Mənim bələdiyyə üzvlüyünə namizədliyim uzun yol keçmişdir. Mən Ağsuda və Gəgəlidə "Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği", Azərbaycanda tarixi-mədəniyyət abidələrinin mühafizəsi və təbliği: Mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr", "Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi", "Təmiz kənd – yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı", "Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasiına dəstək", "Kənd həyat tərzinin inkişafında qadınların rolu", "Öz Biznesinə Başla Təlimləri", “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə”, “Arxeoməktəb: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması”, “Quzuçuyam, quzu məndə: Məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması”, “Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi” layihələrini həyata keçirmişəm və monitorinqlər nəticəsində problemi akademik səviyyədə öyrənmişəm. Bir neçə cəhdlərim olsa da vasitələr imkan vermədiyi üçün icma ilə fəaliyyətim QHT və kənd sakini səviyyəsində yarımçıq qalırdı. Nəhayət, qərar verdim ki, insanların baxışlarını dəyişmək lazımdır. Bunun üçün mütləq özünüidarədə yer almalıydım.
İlk iclasımızda iki məsələni qoydum: şəffaflıq və başqalarının sözləri ilə oturub durmamaq. Əgər bələdiyyə üzvləri iclaslara gəlməyəcəklərsə, məsələlərə münasibət bildirməyəcəklərsə onda mən indidən çantamı götürüb gedirəm. Söz verdik ki, hər şey Gəgəli və icma naminə olacaq. Təcrübəli və savadlı insan, ağsaqqalımız Səxavət Həsənovu bələdiyyə sədri seçdik. Bu bir il göstərdi ki, seçimimiz doğru olub və biz Gəgəli sevdalılarının xəyallarının reallaşmasını gördük. Məni də Beynəlxalq və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədri seçdilər. Hər zaman kənd sakinlərinin problemlərini dinləyir, onların həlli yollarını axtarır, iclas və yığıncaqların keçirilməsinə dəstək göstərirdim.
Bələdiyyənin ilk həll etməli olduğu problem illərlə yığılıb qalmış Dövlət büdcəsinə olan vergi və sosial sığorta borcları idi. On min manata qədər olan bu borcun ödənməsi üçün yollar axtarmaqla yanaşı vergi orqanları ilə danışıqlar da aparırdıq. Bizim hər iki hesabımızın üzərinə sərəncam qoyulmuşdu: Azərpoçt və Kapital bank. Maaşları da verə bilmirdik. Vergi orqanları ilə yazışma və danışıqlarımız baş tutmadı. Bizə heç bir güzəşt etmədilər. Yerli sakinlər torpaq və əmlak vergisi verməli olduqları halda ödəmirdilər və qanuna müvafiq olaraq onların da ödənişlərinin üzrəinə faiz gəlirdi. Yerli sakinlərlə vergi haqqında maarifləndirmə işi aparmalı olduq. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemindən bütün bildirişləri çıxarıb sakinlərə payladıq. Sakinlər belə bildirişi ilk dəfə gördüklərini deyirdilər. Bildirişi payladıqdan sonra xəbərdarlıqlar da göndərməyə başladıq. Heç kimi məcbur etmirdik. Hər kəsə öz vergi borclarının ödənməsinin məsuliyyətini izah edirdik. Yavaş-yavaş insanlar vergi ödəməyin icmaya faydasını başa düşməyə başlamışdılar. Bələdiyyə torpaqları icarəyə verilsə də ödənişlər qanunda nəzərdə tutulandan çox aşağı səviyyədə idi və müqavilə öhdəlikləri düşgün icra olunmurdu. Daxili komissiya yaradaraq bütün icarədarların indiyəqədərki fəaliyyətini araşdırdıq. Torpaqların istifadə təyinatına diqqət yetirdik. Hesabat hazırlandı və Ədliyyə orqanlarına təqdim olundu. Həm Ədliyyə orqanları, həm də İcra hakimiyyətinin hesabata müsbət reaksiyası bizim bütün qanuni addımları atmağımıza imkan yaratdı. Vasitələr yerində və düzgün idi. Biz əlavə qazanc yerləri də axtarırdıq, lakin bunun üçün imkanlar az idi. Kənd perspektiv torpaqlarında ot biçinindən altı min manata qədər və hesabatların ortaya qoyduğu ödənməyən icarə haqlarından bir o qədər ödəniş topladıqdan sonra biz Dövlət büdcəsinə olan borcumuzu avqust ayında tamamilə bağladıq. Artıq bank hesablarımız üzərində sərəncamlar götürüldü. Bütün işçilərimizin (beş nəfər) maaşını vaxtında verirdik. Kənd darvazasını (9 metr hündürlükdə) yenidən boyadıq, üzərində Gəgəli kəndinin tarixini əks etdirən məlumatlar yazdıq. Kəndin girəcəyindəki Giriş dayanacağını yenidən qurduq, yaxınlığında sanitar-qovşaq tikdik. XIV əsr Ömər Lahıci arxının əsas hissələrini təmizlədik, dərinləşdirdik (20 ildir ki təmizlənməmişdi), üzərindəki körpüləri bərpa etdik, boyadıq (heç zaman boyanmamışdı). Mərkəz dayanacağını yenidən qurduq və boyadıq. Təmiz kənd xidmət mərkəzi yaratdıq. Hər həftənin çərşənbə axşamı məişət tullantıları kənd sakinlərinin qapısından götürülür, mərkəzə gətirilir və çeşidlənir. Birinci hissə metal, plastik, şüşə, kağız materiallar Bakıya zavodlara yola salınmışdır. Məişət tullantılarının utilizasiyası kənddən kənarda aparılır və ziyansız həyata keçirilir. Kənd ərazisindəki Qarıkörpüsü, Qaranlıq, Salman, Şamı, Yasamalqobusu dərələri, kəndin cənub və şimalında pərakəndə tökülmüş bütün zibilliklər toplanmış və çeşidləmə mərkəzinə gətirilmişdir. Kəndin zibil problemi həll edilmişdir, sakinlər bu məsələdə rahat nəfəs alırlar. Kənddə ölmüş heyvanların dəfni üçün yer ayrılmış, ölən heyvanlar həmin quyulara atılır, baytar tərəfindən dərmanlama işləri aparılır və dəfn edilir. Kanalizasiya xətlərinin yola açıldığı hallar vardı. Bu problemin həlli üçün maarifləndirmə işləri aparılmış, aidiyyatı qurumlara müraciət olunmuş, heç bir məcburetmə olmadan sakinlər bu problemi tədricən həl edirlər. Universitetə qəbul olan tələbələr içərisində Ağsu birincisi olan gəncimizə komputer və digər qəbul olanlara kitablar hədiyyə olunmuşdur.
Vətən müharibəsi dövründə Gəgəli bələdiyyəsi öz məsuliyyətini dərk etmiş, əvvəlcə Müdafiə Nazirliyinin ayırdığı Yevlax Lalə Tekstil MMC anbarına kənd sakinləri və bələdiyyə üzvlərinin yardımlarını təqdim etmişdir. Bələdiyyə iclası qərar alaraq bütün səfərbər olunanların 2020-ci il də daxil olmaqla vergi borclarını ləğv etmişdir. Səfərbər olunanların ailələrinə müəyyən yardımların edilməsi üçün təşkilatçılıq etmiş, xüsusilə Rusiyada olan kənd sakinlərinin yardımları ilə bu işi həyata keçirmişdir. Gəgəli kəndi Vətən müharibəsində dörd şəhid vermişdir. Həmin şəhid ailələrinin hüzr məclislərinin keçirilməsi üçün bələdiyyə öz tərəfindən yardımlar etmişdir. Əsas yoldan şəhid ailələrinin qapısına qədər olan yollar çınqılla döşənmişdir. Kəndin qonaqlarının çoxluğunu nəzərə alaraq Zeyvə nənə qəbristanlığından Qarıkörpüsünə qədər Dib yolu, bələdiyyə binası ətrafı çınqılla döşənmişdir. Giriş dayanacağından qəbristanlığa qədər mərkəz yolu isə fərdi təşəbbüs əsasında döşənmişdir. Yanvardan çınqılla döşənmə işi davam etdiriləcəkdir.
Zeyvə nənə qəbristanlığında təmizlənmə işləri aparılmış, park halına salınmışdır. Qəbristanlıqda qəbirlərarası yolların düzəldilməsi, Zeyvə nənə türbəsi və digər ruhani şəxslərin qəbirlərinin bərpası nəzərdə tutulur. Pərakəndə yayılmış şəhid qəbirləri üçün ayrıca planlaşdırma həyata keçiriləcək. Şəhdilər haqqında məlumatlar qəbir üzərinə yerləşdiriləcək və barkod vasitəsilə həmin məlumatı oxumaq mümkün olacaqdır. Kənddə Qələbə parkı və Şəhidlər muzeyi üçün müraciətlər olunmuşdur. Şəhidlər abidəsinin kəndin girəcəyində inşa edilməsi nəzərdə tutulur. Şəhid evlərinin divarlarına barelyeflər də vurulacaqdır.
Maliyyə Nazirliyinin elan etdiyi subvensiya müsabiqəsi üçün layihə təqdim olunmuş, lakin hələ heç bir nəticə alınmamışdır. Gəgəli idman klubunun yaradılması üçün qərar alınmış, yer ayrılmışdır.
Gəgəli bələdiyyəsinin gəliri 2020-ci ildə on min manatdan qırx beş min manata çıxmışdır. Gələn il bunun ən azı iki dəfə çox olacağını planlaşdırırıq.
Bir ildə görülən işlər daha çoxdur, azını qeyd etdim.
Mənim vəzifəm insan yetişdirməkdir. Mən vergi ödəyən və ödədiyinin tələbini edən toplumu görəcəyimə inanıram.
Yeni iliniz uğurlu olsun!
Fariz Xəlilli
tarix üzrə fəlsəfə doktoru