Göyçayda taxıl səpini başa çatıb

Tarix: 30-12-2014 // saat: 12:19
Göyçay rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasını başa çatdırıblar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildiriblər ki, gələn ilin məhsulu üçün 13 min 756 hektar sahədə taxıl səpini aparılıb. Bunun 6503 hektarını buğda, 7253 hektarını arpa təşkil edir.
Taxıl səpini rayonun Qaraməryəm, Çərəkə, Məlikkənd, Kürdşaban, Bığır, Çaxırlı, Şəhadət, Mirzəhüseynli, Alpoud, Hacalıkənd, Ləkçiplaq, Qaraman, Mallı-Şıxlı, Bəydövül kəndlərində aqrotexniki qaydada aparılıb.
Səpin kampaniyasının vaxtında başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə 45 ədəd müxtəlif texnika verilib. Həmçinin taxılçılar səpindən əvvəl kifayət qədər toxum və mineral gübrə də tədarük ediblər. Rayon bitki mühafizə mərkəzinin mütəxəssisləri tərəfindən taxılçılar arasında sağlam, keyfiyyətli və yüksək repreduksiyalı toxumdan istifadə edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işləri aparılıb.
Bu il rayonda taxıl səpini zamanı əsasən "Şəki-1", "Qobustan", "Azəri", "Nurlu" "Əzəmətli-95" buğda, "Qarabağ", "Cəlilabad-19" arpa sortlarından olan toxumlardan istifadə olunub. Səpindən əvvəl şum çıxarılan sahələrdə müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılıb.

http://azertag.az/xeber/822071

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN