Bu gün xarici ölkə muzeylərində, şəxsi kolleksiyalarda Azərbaycana aid qədim maddi mədəniyyət nümunələri mövcuddur. Bu eksponatların müxtəlif dövrlərdə Şimali və Cənubi Azərbaycandan xarici ölkələrə aparılması faktdır. Azərbaycan xalqına aid qədim xalçalara, kilim və palazlara, eləcə də əlyazmalara, müxtəlif əşyalara dünyanın bütün nüfuzlu, populyar muzeylərində rast gəlmək mükündür. Bu da faktdır ki, çox zaman bu əşyalar, xalçalar, əlyazmalar əhalidən alınaraq aparılıb. Onların bir qisminin isə istilalar, müharibələr zamanı ələ keçirildiyi məlumdur. Rusiya muzeylərindəki Azərbaycana aid eksponatlar bura Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra gətirilib.
Bu gün xarici muzeylərdə Azərbaycan eksponatları, tarixi maddi-mədəni nümunələri təəssüf ki, çox zaman Azərbaycanın deyil, İranın, Qafqaz xalqlarının, ermənilərin adları ilə təqdim edilir. Bu xüsusən də özünü xalçalarımızın təqdimatında daha çox büruzə verir. Azərbaycanın gözəl və qədim xalçaları gah “Şərq”, gah “İran”, gah da “Qafqaz” nümunəsi olaraq sərgilənir, muzeylərin ekspozisiyasında yer alır.
Dünya muzeylərindəki eksponatlarımız həqiqətən də xalqımızın tükənməz sərvətidir və onlar Azərbaycan adı ilə təqdim edilməlidir. Doğrudur, bu istiqamətdə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu müxtəlif tədbirlər həyata keçirir, bu da bizə qarşı ədalətsiz münasibətin qarşısını xeyli dərəcədə alır. Buna baxmayaraq, hələ də problem tam olaraq öz həllini tapmayıb.
Qeyd etdiyimiz kimi, dünyanın müxtəlif muzeylərində Azərbaycana məxsus çoxlu sayda, çeşidli maddi mədəniyyət, incəsənət, ədəbiyyat nümunələri saxlanır. Gürcüstanda, Türkiyədə, Avropa ölkələrində Azərbaycan xalçası kolleksiyaları, bir sıra muzeylərdə Şirvanşahlar və digər xanlıqlar dövrünə aid olan qılınc, dəbilqə, geyim və sair əşyalar sərgilənir.
“Ermitaj” muzeyində Azərbaycan eksponatları var. Bu eksponatlar arasında eramızdan əvvəlki dövrlərə aid bir sıra örnəklər var. Bu muzeydə bizim eksponatlar “İran” adı ilə təqdim edilməkdə davam edir.
Doğrudur, Azərbaycan bir neçə dəfə xarici muzeylərin fondunda və ekspozisiyasında yer alan maddi mədəniyyət, incəsənət nümunələrimizin müəyyən bir qisminin Bakıda sərgisini keçirib, biz o nümunələrin bəziləri ilə tanışıq.
Çox zaman belə fikirlər səslənir ki, xarici muzeylərdə, arxiv və kolleksiyalarda saxlanan Azərbaycan dəyərlərini alıb ölkəmizə gətirməliyik. Sözsüz ki, bu, hazırkı durumda mümkün olmayan bir məsələdir.
Mədəniyyət naziri Əbülfəs Qarayev də mətbuata açıqlamasında xarici ölkə muzeylərində saxlanan və Azərbaycana aid eksponatların başqa xalqların adı ilə təqdim edildiyini deyib. “Dünyanın istənilən ölkəsində Azərbaycana aid olan tarixi-mədəniyyət və incəsənət nümunələri var ki, onların Azərbaycana məxsusluğu qeyd olunmalıdır... O istiqamətdə iş aparırıq. Dünyanın müvafiq muzeyləri ilə əlaqə saxlayırıq. Mütəxəssislərimizi göndərmişik, məsələni araşdırırlar. Harada anlaşılmazlıq varsa, dərhal həll edirlər” - deyə nazir qeyd edib.
MİRAS - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bizimlə söhbətində bunun olduqca aktual məsələ olduğunu qeyd etdi. F.Xəlillinin sözlərinə görə, Azərbaycan tərəfi dünya muzeylərində olan bizə aid maddi mədəniyyət nümunələrinin başqa xalqların adına çıxılmasına qarşı tədbirlər görməlidir. O hesab edir ki, xarici muzeylərdə saxlanan eksponatlarımız tam olaraq araşdırılmalıdır. “Bunlar araşdırılmalı, tam olaraq müəyyən edilməli və kataloq nəşr edilməlidir. Özü də Azərbaycan xarici ölkə muzeylərində bu araşdırmanı təkbaşına aparmamalı, bura beynəlxalq missiya da cəlb olunmalıdır. Bu maetiallar harda saxlanırsa, həmin muzeyin, arxivin, kitabxananın, institutun əməkdaşları ilə birgə işləməliyik. Ancaq bu layihəni Azərbaycan tərtib etməlidir və maliyyə xərclərini də biz ödəməliyik. Yəni eksponatlar onlarda olduğu üçün onlar bizə təşkilati dəstək verərlər və öz mütəxəssislərini də bizim işə cəlb edərlər. Bununla da bu məsələ həll olunar. Ümumiyyətlə, bu həll olunması tam mümkün olan sadə məsələdir. Sadəcə, biz bu işlə dərindən məşğul olmuruq, buna cəhd göstərmək istəmirik. Bu məsələ məni uzun illərdir düşündürüb. Mən xarici ölkə muzeylərində qorunan Azərbaycana məxsus maddi mədəniyyət nümunənələrinin kataloklaşdırılması və pasportlaşdırılması ilə bağlı layihə hazırlamışdım. Milli Azərbaycan Tarixi Muzeyi adından üç dəfə həmin layihəni İqtisadiyyat Nazirliyi yanında İnvestisiya Fonduna təqdim etdik. Amma, nədənsə, nə bu qurum o layihəyə əhəmiyyət verdi, nə də bizim bu sahədə söz sahibi olan alimlərimiz, mütəxəssislərimiz, mədəniyyət işçilərimiz. Bu günlərdə Gürcüstandan qayıtmışam. Samşvilde qalasının yanında Ağqoyunlu, Qaraqoyunlu dövrünə aid maddi mədəniyyət nümunələrimiz var. Bunların çoxundan çoxlarının xəbəri yoxdur. Samşvilde qalasında olan arxeoloqlar deyirlər ki, bu materialları araşdırırıq, onların oxşarlarını Azərbaycan coğrafiyasında, Azərbaycana aid olan ərazilərdə tapırıq, bunlar Ağqoyunluların, Qaraqoyunluların olduğu coğrafiyadan aşkar olunur. Onlar at formalı qəbirləri, daş qoç abidələrini nəzərdə tururlar və deyirlər bunlar oradan tapılıb. Məsələn, deyək ki, Azərbaycana aid eksponatların, abidələrin olduğu ölkələrin muzeyləri, mütəxəssisləri, arxeoloqları ilə birgə araşdırma aparaq. Onlar da bunda maraqlıdırlar, layihə həyata keçirmək, hansısa araşdırmalar aparmaq istəklərini gizlətmirlər. Sadəcə, problem bizdədir, biz bu məsələni anlaya bilmirik. Biz bu istiqamətdə mütəşəkkil işlər görməsək, heç kəs gedib bizim yerimizə bizə aid maddi mədəniyyət nümunəsinin adını qoymayacaq, qoya da bilməyəcək. Biz özümüz bunda maraqlı olmalıyıq. Çox zaman deyirik ki, bizə qarşı ikili standartlar mövcuddur. Bunun məsələyə nə dəxli var, biz getdik araşdırdıq, yaxud çap etdik, onlar qoymadılar? Bizim bununla bağlı bir neçə layihəmiz olub, amma heç biri həyata keçməyib. Dünya muzeylərində saxlanan Azərbaycana aid eksponatların tam olaraq sayı müəyyən edilməli, onlar kataloklaşdırılmalı və pasportlaşdırılmalıdır. Yoxsa, biz başqa cür bu halın qarşısını ala bilmərik. Biz bu istiqamətdə işlər görməsək, yenə də bu problem aktual olaraq qalacaq və bizim eksponatlar başqa xalqların adları ilə təqdim olunmaqda davam edəcək” - deyə F.Xəlilli vurğuladı.
İradə SARIYEVA
https://www.baki-xeber.com/medeniyyet/91383.html