"Tərəkəmə qadın" sənədli filminin çəkilişlərinə başlanılıb

 "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ağsu rayonunun Gəgəli kəndində "Tərəkəmə qadın" sənədli filminin çəkilişlərinə başlanılıb. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dəstəklənən layihənin əsas məqsədi Azərbaycanın tərəkəmə obalarından birinin məskunlaşması nəticəsində yaranmış Gəgəli kəndində heyvandarlıqla məşğul olan Abidə Mürşüdova adlı yaşlı bir qadının həyat hekayəsini sənədli filmə çevirməkdir.

Tarix: 13-4-2021 // saat: 22:07
Abidə Mürşüdova yetmiş yaşlarında fədakar və zəhmətkeş tərəkəmə həyat tərzi keçirməyə alışmış yerli sakin, qadındır. O, Sovet dövründə orta məktəbi yaxşı oxusa da, nümunəvi şagird olsa da qızların oxudulmamasının qurbanı olmuş, yeniyetmə yaşında evlənmişdir. On iki uşaq anası olan Abidə Mürşüdova qızıl medallı "Qəhrəman ana"dır. Zəhmətkeş həyat keçirən Abidə Mürşüdova həyat yoldaşı ilə uzun müddət kolxozun, sonra isə şəxsi heyvanlarını bəsləmişdir. O, bütün nəslinə yardım əlini uzadan əliaçıq və yardımsevər tərəkəmə qadınıdır. Abidə Mürşüdova qırx nəvə və otuz nəticə sahibidir. O, hazırda qışlaq və yaylaq sahələrində camış və qoyun bəsləməklə məşğuldur. Bu sənətin bütün incəliklərini bilən və tətbiq edən Abidə Mürşüdovanın kənd və qışlaq evi filmin çəkilişi üçün dekor seçilib.
Son zamanlarda bütün dünyada tərəkəmə həyat tərzinin sənədləşdirilməsi, paylaşılması və turistlərə açılması Azərbaycanda da bu sahəyə və bu həyat tərzinin yeni təqdimatlarda topluma tanıdılması prioritetdir. “Tərəkəmə Qadın” sənədli filmi 5000 nəfərlik Gəgəli icmasının ənənələrini, həyat tərzini tanıtmaqla yanaşı, qadın fədakarlığını göstərmək üçün örnək olacaqdır.
Filmin çəkilişlərini İSArt Prodakşn şirkəti həyata keçirir. Filmin prodüsser, rejissor və ssenari müəllifi Nihad İsadır.
Film ərsəyə gəldikdən sonra beynəlxalq müsabiqələrə çıxarılması və təqdimatlarının keçirilməsi planlaşdırılır. Təşəbbüsü dəstəkləyən Gəgəli Bələdiyyəsi qadınların kənd təsərrüfatı və turizm sahələrinə sahibkar kimi inteqrasiyası üçün filmin imkanlarından istifadə edəcəkdir.
 
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN