Azərbaycan-Gürcüstan münasibətlərinin Gürcüstanda yaşayan Azərbaycanlıların həyat tərzinə təsiri

Tarix: 9-1-2015 // saat: 16:39
Azərbaycan-Gürcüstan münasibətlərində həlledici amillərdən biri Gürcüstan əra­zi­sində azər­bay­can­lı­la­rın, Azərbaycan ərazisində isə gürcülərin yaşamasıdır. Ona görə də, iki ölkə arasında siyasi, iqtisadi və mə­də­ni əlaqələrin yüksək səviy­yə­də və ya əksinə olmasının onların həyat tərzinə birbaşa təsiri var. Əlbəttə ki, bu real­lı­ğı əsasən Gür­cüstandakı soydaşlarımıza daha çox şamil etmək olar. Digər tərəfdən, on­ların, xü­su­silə də, azərbaycanlıların durumu öz növbəsində qeyd olunan əla­qə­lə­rin inki­şa­fın­da böyük rol oynayır.
Bildiyimiz kimi, Gürcüstan Qafqazın ən polietnik dövləti sayılır. 1989-cu ilin məlumatlarına görə, bu­ra­da əhalinin 30 %-indən çoxu başqa millətlərin nüma­yən­­dələrindən ibarət idi. Rəs­mi olaraq 4 677 401 nəfər (2005-ci il) əhalisi olan Gürcüstanın 83,8 %-ini gürcülər təşkil edir. Görün­dü­yü kimi, ilk baxış­dan gür­cülərin artımı müşahidə olunur. Lakin rəsmi məlu­mat­la­ra görə, ötən illər ərzində etnik gürcülərin artımı ol­ma­mışdır. Deməli, sadəcə ola­raq digər etnik azlıqların kütləvi şəkildə köçü nəticə­sin­də etnik gürcülərin faizi art­­­mış­dır. Bu­nun isə başlıca səbəbləri aşağıdakılar idi: etnik azlıq­la­ra qar­şı rəsmi (xü­su­silə də Z.Qamsa­xur­di­ya dövründə) və qeyri-rəsmi diskriminasiya, ümu­mi so­sial-iq­tisadi prob­lemlər, siyasi hadisələr və s.
Əlbəttə, bu poseslər azərbaycanlılardan da yan keçmədi. Hətta demək olar ki, diskriminasiyaya ən çox uğrayan məhz soydaşlarımız olmuşlar. Təhlil olunan il­­lər ərzində Borçalıdan köçkünlərin sayı 100 mini keç­məsinə baxmayaraq azər­bay­­canlılar hal-hazırda da gürcülərdən sonra ölkədə olan birinci çoxluqdur.
Gürcüstanda yaşayan azərbaycanlıların sayı ilə bağlı rəsmi və qeyri-rəsmi məlu­matlar arasında ciddi fərq­­lər var. Üstəlik maraqlıdır ki, rəsmi statistika tez-tez dəyi­şir. Belə ki, rəsmi məlumatlara əsasən 1979-cu il­də Gürcüstanda yaşayan azər­bay­­canlıların miqdarı 257 min nəfər, 1989-cu ilin siyahıya alın­ma­sı­na əsa­­sən 307 556 nəfər, 2000-ci ildə 289 761 nəfər, 2002-ci ildə 284 761 nəfər, 2004-cü ildə isə 247 789 nəfər göstərilmişdir. 2006-cı ilin məlu­mat­­la­rına görə, soydaşlarımızın sayı rəs­mi olaraq 304 031 nəfər göstərilir ki, bu da ölkə əha­li­si­nin 6,5 %-ini təşkil edir.
Lakin qeyd etməliyik ki, müəyyən səbəblərə görə azərbaycanlıların sayı həmi­şə ol­duğundan xeyli az gös­tərilmişdir. Belə ki, qeyri-rəsmi məlumatlarda azər­bay­can­lı­la­rın sayı 1988-1989-cu illərdə 600000-700000 civarında olmuşdur. 1990-1994-cü illərdə soydaşlarımızın sayı məlum səbəblərə görə kəs­kin sü­rətdə azal­mışdır. Məsələn, göstərilən dövrdə təkcə Dmanisi rayonunu yaşı əlliyə qədər olan azər­­baycanlı və­təndaşların 80 %-i tərk etmişdir. Və yaxud 1990-1991-ci il­lərdə Bolnisi şəhərindən 742 azər­bay­canlı ailə qovulmuşdur.
Lakin ikitərəfli münasibətlərdə aparılan fundamental dəyişikliklərdən sonra 1995-1996-cı illərdə Azər­baycandandan yüzlərlə azərbaycanlı ailəsi geriyə, Gür­cüs­ta­na qayıtmışdır. İndi qeyri-rəsmi hesab­la­ma­la­ra görə, Gürcüstandakı azər­bay­can­lı­la­rın sayı təxminən 400000-500000 civarındadır.
Azərbaycanlılara qarşı yönəldilmiş diskriminasiyanın acınacaqlı nəticələrini Gür­­cüstanda olan Azər­bay­can məktəbləri barədə məlumatları araşdırdıqda üzə çıxarmış olarıq.
2006-cı ilin məlumatlarına görə, Gür­cüstandakı Azər­bay­can məktəblərinin sayı 164 ça­tıb, ki bun­ların 72 orta, 55 nata­mam orta, 7 eks­pe­ri­men­tal, 30 ibtidai məktəbdir. Bu məktəblərin sayı rayon və şəhərlər üzrə aşağıdakı kimidir:
Mar­­­neuli – 61, Bolnisi – 40, Dmanisi – 29,  Qardabani – 15, Saqareco – 5, Laqo­de­xi - 5, Za­l­qa – 2, Tetriskaro – 2, Telavi – 1, Rustavi – 2, Tbilisi – 2. Bu mək­təb­lər­də ümu­­­­milikdə 36 771 nəfər şagird oxuyurdu. Azərbaycan məktəblərində 4 minə ya­xın müəl­lim çalışırdı.
Qeyd etmək lazımdır ki, Gürcüstanda azərbaycanlı tələbələr əsasən S.S.Orbeliani adına Tbilisi Döv­lət Pedaqoji Universitetinin Azərbaycan dili və ədə­biy­yatı böl­mə­sin­də, həmin Universitetin Marneuli fi­lia­lın­da, İ.Cavaxişvili adına Tbi­li­si Dövlət Uni­ver­sitetinin Marneuli filialında və bir sıra başqa ali təhsil ocaq­la­rın­da təh­sil alırlar.
Gürcüstan azərbaycanlıları əsasən ölkənin Kvemo-Kartli (243 min nəfər), Şida-Kart­li (8 min nəfər) və Ka­xet (11 min nəfər) böl­gələrində məskunlaşmışlar. Onlar yığ­cam şəkildə Marneuli (Sarvan) (91,5 min nə­fər), Bol­ni­si (Lüksemburq) (53,8 min nə­­fər), Dmanisi (Başkeçid) (33,1 min nəfər) və Qardabani (Qa­ra­ya­zı) (48,8 min nə­fər) rayonlarında ya­şa­yır­lar. Bundan başqa, azərbaycanlıların müəyyən miq­­darı Tbi­lisi (13,4 min nəfər), Rustavi (4,5 min nəfər) və başqa şə­hər­lərdə, o cüm­lə­dən Zalqa (2 min nəfər), Tet­ri­ska­ro (Ağbulaq) (1,7 min nəfər), Saqareco (18,9 min nə­fər), Telavi (8,4 min nəfər), Laqodexi (11,4 min nəfər), Kas­pi (3,9 min nəfər), Ka­re­li (1,2 min nəfər), Msxeta (2,2 min nəfər), Qori (607 nəfər) rayonlarında və Aca­rıs­tan Muxtar Pespublikasında (542 nəfər) yaşayırlar. Hazırda Gürcüstan əra­­zisində azər­­bay­can­lılar yaşayan kəndlərin sayı 200-dən çoxdur. Onların 171-də el­lik­lə azərbaycanlılar məskundurlar. Ma­raqlı bir faktı da vurğulayaq ki, Gürcüstanda əha­lisinin çoxluğu baxımından ən iri kənd sırf azər­bay­can­lı­lar yaşayan Marneuli ra­yo­nunun Sadaxlı kəndidir (9486 nəfər).
Qeyd etdiyimiz kimi, XX əsrin 80-cı illərinin sonu, 90-cı illərinin əv­vəl­lərin­də Gürcüstan müstəqillik qazan­dıqdan sonra bir çox mürəkkəb icti­mai-siyasi və sosial-iqtisadi problemlərlə üzləşdi. İllərlə aradan qal­dı­rılmayan qey­ri-sabitlik, siyasi qarşıdurmalar ölkənin bütün əhalisi kimi azərbaycanlıların da ya­şa­yış tər­zi­nə, siyasi və ictimai statusuna öz mənfi təsirini göstərmişdir.
Z.Qamsaxurdiyanın hakimiyyətə gəlməsi ilə Gürcüstanda ayrı-seçkilik siyasəti daha da şid­dən­lən­miş­dir. Mənəvi-mədəni təzyiq siyasəti nəticəsində cəmiyyətdə azər­bay­canlı ziyalılara yer verilmir, aşağı səviy­yəli ziyalılar (müəllim, yerli kənd rəh­bərləri və s.) istisna olmaqla ziyalıların çoxu Gürcüstanı tərk edir­di, rayon rəh­bər­li­yin­də yerli azərbaycanlı kadrlar get-gedə seyrəlirdi. Sosial-iqtisadi təzyiq siya­sə­ti nəti­cə­sin­də azərbaycanlı əhali torpaq almaqdan məhrum edilirdi, belə də iş­siz­lik artırdı, iqtisadi vəziyyət dözülməz olur­du. Bundan başqa, pasport qeydiyyatı məh­dudlaşdırılırdı, mədəni-marif, səhiyyə ocaqlarında azər­bay­can­lılara yer veril­mir­di. Bir sözlə, Gürcüstanın keçmiş rəhbərliyi tərəfindən dövlət səviyyəsində azər­bay­can­lı­­la­ra qarşı diskriminasiya siyasəti yürüdülmüş, nəticədə onlar ciddi prob­lemlərlə üz-üzə qalaraq ölkəni küt­lə­vi şəkildə tərk etməyə məcbur olmuşlar.
1992-ci ilin oktyabrın 11-də keçirilən respublika parlamentinə seçkilərdə bir nəfər belə azər­bay­can­lı­nın seçilməsinə imkan verilməməsi ictimai-siyasi təzyiqin növ­bəti təsdiqi oldu.
Azərbaycanlıların yaşadıqları bölgələrdə qədim toponimlərin kütləvi şəkildə dəyiş­­dirilməsi də məhz bu dövrdə baş vermişdir. Təkcə Z.Qamsaxurdiyanın haki­miy­­yəti dövründə 60-dan çox kəndin adı gür­cü­ləş­di­rilmışdir. Onun hakimiyyətdən uzaq­laşdırılmasından sonra da bu proses davam etdirilmişdir. Məsələn, Bol­nisi rayo­nu­nun kəndlərindən Qoçulu – Xidisquri, Cəfərli – Samtredo, Mığırlı – Vanati, İmir­hə­sən – Sa­va­neti, Faxralı – Talaveri, Arıxlı – Naxeduri, Saraclı – Mamxuti və s. ad­lan­dırıldı.
1989-1994-cü illərdə Gürcüstanda azərbaycanlılara qarşı dövlət səviyyəsində ye­ri­dilən dis­kri­mi­na­si­ya siyasətini yerlərdə mafioz qrupların, cinayətkar dəstələrin azər­­baycanlıların yaşadıqları kəndlərə silahlı bas­qınları, adam oğurluğu, onların öldü­rül­məsi tamamlayırdı. Təkzibolunmaz faktlar sübut edir ki, ci­na­yət­kar dəstələr rayon və res­publika rəhbərliyi səviyyəsində dəstəklənirdilər. Beləliklə, müs­tə­qil­­­liyin ilk illərində Gürcüstanda yaşayan soy­daş­ları­mızın durumlarının kəs­kin şə­kildə pisləşməsi sözsüz ki, iki­tə­rəf­li münasibətlərə də mənfi təsir göstərmişdir.
Lakin qeyd edildiyi kimi, Azərbaycanda Heydər Əliyev, Gürcüstanda isə Eduard Şe­var­d­nad­ze rəh­bər­liyə gəldikdən sonra, onların gərgin fəaliyyəti sayəsində ölkələrdəki xao­tik vəziy­yət aradan qaldırıldı, sabit­lik əldə olundu, quldur və mafioz dəstələr məhv edil­di, ölkələrin beynəlxalq münasibətlər sistemində möv­qeyi möhkəmləndi, etnik azlıq­la­rın hüquqları tanındı, xüsusilə də Azərbaycanda onların hüquq və azad­lıq­ları tə­min edildi.
1995-ci ildə Eduard Şevardnadze prezident seçildikdən sonra azərbaycanlıların da prob­lemlərinin həll olunacağına böyük ümidlər yarandı. Azərbaycan-Gürcüstan əmək­daşlığı strateji tərəfdaşlıq səviyyəsinə qalx­dıqca bu ümidlər daha da artdı. Xüsusi vurğulamaq lazımdır ki, məhz Azərbüycan prezidenti Heydər Əliyevin bila­va­­sitə diqqəti və qay­ğısı nəticəsində Gürcüstan azərbaycanlılarının problemləri ilə bağlı hə­yata keçirilən dövlət rəsmilərinin səfər­ləri müsbət nəticələr verdi. 1994-cü il noya­brın 30-dan dekabrın 4-dək Azərbaycanın milli siyasət məsə­lə­ləri üzrə döv­lət müşa­vi­ri H.Orucovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana səfə­ri­nin əsas məq­sə­di məhz bu respublikada yaşayan soydaşlarımızın vəziyyəti ilə tanış olmaq, onların prob­lemlərini, qay­ğı­la­rı­nı həmin ölkənin dövlət rəhbərləri ilə müza­kirə etmək, humanitar və milli sahələrdə ikitərəfli əlaqələrin ge­niş­­lən­di­ril­mə­si­nə nail olmaq idi.
Milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı geniş­lən­dir­mək məqsədilə 1996-cı il ap­relin 24-dən 26-dək Tbilisidə “Milli azlıqların hü­quq­la­rının müda­fiəsi sahəsində regional əməkdaşlıq mə­sə­lələri” mövzusunda Gür­cüs­tan-Azər­bay­can birgə seminarı keçirildi. Seminarda Azərbaycan tərəfindən döv­lət mü­şaviri H.Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etdi. Seminarda mil­li azlıqların prob­lem­ləri, həlli yolları, bu sahədə əməkdaşlığın zəruriliyi və isti­qa­mətləri və s. məsə­lələr H.Orucovun, Gür­cüs­tan İnsan Hüquqlarının Müdafiəsi və Mil­lətlərarası müna­sibətlər Komitəsinin sədri A.Kavsadzenin, digər rəs­mi nüma­yən­dələrin məru­zə­lə­­rində öz əksini tapdı. Seminar zamanı bu sahə­də­ki əmək­daşlığın in­ki­şaf olması təsbit edildi.
Azərbaycan-gürcü birgə komissiyası yaradıldıqdan sonra 1998-ci il iyul ayı­nın 22-25-də H.Orucovun baş­çılığı ilə Azərbaycan nümayəndə heyəti növbəti dəfə Gür­cüs­­tanda oldu. Bu səfə­rin də məqsədi Gürcüstanda yaşa­yan azər­bay­can­lı­la­rın həll olunmamış problemləri ilə yaxından tanış olmaq idi.
Nəinki bu səfərlər zamanı, ümumiyyətlə, hər bir qarşılıqlı rəsmi və qeyri-rəs­mi sə­fərlər zamanı apa­rı­lan müzakirələrin və danışıqların ən başlıca mövzularından biri məhz Gürcüstanda yaşayan azərbaycanlıların si­yasi və sosial-iqtisadi vəziyyəti, on­ların dini və mədəni inkişafı ilə bağlı olmuşdur. Bir sözlə, Azərbaycan-Gür­­cüs­tan münasibətlərinin inkişaf dinamikasını və perspektivliyini şərtləndirən ən baş­lı­ca amillərdən biri məhz soydaşlarımızın insan hüquqlarının qorunması və onların möv­cud problemlərinin həll olunmasıdır.
Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Gür­cüs­­tan azər­bay­can­lı­la­rı­nın vəziyyəti və həyat şəraitləri daim Azərbaycan rəh­bər­li­yi­nin diqqət mərkəzində olmuşdur. Bu diqqətin nə­ti­cəsi olaraq Gürcüstanda yaşayan soy­­daşlarımızın hüquqlarının qorunması sahəsində müsbət dəyişikliklər baş verdi. La­kin çox təəssüf ki, azərbaycanlıların müəyyən problemləri həll olunsa da, təhlil et­di­­yimiz dövr­də onların bir çox sosial-iqtisadi və siyasi problemləri möv­cud­lu­ğu­nu sax­­la­mış­dır. Bu problemlərin coxu həll olun­mamış olaraq qalmaqdadır.
Beləliklə, Gürcüstanda yaşayan azər­bay­can­lıların vəziyyətində bəzi dəyişikliklər baş versə də, onların bir çox problemləri həll olunmamış olaraq qalmışdır. Bu problemləri aşa­ğıdakı kimi qruplaşdırmaq olardı:
1. Gürcüstanın ümumi sosial-iqtisadi problemləri. Buraya işsizlik, yox­sul­luq, ener­ji çatışmazlığı və s. prob­lemlər aiddir.
2. Torpaq bölgüsü problemi. Bu problem soydaşlarımızın üzləşdiyi ən əsas prob­­­lem­­lərdəndir. Məlum­dur ki, Gürcüstan azərbaycanlılarının böyük əksəriy­yə­ti ­kənd ra­­­­­yon­larında yaşayırlar və tarixən onla­rın əsas məşğuliyyəti kənd təsərrüfatı ol­­muş­­­­dur.  Belə ki, kənd əhalisi üzrə azərbaycanlıların xüsusi çəkisi bü­tövlükdə Kve­mo-Kartli bölgəsində 62,5 %, o cümlədən Marneuli rayonunda 86,4 %, Bolnisi rayo­nun­­da 85 %, Dmanisi rayonunda 74,4 %, Qardabani rayonunda 43,6 % və s. təşkil edir. Gür­cüstanın gür­cü və azərbaycanlı vətəndaşlarının dövlətdən torpaq al­­maq im­­kan­­ları qey­ri-bərabərdir. Azərbaycanlı kənd­li­lə­rin başlıca dolanışıq mənbəyi olan tor­pa­­­­ğın kən­d­li­lər arasında bölünməyib, torpağın çoxunun gürcü iş adam­­la­rı­nın,  o cüm­lə­dən svan­ların əlində toplanmasını soydaşlarımıza qarşı ayrı-seçkilik ola­raq də­yər­­lən­di­­ril­­­məlidir. Hət­­ta torpaq bölgüsü zamanı ortaya çıxan subyektiv ma­neələr bir kənara qo­yulsa belə, qəbul edil­miş qanunlar da ölkənin bəra­bər­hü­quq­lu vətən­daş­la­­rı sayılan azər­bay­can­lıların torpaq mülkiyyətçisinə çev­ril­mələrinə cid­di məh­du­diy­yət­­lər yaradır. Belə­lik­lə, 70%-ə yaxın azərbaycanlı kəndliləri torpaq sa­hələrindən məh­­­rum edi­lib­lər və ça­rəsiz azərbaycanlılar əlverişsiz şərtlərlə tor­paq­ları icarəyə gö­tür­məyə məc­bur­dular.
3. Təhsil sahəsindəki problemlər. Bu sahədə də problemlər çox ciddi xarak­ter daşıyır və soy­daş­la­rı­mı­zın ölkəni ötən illər ərzində tərk etməsinin əsas səbəb­lə­rin­dən biri kimi səciyyələndirilə bilər. Bu prob­lem­lər əsasən aşağıdakılardı:
Təd­ris müəssisələrinin maddi-texniki təchizatının aşağı səviyyədə olması, mək­təb bi­na­larının əksəriyyətinin bər­bad vəziyyətə düşməsi, ana dilində təhsil almaq im­kan­la­rın­dakı məhdudiyyətlərin aradan qaldırılmaması, azər­­baycanlıların bö­yük ək­sə­riy­yə­ti­nin gürcü dilini bilməməsi və bu problemin aradan qaldırılması üçün ef­fek­tiv təd­bir­lə­rin görülməməsi, dərsliklərin çatışmaması, tədrisin key­fiy­yə­ti­nin müasir stan­dart­la­ra cavab ver­məməsi, Azərbaycan dilli ali məktəblərin olma­ma­sı və s. prob­lem­lər ki, nə­ticədə azərbaycanlıların gürcü cə­­miyyətinə inteqrasiya prose­sinin kifayət qə­dər ləng getməsini şərtləndirən amillərdən birinə çevrilir. Bun­dan başqa, Azər­bay­can­da təh­sil alıb Gürcüstana qayıdan müəllim kadrlarının işə götürülməsinə yaradılan ən­gəl­­­lər pedaqoji kadrların kəskin qıtlığına gətirib çıxa­rır ki, bu isə təhsilin inkişafına ma­ne olur. Son mə­lu­mat­la­ra görə, 800 müəl­li­mə ehtiyac duyulur. Nəhayət, 2005-ci ildən ümumi təhsil sisteminin vau­çer sisteminə keçirilməsi ilə bağlı Azər­bay­can məktəblərinin maliyyə çatışmazlığı nəticəsində birləşməsi, ya­xud tamamilə bağ­lan­­ma təhlükəsi göstərilən problemləri daha da qabarıq şəkildə üzə çıxarmağa baş­la­mış­­dır.
4. Azərbaycan toponimləri ilə bağlı problem. Belə ki, qədim Azərbaycan topo­nimlərinin dəyiş­di­ril­mə­si son 100 ildə mütəmadi şəkildə baş vermiş və Z.Qam­sa­xurdiyanın dövründə intensiv şəkildə davam etdi­rilmişdir. Z.Qamsaxurdiyanın gös­tərişi ilə parlamentə təsdiqini tapmadan, qanunlaşdırılmadan baş ver­miş Azər­bay­can mən­şəli toponimlərin kütləvi şəkildə dəyişdirilməsi E.Şevardnadzenin haki­miyyəti illərində də­fələrlə müzakirə mövzusuna çevrilsə də, heç bir konkret təd­bir görül­mə­miş­dir və hazırda Gürcüstan azər­bay­canlılarının tarixi yaddaşı ilə əla­qə­dar həmin həs­sas problem həllini gözləməkdədir.
5. Azərbaycanlıların yüksək dövlət vəzifələrinə təyin edilməsi ilə bağlı prob­lem. Azərbaycanlıların ya­şa­dıqları bölgələrin heç birində rayon rəhbərlərinin azər­bay­canlı olmaması bu problemin kifayət qədər cid­di olduğunu göstərir. Ölkədə 40 min­dən çox ali təhsilli azərbaycanlı olmasına və onların sırasında gürcü di­­lini bilən­lə­rin də az olma­masına baxmayaraq, (2002-ci ilin rəsmi məlumatlarına əsa­sən azər­bay­ca­n­­lıların 43 034 nəfəri gürcü dilini sərbəst bilir) yüksək vəzifədə çalışan cə­­mi bir neçə nəfər azər­baycanlı var. Eyni zamanda, soydaşlarımızın hüquq-mühafizə or­­qan­larına qə­bul edilməsi də cid­di problemlərdən biri­dir.
Ən təhlükəlisi isə odur ki, bu meyl təkcə mərkəzi deyil, regional hakimiyyət or­qan­ları üçün də səciy­yə­­vidir. Borçalının hətta azərbaycanlıların çoxluq təşkil etdikləri ra­yonlarında da (Marneuli, Bolnisi, Dma­ni­si) icra strukturlarında, o cümlədən polis, pro­kurorluq, vergi orqanları, xalq təhsili şöbələri və s. rəhbər iş­çi­lər gürcülər, əksər hal­larda Tbilisidən göndərilən gürcülərdir. Azərbaycanlılar isə, ən yaxşı halda, rəh­bər-gür­cünün müavini postuna qədər yüksələ bilər. Müqayisə üçün, ermənilərin məskunlaşdıqları Cavaxetiyada (Axal­kalaki) durum başqa cürdür – icra hakimiyyəti baş­çısı, rayon prokuroru, polis rəisi, xalq təhsili şöbə­si­nin rəhbəri, vergi inspektoru da et­nik ermənilərdir. Nəhayət, azərbaycanlıların çoxluq təşkil etdikləri Kve­mo-Kertli (Bor­çalı) bölgəsinin yerli özünüidarəetmə orqanlarında azərbaycanlılar 25-30 %, deməli, yenə də az­lıq təşkil edir. Nəticə eti­ba­rı ilə, Gürcüstanda azərbaycanlılardan ibarət az­lı­ğın hüquqlarının müdafiəsi, demək olar, mümkünsüz bir işə çevrilir.
6. İnformasiya təminatı ilə bağlı problemlər. Gürcüstanda Azərbaycan dilli küt­ləvi informasiya vasi­tə­lərinin sayı olduqca azdır. Gürcüstan azərbaycanlılarının öl­kədə ayrıca televiziya və radio kanalının ol­ma­sı, yaxud bütün ölkə ərazisində ya­yım­lanan kanallarda onlara ana dilində verilişlər hazırlamaq üçün saatlar ay­rılması həl­li gözlənilən problemlərdəndir. Ümumiyyətlə, bu və digər səbəblər soy­daş­la­rı­mız­da in­for­ma­si­ya qıtlığı yaradır ki, nəticə etibarilə bu da onların vətəndaşı ol­duq­la­rı ölkənin ictimai-siyasi həyatından kə­nar­da qalmasına gətirib çıxarır.
7. Azərbaycan mədəni irsinin təbliğ edilməsi və qorunması sahəsində möv­cud olan problemlər. Belə ki, Azərbaycan Mədəniyyət Mərkəzinin, Tbilisi Azər­bay­can Döv­­lət Dram Teatrının binasının bərbad hala düş­məsi, bu azmış kimi, teatrın bina­sı­nın bir neçə otağında gürcü və erməni ailələrinin məskunlaşması (müx­tə­lif dövrlərdə Ab­xaziya və Osetiyadan köçmüş qaçqınlar), xalqımızın Gür­cüs­tan­da dəfn edilmiş gör­kəmli şəx­siyyətlərinin qəbirüstü abidələrinə, onların ev-muzey­lərinə biganə mü­na­si­bətin olması mədəni irsin lazı­mı səviyyədə təbliğ edil­mə­mə­­si və qorunmamasını üzə çıxarır.  Eyni zamanda, Gürcüstan ərazisindəki qə­dim türk abi­dələrinin mü­ha­fizə­si sahəsində də problemlər mövcuddur.
8. Dini dəyərlərin qorunub saxlanması sahəsində mövcud olan problemlər. Belə ki, Gürcüstanda mü­səl­manların xristianlaşdırılması ilə bağlı təbliğatlar apa­rı­lır və məq­səd də etnik azlıqların assimilyasiyasına nail olmaqdır. Əksinə, azər­bay­can­­lılar arasında islamın təbliği demək olar ki aparılmır, bu isə dini savad­sı­z­lı­ğa şə­rait yaradır və nəticədə də dini dəyərlərin itirilməsinə gətirib çıxara bilər.
Beləliklə, aparılmış araşdırma və təhlillər göstərir ki, Gürcüstan azər­bay­can­lı­la­rı­­nın həll olunmamış ola­raq qalan əsas problemləri nəinki soydaşlarımızın həyat tər­­zi­­nə və yaşayış şəraitlərinə mənfi təsir edir, eyni zamanda da Azərbaycan-Gür­cüs­tan mü­­nasibətlərinə kölgə salır ki, bundan da hər iki xalqın düşmən qüv­vələri kifa­yət qə­dər istifadə edir. Digər tərəfdən, ən vacib, həllini tapmayan problemlərdən sayılan tor­­­­­­­­­­paq prob­lemi, işsizlik, təhsildə yaranan yeni islahatlarla bağlı çaşqınlıq, mə­də­niy­yət, in­­­formasiya və idman sahə­sin­də yaranan boşluqlar miqrasiya prosesini (əsasən Ru­­­­si­ya və Azərbaycana) getdikcə artırır. Lakin qeyd etdi­yimiz kimi, Azərbaycan-Gür­­­cüstan stra­te­ji tərəf­daş­lığının inkişafı bizləri ümidvar edir ki, bu problemlər də ara­­­­dan qal­dı­rı­la­­caq. Əks hal­da Azərbaycan-Gürcüstan münasibətlərində sünilik kök sala­caq­, bu isə o demək­dir ki, Qafqazın təhlükəsizliyi və inkişafı daim sual altında ola­caq­­d­ı­r. Dünyada, re­gionda, hətta Gürcüstanın özündə elə qüvvələr var ki, Azər­bay­­can və gürcü xalqlarının ənənəvi dostluq və meh­riban qonşuluq müna­si­bət­lərinə zərbə vurmaq niyyətiylə separatçılıq hərəkətlərinin yaranmasına çalış­mış­lar və hal-ha­zır­da da çalışırlar. Məsələn, ayrı-ayrı vaxtlarda Azərbaycanın ərazi bütöv­lü­yü təhrif olu­nan xəri­tə, dərslik və müxtəlif “əsərlərin” gürcü əhalisinə pay­lan­ma­sı, gürcü gənc­lə­rin Gürcüstanda ali mək­təb­lə­rə təmənnasız qəbul edilərək onların xris­tian­laş­dı­rıl­ma­­sı və beyinlərinin separatçı ideyalarla silah­lan­dırıl­ma­sı, islam dinin­ə mənsub gür­cü­­lə­rin arasında təhlükəli xristian təriqətlərin təbliğ olunması və s. fakt­lar heç şüb­­hə­siz se­paratizm məqsədi güdür. Bundan əlavə, bir məqamı da qeyd etmək yerinə dü­şərdi ki, hələ Gürcüstan SSR dövründə gürcü soyadını qəbul etmiş ermənilər sonralar bu ölkədə yüksək postlar belə tutdular. Bu isə ona təsir edir ki, Gür­cüs­tan ha­ki­miyyətində təmsil olunan bəzi qüv­­­vələr Azərbaycana və azərbaycanlılara qarşı iki­li siyasət yeri­dir. Əlbəttə, dövlətlərarası əlaqələrin strateji tərəfdaş səviyyəsində və xalqlar ara­sın­da müna­sibət­lə­rin sivi­li­za­siyalı məcrada olduğundan yuxarıda qeyd olunan tip­li təx­ribatların nəti­cə­siz qalacağı şübhə doğurmur. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN