“Ohrid-Vodiçi – 2021" IX beynəlxalq elmi-praktiki konfransda Azərbaycan alimləri iştriak ediblər

18-19 yanvar 2021-ci il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2021: Mədəni irs, ətraf mühit, elmi araşdırmalar və turizm pandemiya hadisələri zamanı" IX beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans zum platformasında onlayn baş tutub. Konfrans Şimali Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu, Rusiyanın "Siyasi elmlər" jurnalı, ABŞ-ın "Qlobal proseslər" jurnalı və Azərbaycanın "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tarix: 20-1-2021 // saat: 13:14
18-19 yanvar 2021-ci il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2021: Mədəni irs, ətraf mühit, elmi araşdırmalar və turizm pandemiya hadisələri zamanı" IX beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans zum platformasında onlayn baş tutub. Konfrans Şimali Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu, Rusiyanın "Siyasi elmlər" jurnalı, ABŞ-ın "Qlobal proseslər" jurnalı və Azərbaycanın "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Onlayn konfransda Avropanın 11 ölkəsindən (Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Serbiya, Rusiya, Belorusiya, Qazaxıstan, İsveçrə, İtaliya, İsveç və s.) 50-dən çox alim və tədqiqatçı məruzələrlə çıxış edib.
Tədbiri giriş sözü ilə açan Konfransın təşkilat komitəsinin sədri Prof.Dr. Rubin Zemon deyib ki, 2020-ci ildə Kovid19 səbəbi ilə bütün dünyada ətraf mühit və turizm sahəsində fərqli yanaşmalar ortaya çıxıb. Yeni çağırışlar dünyanın qloballaşması ilə yanaşı virtuallaşmasını da ön plana çıxarıb. Ona görə də bu konfransın əsas mövzusu pandemiya hadisələri zamanı mədəni irs, ətraf mühit, elmi araşdırmalar və turizmin vəziyyətinə, gələcək perspektivlərə həsr olunub. 
Azərbaycan nümayəndə heyəti adından "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təsisçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək Azərbaycan heyətinin doqquzuncu dəfədir ki, bu ənənəvi konfransda iştirak etdiyini bildirib. O, qeyd edib ki, 2020-ci il Azərbaycan üçün iki mühüm hadisə ilə yadda qalıb. Kovid19-la mübarizə apardığımız vaxtda ermənilərin Qarabağda təxribatı ilə üzləşmişik. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edib, ölkə ərazisindən qovub və ərazi bütövlüyünü təmin edib. Azad edilən bölgələrdə ermənilərin mədəni irsə vandal münasibətləri müşahidə olunub. Hazırda zərərin qiymətləndirilməsi işləri aparılır. 
Daha sonra Ohrid şəhərinin meri Konstantin Georgiyevski, Rusiyanın "Siyasi elmlər" jurnalının baş redaktoru Andrey Qoroxov, ABŞ-da nəşr olunan "Qlobal proseslər" jurnalının baş redaktoru Zoran Vitroviç çıxış ediblər.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Prof.Dr. Qafar Cəbiyev "Qarabağın tarixi-mədəni irsi: Qədim yadigarlar və müasir reallıqlar", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Dr. Fariz Xəlilli və Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli "Qarabağda Qarapirimli sufi xanəgahı", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Dr. Günel Seyidəhmədli "Qarabağda alban memarlıq irsi" Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Pedaqoji fakultəsinin dekanı Prof.Dr. Fərrux Rüstəmov, Gəncə Dövlət Universitetinin baş müəllimi Dr. Lamiyə Hacımuradova, İsveçdə Gotenburq Universitetinin magistri Sevinc Rüstəmova "XIX əsrdə Azərbaycanda dünyəvi təhsil mədəniyyətinin formalaşmasında Şuşa məktəblərinin rolu" və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri Pərvin Niftəliyeva "Basqalda arxeoloji irsin öyrənilməsi" mövzusunda məruzə ediblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN