"Hər kəs sonsuz həzzi elmdə tapsa yer üzü cənnətə dönər"

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, Prof. Dr Nərgiz Əliyeva ilə keçirdiyimiz müsahibəni təqdim edirik:

Tarix: 19-1-2015 // saat: 21:25
- Özünüz haqqında məlumat verə bilərsinizmi?
- Mən 25 noyabr 1952-ci ildə anadan olmuşam. Şərqşünas tarixçiyəm. 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirmişəm. 1996-cı ildə tarix elmləri namizədi, 2012-ci ildə isə, tarix üzrə elmlər doktoru elmi dərcəsi almışam. 1976-ci ildən AMEA Azərbaycan Tarix İnstitutunda, 2002-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində elmi katib, 2005-ci ildən elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıram. Elmi fəaliyyətimdə orta əsr ərəbdilli mənbələrin öyrənilməsi xüsusi yer tutur. İki monoqrafiya və 90-a yaxın elmi məqalənin müəllifiyəm. 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı, 2010-cu ildə isə Azərbaycan Respublikası  Prezidentinin  sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişəm.
- Bu peşəyə sahib olmağınız təsadüfdürmü yoxsa uşaqlıq arzunuzun reallaşması?
- Demək olar ki, təsadüfi deyil. Birinci məndə ərəb dilini öyrənməyə  böyük  həvəs olub. Hələ məktəb vaxtı, bu  dildəki yazıları  görərkən, içimdə öz-özümə sualla dolu bir arzu oyanırdı. Görəsən, mən də bu dildə yazıb-oxuya bilərəmmi. 
- Sizin bu uğurlarınızın sirri nədədir?
- Belə bir deyim var ki, hər kəs sonsuz həzzi elmdə tapsa yer üzü cənnətə dönər. Mən həzzi elmdə tapanlardanam. Bu, mənim uğurumun sirridir.
- Tarixdə iz qoymaq uüçün nə etmək lazımdır?
- Dedi-qodulardan, qeybət və digər boşboğazlıq edən adamlardan uzaq olmaq, vaxtı  düzgün  bölə bilmək, ailə ilə iş arasında balansı gözləyə bilmək. Çünki, öz  təcrübəmdən bilirəm. Ailəyə vaxtı daha çox ayırarkən elm aşağı düşür, və ya əksinə elmə vaxtı çox ayıranda ailədə narazılıq olur. Elmi yaradıcılıqla məşgul olarkən, üzdən getməməli, dərinliklərə baş vurmaq lazımdır.
- Agsu rayonu haqqında fikirləriniz?
- Mənim atam ağsuludur. Atam orqanlarda çalışıb. Ona görə də, Azərbaycanın müxtəlif  bölgələrində yaşamışıq. Ağsu isə mənim kiçik vətənimdir. Onun hər bir uğuru mənim uğurumdur. Onun haqqında hər bir xöş xəbərə sonsuz sevinirəm. Ağsunun mənzərəsi çox  gözəldir. Xüsusilə, Ağsu aşırımı ilə düşərkən görünən mənzərə. Yadımdadır, mən Bakı  Dövlət  Universitetinin Şərqşünqslıq fakültəsi ərəb filologiyası göbəsinin ikinci kursunda oxuyarkən Misirin gənclərindən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlmişdi. Proqramda bir sıra rayon mərkəzlərinə səfərlər daxil edilmişdi. Ağsu də onların arasında idi. Yaxşı oxuyan tələbələri, o cümlədən məni qonaqlara tərcüməçi təyin etmişdilər. Misirli tələbələr hələ avtobusdan Ağsunun yuxarıdan görünən mənzərəsini çox heyranlıqla seyr edərkən mən də qürur hissi ilə “bura mənim vətənimdir” - demişdim.
Ağsu həmişə yaşıllıqlar içində qərq olan bağ-bağatlı bir yer olmuşdur. Son illərdə isə, Ağsu xüsusilə gözəlləşib. Nəinki, Ağsunun özündə infrastruktur əsaslı surətdə dəyişib, həmçinin onun kəndlərində də son illərdə abadlıq işləri intensiv  surətdə gedir. Ağsunun Qəşəd kəndinə olan son səfərlərimdə bunun canlı şahidi olmuşam. Kəndə gedən yolun təzələnməsi nəticəsində əvvəllər Ağsudan o kəndə gedən yolu  bir saata yaxın bir vaxta gedib çıxırdıqsa və maşının da altı dəfələrlə daşa çırpılırdısa, indi şüşə  kimi düzəlilmiş yolu 10-15 dəqiqəyə qət edirik. Kənddə gözəl yeni  rahat bir məktəb tikilib. Kəndin qəbristanlıq sahəsi də abadlaşıb. Mal-qaranın girməməsi üçün  ətrafına tor çəkilib. Əlavə olaraq bulaq da çəkilib ki, ölüsünü ziyarət edənlər burada  oturub dincələ bilsinlər.Ağsunun dağətəyi rayonlarında  bircə su problem qalıb, inanıram ki, o da bu yaxınlarda öz həllini tapacaq.
Qeyd etmək istərdim ki, Ağsunun  özündən  də  çox onun  insanları  gözəldır. Ağsunu  ziyarətə  gedərkən, hər dəfə onların sadəliyi, qonaqpərvərliyi, böyüyə hörməti, canıyanaqlıqları məni valeh edir. Mən bilirəm ki, onlar heç vaxt səni tək qoymazlar.
- Gənclərimizə nəyi tövsiyyə edərdiniz? 
- Hərənin  bir qisməti, bir yolu var. Bizim  nəslin  nümayəndələri  kimi onların səbri yoxdur. Onlar hər şeyə  tezliklə nail olmaq istəyirlər. Allah onların hər birinə uğur versin. Lakin, seçdiyiniz yolla irəliləyərkən, ərslərlə bizim böyüklərimizin riayət etdikləri mənəvi dəyərləri yaddan çıxartmasınlar.
- Mədəniyyət ocaqlarına qarşı maraq sizi qane edirmi?
- Mədəniyyət ocaqlarına qarşı  maqar gündən-günə artır. Lakin, mən bir muzey işçisi kimi deyə bilərəm ki, bu məni o qədər də qane etmir. Bunun üçün reklam bizdə aşağı səviyyədədir. Hələ qarşıda görəcəyimiz işlər çoxdur. Bildiyiniz kimi, gənclər daha çox internet qarşısında oturmaqla dünyadan xəbər tutur. Buna rəğmən, saytlarımızda  mədəniyyət ocaqlarımız haqqında yetərincə məlumat verməliyik. Yeniyetmə ve gənclərin mədəniyyət ocaqlarına daha cox cəlb edilməsi üçün KİV vasitəsilə də maraqlı cəlbedici  proqramlar hazırlamalı, muzeylərində nümayiş olunan eksponatları haqqında roliklər hazırlayıb internet saytlarında yerləşdirməliyik.
- Bir dəfə muzeyə ziyarət edən insan muzeyə yenidən niyə gəlməlidir? 
- Muzeylər yenilənir, hər il muzeylərin ekspozisiyasında yeniliklər olur, yeni materiallar  daxil olduqca  ekspozisiya da yenilənir, və ya  köhnə  materiallar fondlarda qorunan  digərləri ilə əvəz edilir. Lakin, bizim informasiya vasitələrimiz gördüyümüz  işlərdən  geri qalır. Saytlarımızda bunları yetərincə reklam edə bilmirik. Məncə, bu cəhətdən işlərimizi canlandırmalıyıq. İnsanları yenidən Muzeylərə gəlməyə həvəsləndirməliyik. 
- Xaricdəki muzeylərin ziyarətçilərin sayı olduqca coxdur. Amma ölkəmizdə rəqəm ürək açan deyil. Bu nədən qaynaqlanır?
- Bunun bir çox səbəbləri var. Sözsüz ki, muzeylərimiz Azərbaycanın mədəni irsi ilə tanış olmağa gələn ziyarətçılər ekspozisiya ilə tanış olmaq yeri olmaqla  bərabər, həm də həm də istirahət mərkəzləri   olmalıdır. Muzeylərdə kafelər, dükanlar, suvenir və eyni zamanda  üzərində  muzey materiallarının əks olunduğu suverinirlərin satışı təşkil olunmalıdır. Lakin, bizdə muzeylərin sahəsi balaca, maşın saxlamağa isə yer məhduddur. Muzeylər  tikilərkən, bunlar nəzərə alınmalıdır. İstirahət  günləri insanlar  ailəüzvləri ilə gəlməli, hər bir ailə üzvünün maraq dairəsinə uyğun ekskursiyalar təşkil olunmalıdır. Xüsusilə, ailənin kiçik yaşlı uşaqları üçün xüsusi proqramlar təşkil olunmalıdır. 
 
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN