Bölgə gənclərinin ixtisas və bacarıqlarına uyğun işlə təmin olunmaları üçün layihə reallaşdırılır

Tarix: 9-1-2015 // saat: 15:51
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Uğur akademiyası” adlı layihənin icrasına başlayıb.
AzərTAc xəbər verir ki, gənclərin kənd təsərrüfatı sahəsində məşğulluq probleminin həllinə töhfə vermək, insan kapitalı resurslarının inkişafına dəstək olmaq, regionun sosial-iqtisadi inkişafına kömək göstərmək məqsədilə həyata keçirilən layihədə Göyçay, Ucar və Ağdaş rayonlarından olan 50 nəfər gənc iştirak edir. Layihənin tələblərinə uyğun olaraq əvvəlcə gənclər arasında sosioloji sorğu keçirilib. Sonrakı mərhələdə təşkilatın ofisində gənclərin ixtisas və bacarıqlarına uyğun iş yerləri tapmalarına, bununla da məşğuliyyətlərinin artırılmasına, o cümlədən cəmiyyətə daha tez inteqrasiya edilmələrinə yardım göstərmək məqsədilə təlimlər keçiriləcək.
Həmçinin şəxsi inkişafın ictimai statusunun yüksəldilməsi, şəxsi inkişafa həvəsin oyadılması, peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və şəxsi inkişaflarında fərqlənən gənclər üçün dövlət və özəl müəssisələrinə öyrənmə səfərləri təşkil edilməsi təmin ediləcək. Regionda gənclərin məşğulluq imkanlarının artırılmasına və onların peşə təhsili üzrə kurslara cəlb olunmasına şərait yaradılacaq. Bununla əlaqədar xüsusi təlim vəsaiti hazırlanıb. Qeyd edək ki, Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşlarının, bu sahədə təcrübəli ekspertlərin iştirakı ilə yanvarın 24-də Göyçayda forum keçirilməsi planlaşdırılır.
http://azertag.az/xeber/823499

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN