“Az-Qranata”nın məhsulları dünyanın 21 ölkəsinə ixrac olunur

Tarix: 13-1-2015 // saat: 16:52
Respublikamızın digər rayonlarında olduğu kimi, aqrar bölgə kimi tanınan Ağsuda da qısa vaxtda “Az-Qranata” MMC-nin iri meyvə şirələri və şərab emalı zavodunun fəaliyyətə başlaması, bu müəssisənin dünyanın 21 ölkəsinə məhsul ixrac etməsi qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafına dövlətin böyük marağının və qayğısının təzahürüdür. AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2011-ci ildə Ağsuya səfəri zamanı açılışında iştirak etdiyi zavodun istehsal gücü ötən il 5 milyon 384 min litrə çatıb. Bu gün zavodda 23 adda meyvə şirəsi, 20-dən çox adda spirtli içki buraxılır. Öz keyfiyyətinə görə zavodun məhsullarına Rusiya, ABŞ, Almaniya, Avstriya, Polşa və digər ölkələrdə yüksək tələbat vardır. Emal müəssisəsində istehsal edilən nar şirəsi Rusiyada keçirilən kənd təsərrüfatı məhsullarının beynəlxalq sərgisində 2 dəfə dalbadal--2013 və 2014-cü illərdə qızıl medala layiq görülüb. “Rübai”, “Səyyah” şərabları da 2014-cü ildə Yaltada keçirilən beynəlxalq sərgidə qızıl medal qazanıb. Bütün bunlar heç də təsadüfi deyil. Çünki zavod nəinki Azərbaycanda, Cənubi Qafqazda bu sahədə ən böyük və ən müasir avadanlıqlarla təchiz edilən müəssisələrdən biridir. Əsas avadanlıqlar Almaniya, İsveçrə, İtaliya və Fransadan gətirilib. Almaniyanın “Feotveq” şirkətindən alınan xüsusi pres avadanlığı vasitəsilə nar və üzümdən çəyirdəyi qırmadan meyvə suyu alınır. Məhz bu uğuruna görə müəssisəyə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq biosertifikat verilib. Zavodda 2013-cü ildən etibarən ilk dəfə olaraq sənaye üsulu ilə Azərbaycanın qədim milli spirtsiz içkisi olan “Abqora” (kal üzüm şirəsi və ya qora suyu) istehsal olunur. Şəkərli xəstələr, qan təzyiqindən əziyyət çəkənlər üçün əsl məlhəm olan, dahi Azərbaycan şairi Nizaminin “Sirlər xəzinəsi”də adı çəkilən “Abqora”nın istehsalı müəssisənin daha bir uğuru sayıla bilər. Bu gün “Az-Qranata” MMC öz istehsal sahəsini daha da genişləndirməkdədir. Müəssisəyə məxsus 350 hektar nar, 300 hektar üzüm bağı vardır. Bu bağlarda ümumilikdə 46 nəfər yerli sakin çalışır. Emal müəssisəsinin özündə isə hazırda 217 nəfər işləyir. Burada orta aylıq əmək haqqı 203 manat təşkil edir. Hazırda zavodda yeni istehsal sahəsi tikilir. 2015-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan yeni sahədə sırf şərab məhsulları istehsal olunacaq. Buraya əlavə olaraq 50 nəfər işçi cəlb ediləcək. Şübhəsiz, “Az-Qranata” MMC-nin bu iri emal müəssisəsi Azərbaycanda qeyri-neft sektorunun , o cümlədən sənayenin inkişafına dövlətin marağının, ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət və qayğısının bəhrəsidir.
Adil Ağayev  /    http://azertag.az/xeber/824315
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN