Kəlbəcərdə Xudavəng monastırındakı Arzu xatun kilsəsində erməni cinayəti - qədim freskalar oğurlanıb

Qədim alban sivilzasiyasının geniş yayıldığı Azərbaycan ərazilərindən biri Kəlbəcərdir ki, bu rayonda alban xristianlığı dövrünə aid saysız abidə var. Bu abidələrin sırasında Xudavəng monastırındakı möhtəşəm abidə olan Arzu xatun kilsəsi də erməni vandalizminə məruz qalıb.
 
 

Tarix: 24-2-2021 // saat: 22:43
Fariz Xəlilli: “Ermənistan Respublikası Arzu xatun kilsəsindən dünya əhəmiyyətli freskaları oğurlayıb”.
Qeyd edək ki, bir sıra mənbələrdə bu abidənin 1214-cü ildə Arzu xatun tərəfindən tikdirildiyi qeyd edilir və bu məbədin alban memarlığının ən qiymətli abidələri sırasına aid olduğu bildirilir.
Ermənilər tərəfindən Arzu xatun kilsəsindən bəşər əhəmiyyətli freskalar oğurlanıb.
“...UNESCO ilə yanaşı, beynəlxalq məhkəmələrə də müraciət edilməlidir”
Mədəni irs üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bildirdiyinə görə, Ermənistan tərəfi bu cinayətkar addımı təkbaşına atmayıb, bu işdə onlara yardımçı olan xarici qüvvələr olub. Arzu xatun kilsəsinin freskalarının kəsilərək Ermənistana aparılmasının beynəlxalq cinayət olduğunu deyən F.Xəlillinin sözlərinə görə, bu freskalar xüsusi şəkildə kəsilərək oğurlanıb: “Ermənistan Respublikası Arzu xatun kilsəsindən dünya əhəmiyyətli freskaları oğurlayıb. Arzu xatun kilsəsinin şərq divarındakı Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Mən inanmıram ki, Ermənistan Respublikasında bu freskaları kəsib götürə bilən hər hansı mütəxəssis olsun. Bu, beynəlxalq cinayətdir. Mədəni irs qaçaqmalçılığı yolverilməzdir. Ermənistan Respublikası oğurladığı XIII əsr freskalarını geri qaytarmalıdır”.
Bu günlərdə Kəlbəcərə səfər edən F.Xəlilli qeyd etdi ki, o, səfər zamanı dünya əhəmiyyətli abidə kimi qeydə alınan, Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırında olub. “...Əvvəlcə monastıra giriş darvazasına diqqət etdim, onun hər iki tərəfdən fotosunu çəkdim. Giriş darvazası tağ formasında olub, yeni bərpa edilib. Yaxşı vəziyyətdədir. Darvazadan sonra Zəng qülləsinə baxış keçirdim. Zəng qülləsi yeni bərpa edilsə də, yad inşaat materiallarının istifadə edildiyi görünür və yenidən bərpaya ehtiyacı var. Sülhməramlıların bəzi əşyaları qüllənin şimal tərəfindəki Yepiskop Qriqor kilsəsi və Qədim bazilikada yerləşdiyi üçün içəri daxil ola bilmədim. Onun çöl divarının fotolarını çəkdim. Yepiskop Qriqor kilsəsinin də konservasiyaya ehtiyacı var. Köhnə foto və videoları, planı ilə qarşılaşdırıldıqda monastırın bu hissəsində əlavələrin edildiyi, divarların artırıldığı, kobud bərpa işlərinin aparıldığı, erməni kilsə elementləri ilə yeni qapıların qoyulduğu görünür. Monastırın cənub tərəfində çoxlu sayda yardımçı tikilinin qalıqları var. Burada gələcəkdə təmizlənmə işləri və arxeoloji tədqiqatların aparılmasına ehtiyac var. Əksər tikili yarımuçulu vəziyyətdədir. Sonra Böyük Həsən kilsəsinə baxış keçirdim. Kilsə kiçik ölçüdə olub, kobud qaya və çay daşları, günbəzi və divarlarının yuxarı hissəsi isə bişmiş kərpiclə tikilib. Son zamanlar aparılan bərpa işləri standartlara uyğun olmadığı üçün, binanın həm görkəminə (xüsusilə interyerində), həm də möhkəmliyinə xələl gətirir. Kilsənin qarşısında altı qəbrin olduğu anlaşılır. Onların xaç daşları divara bərkidilib. Gələcəkdə kilsənin həyətində aparılacaq arxeoloji tədqiqatlar zamanı həmin qəbirlərə baxmaq və orada uyuyanların skeletlərini antropoloji baxımdan öyrənmək mümkün olacaq. Cənublu avropoidlərin armenoid tipinə məxsus insanların Qarabağda yaşamasına əsaslı şübhələr var. Böyük Həsən kilsəsinin içərisində divarlar əslinə uyğun olmadan üzlənib. Üzlənmiş divarların altında əvvəlki dövrlərin izlərinin qalması ehtimalı var. Bunu gələcək bərpa işləri göstərəcək. Qədim bazilika və Arzu xatun kilsəsinin sütunlu dəhlizi arasında yerləşən Kiçik bazilikanın da vəziyyəti yaxşı deyil. Həmin binada sement məhlulundan istifadə etməklə aparılan kosmetik bərpa işləri binanı nəinki qoruyur, əksinə, aşındırır. Arzu xatun kilsəsinin sütunlu dəhlizi də kiçik bazilika kimi sement məhlulu və yad inşaat materialları ilə konservasiya edildiyi üçün, həm sütunların, həm də divarların qorunma problemləri yaranıb. Qaen (Qazax və Tovuz tərəflərdə xristian hakimliyi) hakimi Qurdun qızı və Yuxarı Xaçın knyazı Vaxtanqın xanımı olan Arzu xatunun inşa etdirdiyi və öz adına adlanan kilsənin giriş qapısı çox möhtəşəmdir. Oradakı naxışlar və kitabələr giriş qapısına ayrıca gözəllik verir. Giriş qapısına hansı müdaxilələrin olduğunu ayırd etmək çətin idi. Doğrudur, orada çatışmayan yerlərə yeni naxışlı daşların yerləşdirildiyi görünür. Lakin bu hissənin ayrıca tədqiq edilməsinə ehtiyac var. Arzu xatun kilsəsinin daxilində altı nəfər erməni rahibinin dua etdiyini müşahidə etdim. Mənim orada olduğum müddətdə həmin rahiblər yalnız dua oxumaqla məşğul oldular. Yalnız bir gənc rahibin bir dəfə çıxıb geri qayıtdığını gördüm. İçəridə divarlarda çoxlu sayda erməni əlifbası ilə kitabə vardı. Onların bəzisi yaxşı ayırd edilir, bəziləri isə yarımçıq təsiri bağışlayırdı. Bina Şirvan məscid memarlığında rast gəldiyimiz dörd bir tərəfində xəlvətxanası olan tikili təəssüratı bağışlayırdı. Bakıda Şah məscidi və Qobustanda Sündi məscidi ilə müqayisə oluna bilər. Onsuz da istər xristian vənglərinin, istərsə də müsəlman xanəgahlarının funksiyası eynidir: tərkidünya insanların sığınacağı. Qeyd etdiyim kimi, Ermənistan Respublikası Arzu xatun kilsəsindən dünya əhəmiyyətli freskaları oğurlayıb. Arzu xatun kilsəsinin şərq divarındakı Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Mən inanmıram ki, Ermənistan Respublikasında bu freskaları kəsib götürə bilən hər hansı mütəxəssis olsun. Bu beynəlxalq cinayətdir. Mədəni irs qaçaqmalçılığı yolverilməzdir. Ermənistan Respublikası oğurladığı XIII əsr freskalarını geri qaytarmalıdır. Arzu xatun kilsəsinin şərq və cənub fasadlarında pəncərələrdən yuxarıda knyaz Vaxtanq və onun oğullarnın barelyefləri yerləşdirilib”.
F.Xəlilli qeyd etdi ki, Arzu xatun kilsəsinin şimal tərəfindəki yolu genişləndirərkən heyvan sümükləri və kömür qalıqları aşkar edildiyi haqqında sülhməramlılar ona məlumat verib və həmin yerə baxış keçirmək üçün ona şərait yaradıblar. “Məlum oldu ki, həmin yerdə mədəni təbəqə mövcuddur. Doğrudur, həmin mədəni təbəqə qarışıq materiallar verir, lakin ərazidə arxeoloji tədqiqatların aparılması vacibdir. Mən həmin mədəni təbəqə ilə tanış olarkən saxsı məmulatı, heyvan sümükləri və kömür qalıqları topladım və nümunə üçün götürdüm. Saxsı məmulatı son orta əsrlər - XIV-XVIII əsrlərə aiddir. Yolun kənarında pərakəndə şəkildə tökülmüş dəyirman daşları da ərazidə maddi mədəniyyət nümunələrinin aşkar olunduğunu, lakin qorunmadığını göstərir. Dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudavəng monastırı ilə əlaqədar müşahidələrimə yekun vuraraq qeyd etmək istəyirəm ki, bu tarix-memarlıq abidəsinin dövlətimiz tərəfindən layiqincə qoruna bilməsi üçün aşağıdakı təxirəsalınmaz işlər görülməlidir:
- “Xudavəng monastırı” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması abidənin qorunması ilə bağlı bütün hüquqi məsələləri həll etməyə imkan verəcək. Sülhməramlıların abidədə qalmasına ehtiyac olmayacaq. İki ayrı sülhməramlı qrupu ilə söhbət zamanı abidənin gələcək taleyi və görüləcək işlərlə maraqlanırdılar. Anlaşılan həmin ərazidə xidmət aparmaqdan çox məmnun görünmürdülər. Kəlbəcərdə isə hər hansı dövlət qoruğu yoxdur. Üstəlik, Xudavəng monastırının ətrafında yaşayış olduğu üçün orada infrastruktur və yaşayış yeri hazırlamaq da Mədəniyyət Nazirliyinə asan başa gələ bilər. Mədəniyyət Nazirliyi Kəlbəcərdəki bütün abidələrə nəzarəti həmin qoruqdan həyata keçirə bilər. Bu qoruq məsələsini nisbətən geniş də götürmək olar: “Kəlbəcər vəngləri” Dövlət Tarix-Mədəniyyət Qoruğu. Çünki ətrafda başqa monastırlar da var.
- Xudavəng monastırında tarixi memarlıq abidələri yaxşı konservasiya və bərpa edilmədiyi üçün kimyəvi, fiziki və bioloji aşınmalar baş verir. Çoxlu sayda müdaxilə, əlavə və oğurluq hadisələri abidənin elmi və mədəni əhəmiyyətinə zərər gətirir. Təxirə salınmadan abidənin yenidən bərpa və konservasiya üçün qapanması lazımdır. Abidədən oğurlanmış freskaların və digər əşyaların geri qaytarılması üçün UNESCO ilə yanaşı, beynəlxalq məhkəmələrə də müraciət edilməlidir.
- Abidə ətrafında kortəbii şəkildə aparılan qazıntı işləri abidənin mədəni təbəqəsinin dağılmasına səbəb olur. Odur ki, həm abidəni öyrənmək, həm də özbaşına qazıntıların nəticələrini dəqiqləşdirmək üçün arxeoloji kəşfiyyat üçün ekspedisiya cəlb etmək doğru olacaq” - deyə F.Xəlilli qeyd etdi.
 
İradə SARIYEVA
www.baki-xeber.com

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN