Tarix və arxeologiyada skif problemi; Təsviri sənətdə Tomris ikonoqrafiyası

Mayın 12-də "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Tarix və arxeologiyada skif problemi; Təsviri sənətdə Tomris ikonoqrafiyası" mövzusunda onlayn seminar keçirilib. Elmi seminarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin  müdiri Günel Seyidəhmədli olub.

Tarix: 21-5-2020 // saat: 07:12
Onlayn seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun məruzələri dinlənilib. 
Sevil Kərimova əvvəlcə dünya təsviri sənətində Tomris obrazı və onun ikonoqrafiyasının formalaşması, atribusiyası haqqında danışıb. O bildirib ki, Herodotun Tarix əsərinə illüstrasiyalardan başlanan Tomris obrazının təsvirləri sonralar Robert Kampin, Mikellancelo, Mantenya, Corcone, Rubens, Andrea del Kastanyo, Brussaferro, Luka Ferrari kimi məşhur rəssamların da mövzusu olub. Türk dünyasında daha çox Qazaxıstanda Tomris obrazının təsvirinə rast gəlinir. Azərbaycanda rəssamlar Hafiz Zeynalov və Altay Hacıyev bu mövzuya müraciət ediblər. Son illərdə heykəltəraş Xanlar Əhmədov və rəssam Vüqar Əli Tomris obrazını işləyiblər. 
Zaur Həsənov skif problemini müxtəlif yazılı mənbələr əsasında təqdim edib. Assur, Babil, Yeni-Babil, Əhəməni, Herodot və ondan sonra gələn antik müəlliflərin əsərlərində skiflərlə bağlı məqamları qeyd edib. Müxtəlif ölkələrdə nəşr olunan xəritələr əsasında skif və sakların dövlətləri Aşquz və Sakasenanın əraziləri göstərib. Məlum olduğu kimi, Azərbaycanda skif tapıntıları müxtəlif dəfn abidələrindən tapılır: kurqanlar, böyük təpələrdə sallama torpaq qəbirləri, daş qutu qəbirlər, torpaq qəbirlər. Arxeoloji baxımdan skif tapıntıları iki dövrə ayırılır: e.ə. VIII əsr-VI əsrin I yarısı və e.ə. VI əsrin ikinci yarısı-IV əsr. Tarixi mənbələrin skiflərin Azərbaycana gəlməsi məlumatını təsdiqləməsi məqsədilə arxeoloji tapıntıların bu marşurut üzərində geoqrafik lokallaşmasından istifadə edilib. Nəhayət, Zaur Həsənov skif mədəniyyətində müxtəlif qadın təsvirləri haqqında danışıb.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlilli məruzəçilərə maraqlı çıxış üçün minnətdarlıq edib. Bildirib ki, hər iki qurum ilə birliyin uzunmüddətli əlaqələri var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Ağsuda keçirilən YOCOCU Ağsu bərpa kurslarında, Tərəkəmə Çərşənbəsi festivallarında, sərgi və konfranslarda yaxından iştirak ediblər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu ekspedisiyası ilə Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası, Şıxməzid xanəgahı, Nərgizava və Dəmirçi nekropollarının öyrənilməsində əməkdaşlıq ediblər. 
Müzakirələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova, Bakı şəhəri 55 saylı orta məktəbin tarix müəllimi Ülviyyə İsmayılova, müstəqil tədqiqatçılar Faiq Nəsibov, Üzeyir Mikayıl, Nəzər Atayev, tələbə Elşad Eynullayev və digər iştirakçılar çıxış ediblər. Onlar skif ox ucları və xəncərləri, arşakilər və onların sikkələri, skif kurqanlarında at dəfnləri, Şabranda skif izlərinin varlığı, Azərbaycanda skif-sak yazıları, Saxa-Yakutiya ilə skiflərin bağlılığı, skif və işquzların eyniliyi, skiflərin arabalarda döyüşməsi, skiflərin atəşpərəstliyə münasibəti, skiflərdə bayquş təsvirinin olması, massagetlərin dövlətinin lokallaşması, skiflərin polietnik cəmiyyətinin konfederativ dövlətdə birləşməsi, Abşeronda skif qəbirləri, qəbirlərdə oxqabı və yayların qoyulması, skif və sarmatların əlaqəsi məsələsi haqqında suallar ünvanlayıblar.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN