Bakının tarixi mərkəzinin yaradılması... ideyası gündəmdə...

“Bakının tarixi mərkəzi İçərişəhər və bayır şəhərin sərhədləri daxilində müəyyənləşdirilməlidir”.
Fariz Xəlilli: “Bu tarixi məkanın mühafizəsi, qorunması vahid mərkəzdən idarə olunarsa, bundan Bakı yalnız qazanacaq”.

Tarix: 9-3-2019 // saat: 10:36
Günü-gündən inkişaf edib gözəlləşən Bakıda həm tarixi irsimiz qorunur, həm də müasir memarlıq obyektləri inşa edilərək paytaxt sakinlərinin və turistlərin ixtiyarına verilir. Bu gün Bakı turistlərin, xarici qonaqların ən çox maraq göstərdiyi şəhərlərdən biridir. Xüsusən də İçərişəhər öz qədim memarlığı, gözəlliyi ilə hər kəsdə heyrət oyadır.
Bakının daha yüksək səviyyədə, onun tarixi əhəmiyyətinin dəqiqliklə təqdim edilməsi üçün bir sıra zəruri tədbirlərin görülməsi meydana çıxıb. Başlıcası isə, şəhərin mühafizəsi, qədim memarlıq özəlliyinin qorunması məsələsi gündəmdədir.   
Tanınmış memar, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Bakının tarixi mərkəzinin yaradılmasını təklif edib. O qeyd edib ki, Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. “Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində çox böyük işlər görülüb - şəhərlərimizin abadlığı, yeni-yeni memarlıq əsərlərinin yaranması, tarixi irsimizin qorunub saxlanması, memarlıq abidələrinin bərpası. Bu işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir... Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanmasına biz mütləq nail ola bilərik” - deyə E.Qasımzadə vurğulayıb.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, Bakının tarixi mərkəzinin yaradılması çox mühümdür. “Mən bu təklifi dəstəkləyirəm. Çünki bir çox problemin meydana çıxması bu sahədə mövcud olan pərakəndəliklə bağlıdır. Eyni zamanda, ayrı-ayrı qurumların məsələyə düzgün yanaşmaması da burada özünü göstərir. Götürək elə bayır şəhəri. Orada çoxlu sayda tarixi binanın inventar nömrələri ləğv edilərək dağıdıldı. Bununla bağlı bizim İctimai Birlik tərəfindən dəfələrlə əlaqədar qurumlara məktub ünvanlanıb. Onlardan istəyimiz o idi ki, bu abidələr dağıdılmasın, bayır şəhər qorunsun. Bütün dünyada Bakı kimi qədim şəhərlərin hər biri qorunur. Bakının tarixi mərkəzinin yaradılması ilə bağlı təklif həyata keçirilməlidir. Çünki bu məsələyə cənab Prezidentin özünün də münasibəti müsbətdir. Bakının tarixi mərkəzinin yaradılmasının artıq vaxtı çatıb. Bu işə nə qədər tez başlansa, bir o qədər yaxşı olar. Bu işi dəstəkləyirəm. Bakının tarixi mərkəzinin çevrəsi məlumdur. Paytaxtın tarixi mərkəzi  İçərişəhər və bayır şəhərin sərhədləri daxilində müəyyənləşdirilməlidir. Bu tarixi məkanın mühafizəsi, qorunması vahid mərkəzdən idarə olunarsa, bundan Bakı yalnız qazanacaq” -deyə F.Xəlilli bildirdi.
 
İradə SARIYEVA
http://www.baki-xeber.com/medeniyyet/88959.html = 04.03.2019

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN