Ağsu rayonu ərazisində qədim yaşayış məskəni aşkarlanıb

Tarix: 14-1-2015 // saat: 20:31
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası rayonun Bəyimli kəndi ərazisində yerli əhalinin “Torpaq qala” adlandırdığı yerdə qədim yaşayış məskəni aşkar edib.
AzərTAc xəbər verir ki, professor Qafar Cəbiyevin rəhbərliyi ilə 2000 kvadratmetr sahədə aparılan ilkin kəşfiyyat qazıntıları III-VIII əsrlərə aid olması ehtimal edilən şəhərin mədəni təbəqəsini əhatə edib. 2014-cü ildəki tədqiqatlar zamanı yaşayış evləri və inzibati binalar, daş döşənmiş yollar, iri təsərrüfat küpləri aşkarlanıb. Qazıntılar nəticəsində Roma, Sasani və Bizans dövlətlərində zərb olunan mis və gümüş sikkələr tapılıb. Tunc və əqiq möhürlər, nərd zərləri və daşları, ilbiz formalı nadir saxsı qablar abidənin zəngin olmasından xəbər verir.
Rumıniyadan dəvət olunan mütəxəssis alim Nicu Cristi abidənin topoqrafik planını hazırlayıb. Nəticədə divarları ilə birlikdə şəhər qalıqlarının 12 hektar ərazini əhatə etdiyi bəlli olub. Şəhər çiy kərpicdən hündür qala divarları ilə əhatə edilib. Qalanın Mehravanlar sülaləsinə mənsub olduğu ehtimal olunur. Qafqaz Albaniyasında sonuncu hakim sülalə olan Mehravanların ilk qala şəhərlərinin bu ərazidə olduğu güman edilir. Yeni aşkarlanan abidədə arxeoloji qazıntılar “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Elmə yeni bəlli olan bu abidə hələ dövlət qeydiyyatına alınmayıb. Hazırda bu istiqamətdə lazımi tədbirlər görülür. 2015-ci ildə ərazidə arxeoloji tədqiqatlar davam etdiriləcək.
http://azertag.az/xeber/824730
 









Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN