Mətbuatdan artıq məlum olduğu kimi avqustun 25-26 da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti, «Orta əsr Ağsu şəhəri» Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya YOCOÇU Assosiasiyasının təşkilatçılığı ilə mənim anadan olmağımının 70 illiyinə həsr olunmuş Beynəlxalq vebinar-konfrans keçirilmişdir. İki gün ərzində beş bölmədə davam etmiş olan konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, AMEA-nın Lənkəran Regional Elm Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, «Miras» Mədəni İrsin Öyrənilməsinin Kömək İctimai Birliyi, Türkiyənin Səlcuq Universiteti, Adnan Menders Universiteti, Konyadan Mövlanə muzeyi. İtadiyanın YOCOÇU Assosiasiyası, Kultura təşkilatı, Şimali Makedoniyanın Sosio-Mədəni Antropologiya İnstitutu, Belçika Türk Dərnəkləri Federasiyası, Rusyadan Novosibirsk «Rusiya tarixinin» Tarix Parkı və Gürcüstan Qafqaz Araşdırmalar İnstitutunu təmsil edən alimlər və gənc tədqiqatçıların 60-dan çox məruzə və çıxışı dinlənilmişdir. Hansı ki, həmin məruzə və çıxışlarda, o cümlədən xaricdən olan mütəxəssislərin çıxışlarında Azərbaycanda tarixi-mədəni irsin qorunması, tədqiqi, konservasiyası və təbliği işinə hərtərəfli dövlət qayğısı olduğu, müstəqillik illərində ölkəmizdə tarix və arxeologiya elminin inkişafı sahəsində ciddi uğurlar qazanıldığı, Azərbaycan arxeoloqlarının dünya elminə töhfə olan tapıntıları və nəhayət bu tədqiqatlarda arxeoloq alim kimi mənim iştirakım və xidmətlərim barədə xeyli xoş fikir və arzular bildirilib. Mən bütün bu xoş sözlərin və arzuların doğma Azərbaycanımızın bugünki iqtisadi və mədəni yüksəlişinə, elmimizin inkişafına, bütövlükdə Azərbaycanın tarixi-mədəni dəyərlərinə verilən yüksək qiymət olduğunu xüsusilə vurğulamaq istərdim. Bütün bunlara görə isə Azərbaycan dövlətinə, dövlət başçımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Minnətdar olmalıyıq ona görə ki. yalnız ölkədə sabit və sağlam mənəvi mühit olduğu şəraitdə bütün bu uğurlara nail olmaq mümkündür.
Nəhayət, beynəlxalq vebinar-konfrans iştirakçılarının Azərbaycanda tarix və arxeologiya elminin uğurları, o cümlədən tətdiqatçı alim kimi bu sahədə mənim fəaliyyətim və xidmətlərim barədə söylənilən xoş sözləri və arzuları avans olaraq qəbul etmək olar. O xoş sözlərə, arzulara layiq olmaq üçün hələ çox işləmək, özü də daha yaxşı işləmək tələb olunur. Tariximizin hələ də torpaq altında yatan sirləri olduqca çoxdur. Onları aşkara çıxarıb xalqımıza və dünyaya çatdırmaq isə biz arxeoloqların vəzifəsidir.
Son olaraq 70 illik yubileyimlə bağlı beynəlxalq vebinar-konfransın gedişində, habelə konfrans ərəfəsində mətbuatda, sosial şəbəkələrdə ünvanıma yazılan və söylənilən xoş sözlərə, arzu və təkliflərə görə təşkilatçılara, dostlara, həmkarlarıma, xaricdən olan mütəxəssislərə dönə-dönə təşəkkür edirəm.
Dərin ehtiramla,
Qafar Cəbiyev
AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun baş elmi işçisi,
tarix elmləri doktoru, professor, əməkdar jurnalist