Nərgizava arxeoloji ekspedisiyası - 2023

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərlik etdiyi Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb.

Tarix: 4-10-2023 // saat: 14:24
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərlik etdiyi Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb. Nekropolun əsas hissəsi Gəgəli kəndinin yaşayış evlərinin yerləşdiyi məhəllələrdə üzə çıxdığı üçün ekspedisiya işinə İpək yolu küçəsi ev 91 ünvanında yerləşən həyətyanı sahədə başlayıb.
Qazıntı 64 kv.m. sahədə aparılıb, əvvəlcə 60 sm dərinliyə qədər qarışıq təbəqə təmizlənərək götürülüb. Qarışıq təbəqə uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyularının qazılması nəticəsində yaranıb. Qarışıq təbəqədən ellin dövrünə aid nərgizava tipli qabların müxtəlif hissələrinin parçaları, küpə, parç, dolçaların fraqmentləri seçilərək götürülüb.
Qazıntı sahəsinin 60 sm dərinlikdə birinci kvadratının şimal-şərq hissəsindən bir-birinə yaxın iki sadə torpaq qəbir üzə çıxıb. Birinci qəbirdə gənc qadına məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı cənub-şərqə olmaqla dəfn olunub. Skeletin üzü qarşısından bir ədəd oturacağında "tələf deşiyi" (kill hole) olan saxsı qab, çanaq hissəsi istiqamətində isə yerə başıüstə basdırılmış daş heykəlin baş hissəsi aşkar olunub. Ümumilikdə 2023-cü ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öyrənilib. Qəbirlərin yarısı azyaşlı uşaqlara məxsusdur. Onların bəzilərini iri küp parçaları ilə örtüblər, yanlarına istiqamət göstərən daşlar qoyublar. Uşaq skeletlərinin üzərindən tunc, dəmir, əqiq, pasta, şüşə bəzək əşyaları, üzüklər, qolabaqlar, sancaqlar, muncuqlar aşkar olunub. Böyüklərin skeletləri içərisində kişi skeletləri üstünlük təşkil edir. Onların baş və ya ayaq tərəfində dəmir nizə və bıçaqlar qoyulub. Maraqlıdır ki, bəzən kişi və qadınlar eyni qəbir quyusunda dəfn edilib. Ona görə də Nərgizava qəbir abidələri pilləli qəbirlər adlandırılır. Hazırki qazıntıda 5 saylı kişi qəbirinin altında 7 saylı qadın qəbiri üzə çıxıb. Bu onu göstərir ki, qadın kişidən daha əvvəl vəfat edib. Əksər qəbirlərdə nərgizava tipli dördqulplu qablara ya skeletin baş tərəfində, ya da ayaq tərəfində rast gəlinir. Qəbirlərdən analiz üçün kömür və sümük qalıqları götürülüb.
İlk dəfədir ki, Nərgiava abidəsində qəbir avadanlığı içərisində oturacağında "tələf deşiyi" olan saxsı qablara rast gəlinir. Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başıüstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar Qafqazla yanaşı, ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir.
Qazıntı dövründə Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları və Həqiqət Musayev adına Gəgəli kənd Ümumi orta məktəbinin şagirdləri üçün təlim və ustad dərsi keçirilib.
Qafqaz Albaniyasının Ellin dövrünə aid yeni tapıntılar üzə çıxdığı üçün Nərgizava arxeoloji ekspedisiyası növbəti mövsümdə işlərini davam etdirməyi planlaşdırır.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN