfatı məhsullarına görə dünya ticarətində öz liderliyini təmin etmişdir.
Bunları dərindən dəyərləndirən ölkə prezidenti Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramları (2004-2008; 2009-2013; 2014-2018-ci illər) və “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın (2008-2015-ci illər) qəbuluna dair sərəncamlar vermişdir. Bütün bu Dövlət Proqramlarında diqqət çəkən məqam əhalinin məşğulluğunu təmin edən istehsal, emal və saxlanma, xidmət sahələrinin yaradılması, əhalinin kifayət miqdarda və təhlükəsiz ərzaqla təminatıdır.
Görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, Üzümçülük və şərabçılıq ölkəmizdə kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindəndir. Keçən əsrin 80-ci illərində bu sahənin gəlirləri büdcənin 40%-ni təşkil edirdi. Ümumilikdə isə Azərbaycan büdcəsinin 60%-i kənd təsərrüfatından gələn gəlirlər hesabına formalaşırdı. Hazırda büdcənin 70%-nin neftdən gələn gəlirlər hesabına formalaşdığını nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, əgər üzümçülük-şərabçılıq bölməsi əvvəlki gücünü bərpa edərsə, aqrar sahə ölkənin büdcə gəlirlərinin formalaşmasında neft sektoruna layiqli alternativ ola bilər. Bu, heç də təsadüfi deyildir. Çünki Azərbaycan üzümçülüyün vətəni olub, yerli sort ehtiyatları ilə zəngindir. Araşdırmalar Azərbaycanda üzümçülük və şərabçılığın tarixinin 5-7 min il bundan əvvələ gedib çıxdığını göstərir. Azərbaycanda antik və erkən orta əsrlərə aid edilən tarixi abidələr (Qaraçıbulaq, Meynətəpə, Şəkili və s.) bu dövrlərdə üzümçülük və şərabçılığın inkişaf etdiyindən xəbər verir.
Akademik V.İ.Komarov vaxtilə yazırdı ki, mədəni üzümün mənşəyini yabanı üzüm yetişən rayonların ərazisində axtarmaq lazımdır. Professor Rəhim Allahverdiyevin fikrincə “tənəyin xiyabanlarda yetişdirilməsi sistemi cır üzümdən istifadəyə ilk addımdır”. Göründüyü kimi, cır üzümün və xiyabanların məxsus olduğu ölkəmiz ən qədim üzümçülük diyarlarındandır.
Bu işləri dərindən dəyərləndirən ümummilli lider H.Əliyev keçən əsrin 80-ci illərində sahənin ən güclü inkişafına nail ola bilmişdi. Lakin 7 may 1985-ci ildə o vaxtkı SSRİ rəhbərliyi səviyyəsində qəbul edilmiş “Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri haqda” məlum qərardan sonra üzümlüklərin və şərab zavodlarının dağıdılmasına başlanıldı. Nəticədə 1982-ci illə müqayisədə 2005-ci ildə üzümlüklər və üzüm istehsalı 20-25 dəfədən çox, şərab istehsalı isə 100 dəfəyə yaxın azalmış oldu. Sahədə baş verən dərin tənəzzülə yalnız ümummilli lider H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra son qoyulmuş oldu.
2002-ci ildə “üzümçülük və şərabçılıq haqqında” qanun qəbul edildi. Sahədə baş verən tənəzzül bir qədər dayandırılmaqla, stabilləşmə meylləri başlandı.
Həmin siyasəti uğurla davam etdirən prezident İ.Əliyev 15 dekabr 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkifaş etdirilməsinə dair” Dövlət Proqramının qəbul edilməsinə dair sərəncam imzaladı. Həmin proqrama uyğun olaraq Azərbaycanda yaxın gələcəkdə üzümlüklərin 50 min hektara, üzüm istehsalının 500 min tona, şərab istehsalının 30 milyon dekalitrə çatdırılması nəzərdə tutulur.
Ekspertlərin fikrincə, ölkənin daxilində şərab istehlakı 1 milyon dekalitrə yaxındır. Deməli, istehsal olunacaq şərabın qalan hissəsi xarici bazarlarda satılmalıdır.
Odur ki, Beynəlxalq təcrübədən yararlanaraq keyfiyyətli məhsul istehsal edilməsi, həmin məhsulun realizəsi üçün bazarların və destribüterlərin müəyyən olunması, müvafiq şirkətlərlə qarşılıqlı faydaya əsaslanan əlaqələr qurulması olduqca vacibdir.
Bütün bunlar üçün müvafiq Beynəlxalq qurumlarla əməkdaşlıq yaradılmaqla dünyaya inteqrasiya olunmalıdır. Bu baxımdan ilk hədəf Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OİV) ilə əlaqələr yaradılması və ölkəmizin belə nüfuzlu quruma üzvlüyünün təmin olunması idi.
Məlumat üçün bildirək ki, Beynəlxalq Üzüm və Şərab Təşkilatının mənzil qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşir. Azərbaycan diplomatiyası bu qurumla əlaqələri genişləndirmək üçün mühüm addımlar atmağa başladı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada, xüsusilə Paris şəhərində şəxsi əlaqələri və nüfuzu bir sıra layihələrin reallaşdırılmasına zəmin yaratdı. YUNESKO-da ölkəmizlə bağlı mühüm layihələrə imza atılması, Paris şəhərinin ən görkəmli yerində - Eyfel qülləsinin yaxınlığında ölkəmiz üçün əhəmiyyət kəsb edən “Nizami mədəniyyət evi”nin yaradılmasına razılıq alınması da bu baxımdan önəmlidir.
Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq Fransa ilə nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinə başlanıldı.
2012-ci ilin mayında böyük nümayəndə heyəti Fransanın Burqundiya bölgəsinə ezam edildi. Nümayəndə heytəinin tərkibinə elm və mədəniyyət nümayəndəlri, ölkəmizin əsas şərab istehsalçıları, milli mətbəximizin təmsilçiləri daxil edilmişdilər. Nümayəndə heyətimiz Burqundiyanın Oser şəhərində keçirilən Şərab festivalında öz məhsulları ilə təmsil olunaraq, ölkəmizin zəngin mətbəxini, musiqisini və şərab nümunələrini təqdim edə bildilər. Musiqiçilərimiz konsert proqramları ilə çıxış etdilər. “Neftçi” ilə Oser şəhərinin futbol klubu arasında müqavilələr imzalandı. Konyak, Oser, Şabli və s.rayonlarla mühüm razılaşmalar əldə olundu. Fransanın əsas üzümçülük-şərabçılıq bölgələri ilə əlaqələrin möhkəmləndirilməsi və həmin bölgələrlə Azərbaycanın ayrı-ayrı rayonlarının qardaşlaşması yönündə aparılan işlər az vaxtda öz müsbət nəticələrini vermiş oldu. Belə ki, Fransanın Konyak, Şabli, Şampan və s. rayonlari ilə Göygöl, Şəmkir, Gəncə, Tovuz və s. rayonlarin əlaqələri quruldu. Bu həm də erməni lobbisinin təsiri nisbətən zəif olan Fransa bölgələrinin bizim sərhəd bölgələrində baş verənlərə dair dərhal məlumatlandırılması məqsədini daşıyırdı.
Əldə olunan razılaşmalara uyğun olaraq elə həmin il Gəncə şəhərində birinci Beynəlxalq Şərab Festivalı keçirildi. Festivalda Beynəlxalq təşkilatlardan və Fransa tərəfindən nümayəndə heyəti fəal iştirak etdilər.
Aparılan məqsədyönlü siyəsət nəticəsində Azərbaycan 2013-cü ildə Beynəlxalq Üzüm və Şərab Təşkilatına (OİV) 45-ci üzv qəbul olundu.
1-2 noyabr 2013-cü il tarixində keçirilən II Gəncə Beynəlxalq Şərab Festivalı isə öz əzəməti ilə əvvəlkindən fərqləndi və bu istiqamətdə əsaslı inkişafı göstərdi. Burada 40-a yaxın ölkədən 200 nəfərə yaxın nümayəndə iştirak edirdi.Festivalın birinci günü beynəlxalq elmi-praktik konfransın keçirilməsi və burada Beynəlxalq Üzüm və Şərab Təşkilatının ən yüksək səviyyədə- baş katiblə təmsil olunması məsələlərin qlobal səviyyədə elmi əsaslarla müzakirəsini təmin etmiş oldu. Müzakirələrdə Gəncə şəhər icra hakimiyyətinin başçısı, Fransadan olan nümayəndələr, Özbəkistan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirinin müavini, Azərbaycanın Fransadakı səfiri, Kənd Təsərrüfatı Nazirinin müavini və başqaları iştirak etdilər. Tədbirdə həm də Fransa-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilməklə, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə edildi.
Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən birgə təşkil edilən III Beynəlxalq Gəncə Şərab Festivalı 30 sentyabr-01 oktyabr 2014 –cü il tarixlərində baş tutdu.
Fransa, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrdən gələn qonaqlar, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri ilə birlikdə festival çərçivəsində təşkil olunan bir sıra tədbirlərdə iştirak etdilər.
Festival çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin «Qida məhsulları mühəndisliyi və ekspertiza» kafedrasında Beynəlxalq Dequstasiya komissiyasının iştirakı ilə yerli şərabların dequstasiyası keçirildi. Komissiyaya Azərbaycan, İtaliya, Rusiya və b. ölkələrdən 18 nəfərdən ibarət peşəkar dequstatorlar daxil edilmişdi. Bu dequstasiyaya sponsorluq edən şirkətlərdən biri də Ağsu rayonunda yerləşən “Az-Granata” Ağsu Şirə və Şərab zavodu idi. Dequstasiya komissiyasının tərkibində rayonumuzdan texnika elmləri doktoru Vüqar Mikayılov və “Az-Granata”-nın texnoloqu enoloq Nikolay Unquryan da iştirak edirdi.
Dequstasiyaya ölkənin ən aparıcı şərabçılıq müəssisəsindən 34 nümunə təqdim olunmuşdu. Dequstasiyada qiymətləndirmə Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) 1993-cü ildə işləyib hazırladığı meyarlara uyğun qaydada 100 bal sistemi ilə aparıldı. Qeyd etmək yerinə düşər ki, uzun illər SSRİ-də və hazırda MDB ölkələrində 10 ballı dequstasiya sistemindən istifadə olunsa da Qərb ölkələrində və Beynəlxalq müsabiqələrdə 100 ballıq sistem tətbiq olunmaqdadır. Ölkəmiz də artıq bu sistemə keçmək üzrədir. Dequstasiyanın beynəlxalq səviyyəli olması və müasir tələblərə uyğun aparılması 100 ballıq sistemin tətbiqini labüd etdi. Qeyd etmək lazımdır ki, Azərbaycanda belə dequstasiyanın keçirilməsi ilk dəfədir və bu sahədə tarixi hadisədir. Bu tədbir xarici ölkə iştirakçılarına Azərbaycanın qədim üzümçülük-şərabçılıq ənənələrinə malik olduğunu bir daha göstərmiş oldu.
Azərbaycanın şərab nümunələrini dequstasiya edən Fransa, İtaliya, Moldova, Gürcüstan və b. ölkələrin nümayəndələrinin yekdil rəyi ondan ibarət oldu ki, indi Azərbaycan şərablarının keyfiyyəti xeyli yüksəlmişdir. Məsələnin ən əhəmiyyətli məqamı isə Azərbaycan şərablarının məhz qərb bazarlarında yüksək qiymətləndirilən şərab çeşidlərinə aid olması idi. Bu şərablar istehsalında kənardan spirt və şəkər əlavə olunmasına icazə verilmir. Ona görə də həmin şərablar natural şərablar adlandırılır.
Bir faktı xatırlatmaq yerinə düşər ki, keçmiş Sovetlər birliyində Azərbaycanda əsasən spirtləşdirilmiş şərablar istehsal olunmaqla, natural şərabların ümumi istehsalda payı 3-5%-lə məhdudlaşırdı. İndi isə bu nisbətin əksinə dəyişməsi müşahidə olunur ki, bu da tamamilə qərb istehlakçılarının tələblərinə cavab verməkdədir.Dequstasiyanın sonunda yerli istehsalçılar assosiasiyasının yaradılmasına dair ilkin razılıq əldə olunması da əsaslı nəticələrdəndir.
“I salxım” Beynəlxalq dequstasiyasının nəticələrindən məlum oldu ki, “Az-Granata” Ağsu Şirə və Şərab zavodunun 2012-ci il məhsulu olan təbii qırmızı turş “Rübai” şərabı qızıl medala, təbii ağ turş “Kəhrəba” şərabı isə gümüş medala layiq görülmüşdür. İstehsalçılara diplom və medalların təqdimatı xarici qonaqların iştirakı ilə yerinə yetirildi.
Sonra festival iştirakçılarına açıq havada müxtəlif bölgələrin, eləcə də xarici ölkələrin şərab istehsalçılarının təqdim etdikləri şərab nümunələri, həmçinin milli xörək və digər qida məhsulları təqdim olundu. Burada da Azərbaycanın milli mətbəx nümunələri və içkiləri qonaqlar tərəfindən yüksək qiymətləndirildi.
Dünya şərabçılarının bu mötəbər məclisinin əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdir.
Yuxarıda qeyd olunanlara əsaslanaraq əminliklə qeyd etmək olar ki, həyata keçirilən tədbirlər, o cümlədən artıq ənənə halını almış Beynəlxalq Şərab Festivalları və həmin festivallar çərçivəsində yerinə yetirilən çoxtərəfli fəaliyyətlərlə qarşıya qoyulan məqsədə nail olunmuşdur. Belə beynəlxalq tədbirlərin regionlarda keçirilməsi isə ölkə prezidentinin imzalamış olduğu Dövlət Proqramları və bölgələrin inkişaf etdirilmə strategiyasından irəli gəlir.
 
Prof.Dr. Vüqar Mikayılov









Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN