Arxeoloji turizm: Araşdırma, təbliğat və tədris

Tarix: 31-12-2014 // saat: 20:10
Arxeoloji turizm turizmin yeni sahələrindən biridir. Əslində mədəni turizmin daxilində yer alan və insanların qədim dövrə, keçmişə marağından doğan istək əsasında formalaşan bu turizm sahəsi öz spesifikliyi ilə fərqlənir. Arxeoloji turizm əsasən iki mənada başa düşülür: arxeoloji qazıntı sahələrinin ziyarət edilməsi və arxeoloji qazıntılara müəyyən müddətlərdə qoşulma. Arxeoloji turizmin hədəf kütləsi cəmiyyətin intellektual kəsimi və arxeologiyaya uşaqlığından həvəs göstərən müxtəlif ixtisas sahibləridir. Hər hansı siyasətçi, bank işçisi, həkim, rəssam və digər istənilən peşə sahibləri məzuniyyətlərini daim arzusunda olduqları arxeoloji qazıntı sahəsində keçirə bilərlər. Bu turizm sahəsinin inkişafı nəinki turizm iqtisadiyyatına yeni məhsul təqdim edir, eləcə də arxeologiyanın bir elm kimi innovativliyini artırır.
MİRAS İctimai Birliyinin sədri və ekspert kimi mən arxeoloji turizmlə ilk dəfə 2008-ci ildə tanış olmuşam. Perunun Lima şəhərində həmin il keçiriləcək IV Beynəlxalq Arxeoloji Turizm Konfransı haqqında məlumat almağım məni arxeoloji turizmi araşdırmağa sövq etdi. Düzdür, yolun uzaqlığı və lazımi maliyyəni tapa bilməməyim mənim həmin konfransa qatılmağıma mane oldu. Lakin mən yeni bir sahəni kəşf etmiş oldum.
Arxeoloji turizm məhsulunun ortaya çıxması üçün 3 əsas yolu izləmək lazımdır: araşdırma, konservasiya və təbliğat. Əslində bunu arxeologiya ilə əlaqələndirmək olar, lakin mütləq mənada arxeoloji turizm məhsulu ortaya çıxarılacaqsa, bu məqamlar nəzərə alınmalıdır.
İndiyə qədər Azərbaycanda arxeoloji turizm sahəsində 3 böyük layhənin tərəfdaşı və eksperti olmuşam. Bu layihələr "Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi", "Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği" və "Ümumi mədəni irs şəhərləri Beynəlxalq Arxeoloji turizm layihəsi"dir.
Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksi layihəsi MİRAS İctimai Birliyinin müstəqil layihəsi olub, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıqda həyata keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ağsu rayonu İcra hakimiyyəti layihəyə dəstək verib. Əfşarlar dövlətini yaradan və XVIII əsrin 30-40-cı illərində hakimiyyətdə olan Nadir şahın inşa etdiridiyi Ağsu şəhəri o zaman Qafqazın ən böyük şəhəri hesab edilirdi. Arxeoloji baxımdan heç zaman öyrənilməyən 40 hektarlıq şəhərin 1,5 hektarını Ağsu arxeoloji ekspedisiyası 2010-2012-ci illərdə öyrəndikdən sonra, qazıntı sahələrinin üzəri metal konstruksiya ilə örtülmüş, qalıqlar konservasiya edilmiş, içərisində sərgi zalları qurulmuşdur. Mütəxəssislər Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihsəini elmi innovativ layihə kimi dəyərləndirmişlər. Hazırda turistlərin hər fəsildə ziyarət edə biləcəkləri vəziyyət olan kompleks Azərbaycanın qazıntı sahələrini yerindəcə görmək imkanı olan azsaylı yerlərdən biridir. Nəşrlər, seminar və konfranslar, infoturlar bu arxeoloji turizm layihəsinin səmərəliliyini artırmış, heç zaman ziyarət edilməyən ərazi 2013-cü ildə 8000 nəfər ziyarətçi qəbul etmişdir.
Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği layihəsi də MİRAS İctimai Birliyinin müstəqil layihəsi olub, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası tərəfindən maliyyələşib. 2011-ci ilin avqust, sentyabr və oktyabr aylarını əhatə edən layihə çərçivəsində universitetlərdə seminarlar keçirmək, arxeoloji turizmi və perspektiv abidələri tanıdan "Azərbaycan inciləri" kitabçasını nəşr etmək, "Azərbaycan abidələr diyarıdır" sənədli filmini çəkmək və www.archaeotourism.az web portalını yaratmaq əsas vəzifəmiz idi. Məqsədimiz arxeoloji turizmin Azərbaycanda yeni bir turizm sahəsi kimi tanıdılmasına nail olmaq idi. Layihənin başlanğıcında yoxladığımız zaman internet axtarış sistemlərində üzə çıxmayan azərbaycan dilində "arxeoloji turizm" ifadəsi, layihənin sonunda demək olar ki, yüzlərlə rast gəlinmişdir.
Ümumi mədəni irs şəhərləri Beynəlxalq Arxeoloji turizm layihəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olub, İslam Əməkdaşlıq Təşkilatının iqtsadi qanadı olan COMCEC tərəfindən maliyyələşib. Məqsəd Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstanın arxeoloji turizm potensialını öyrənmək və yekun beynəlxalq arxeoloji turizm turunu formalaşdırmaq olub. 2014-cü ilin aprel-oktyabr aylarında həyata keçirilən layihənin araşdırma hesabatı hazırlanıb, tur-proqram yaradılıb və bununla bağlı sentyabr ayında 4 ölkənin nümayəndələrindən ibarət workshop da keçirilib.
Lokal layihələrdən başlayaraq beynəlxalq layihələrə qədər arxeoloji turizm sahəsində apardığımız araşdırmalar göstərmişdir ki, dövlət-özəl-qht münasibətlərinin qurulmasında müstəsna imkanlar yaradan bu turizm sahəsi yaxın gələcəkdə daha cəlbedici olacaqdır. Turizm təmayüllü təhsil müəssisələrində arxeoloji turizmin tədrisinə ehtiyac vardır. Arxeoloji turizm tədris edilərkən təkcə arxeoloji və turizmə aid aspektlər əsas götürülməməli, çevrə, ətraf və sosial mühitlə birlikdə tədris edilməlidir. Arxeoloji turizm potensialı olan abidələr əsas alınmalı və dərslər onların üzərində qurulmalıdır.
Arxeoloji turizmə dair nəinki beynəlxalq, heç Avropa dəyərləri də hələ tam formalaşmamışdır. Qafqaz bölgəsi olaraq bu sahənin inkişafında yer almaqla yanaşı, arxeoloji turizm dəyərlərinin formalaşmasına da köməklik göstərə bilərik. 
 
Dr. Fariz Xəlilli
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN