Azərbaycan Milli Antropologiya elm məktəbi

Fariz Xəlilli: “Arxeologiya və Etnoqrafiya İnstitutu son zamanlar antropologiya sahəsi ilə bağlı bir neçə mütəxəssis yetişdirməyə çalışır”. “Çox təəssüf ki, toplumların, insanların bir-birilə münasibətlərini, bir-birinə olan təsirlərini öyrənən sosial antropologiya sahəsi də diqqətdən kənarda qalıb”. “Antropologiya sahəsində yenidən sistemli işlər görülməsinə zərurət var”

Tarix: 26-2-2019 // saat: 06:57
Hər bir xalqın özünəməxsus antropoloji quruluşu var. İnsanların milli kimliyini sübut edən antropologiya elmi bütün dünyada mühüm bir sahə kimi inkişaf edir. Ümumiyyətlə, xalqların tarixinin öyrənilməsində də antropologiya elminin rolu mühümdür.
Mütəxəssislər bildirirlər ki, antropologiya sözü yunan mənşəli olub, hərfi mənası “insan haqqında elm” deməkdir. Bu termini ilk dəfə yunan alimi Aristotel işlədib və bu daha çox insanın ruhi təbiətinin öyrənilməsini ifadə edib. Antropologiyanın üç hissəyə bölündüyünü deyən mütəxəssislərin bildirdiyinə görə, bunlar insanın morfologiyası, insanın mənşəyi haqqında təlim və ya antropogenez və irqşünaslıq, habelə etnik antropologiyadır.
Alimlər qeyd edirlər ki, bu gün Cənubi Qafqazın etnik mənzərəsinə baxsaq, buradakı xalqları linqvistik baxımdan üç böyük qola ayırmaq olar. Türk xalqları, İrandilli xalqlar və Qafqazdilli xalqlar. Türk xalqları dedikdə hazırda azərbaycanlılar nəzərdə tutulur.
Azərbaycanda antropologiya sahəsində indiyə qədər hansı işlər görülüb? Milli antropologiya məktəbinin vəziyyəti necədir? Bu sahədə mütəxəssislərimiz olubmu?
Ekspertlər qeyd edirlər ki, Sovet dövründə Azərbaycanda bu sahənin inkişafına elə də ciddi fikir verilməyib. Çox nadir hallarda azərbaycanlıların bu sahədə təhsil almaları üçün Moskvaya və keçmiş Leninqrada (Sankt-Peterburq) göndəriblər.
Hazırda Bakı Dövlət Universitetinin tarix fakültəsində antropologiya bölməsi fəaliyyət göstərir. Alimlər qeyd edirlər ki, Azərbaycanda antropologiyanın inkişafında çatışmayan cəhətlərdən biri onun təcrübi sahəsinə diqqət ayrılmamasıdır. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) antropologiya ixtisası fəaliyyətə başlayıb. Alimlər vurğulayırlar ki, antropologiya kabinetlərdə deyil, təcrübədə öyrənilməlidir. Onların fikrincə, bu sahənin təcrübi hissəsinin inkişafı üçün xüsusi avadanlıqlar, insanın genetik kodunun öyrənilməsini müxtəlif vasitələrlə həyata keçirən cihazlar lazımdır ki, bunun da alınıb ölkəyə gətirilməsi böyük vəsait tələb edir. Bu cihazların Azərbaycana gətirilməsinin vacibliyini qeyd edən mütəxəssislərin sözlərinə görə, təcrübə olmasa, bunun nəzəri cəhətdən öyrənilməsi səmərəsizdir.
Tanınmış tarixçi-alim Kərəm Məmmədovun fikrincə, antropologiya Azərbaycan türklərinin Cənubi Qafqaz ətrafında qədimdən yaşadığını sübut edən yeganə elmdir. “Ona görə böyük dəyəri olan bu ixtisas inkişaf etdirilməlidir” - deyə alim bildirir.
Məlumat üçün bildirək ki, uzun müddətdir AMEA-da antropologiya sahəsində işlər görülməsi ilə bağlı məsələ gündəmdədir. Arxeologiya və Etnoqrafiya İnstitutundan aldığımız məlumata görə, bu institutun nəzdində Antropoloji Mərkəzin yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı bir neçə dəfə müzakirə də aparılıb.
İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirib ki, yeni yaradılacaq mərkəzə gələcəkdə müxtəlif elm sahələri üzrə mütəxəssislərin - geoloq, bioloq, tibb üzrə tədqiqatçı və digərlərinin cəlb edilməsi planlaşdırılır. Qeyd edilənə görə, Antropoloji Mərkəzin əsasnamə layihəsi hazırlanıb və layihədə əsasən fiziki antropologiya sahəsinə aid müddəalar öz əksini tapıb.
Bu gün Azərbaycanda antropologiya sahəsində ciddi mütəxəssis qıtlığının yaşandığı bildirilir.
MİRAS - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, çağdaş Azərbaycan antropologiya elmində bir neçə antropoloq alim var. “Hazırda Azərbaycanda antropologiya elmi bir neçə mütəxəssisi ilə inkişaf edir. Ölkəmizdə antropologiya yeni elm sahəsidir. Demək olar ki, bu, əvvəllər ayrıca bir sahə olmayıb. Sovet dövründə antropologiya ilə Azərbaycanın tanınmış alimi Rəbiyyə Qasımova məşğul olub. Rəbiyyə xanım, demək olar ki, bir məktəb yarada bilmədi. Lakin o özü nəinki keçmiş ittifaq respublikalarında, hətta, bütövlükdə, beynəlxalq aləmdə tanınmış alim idi. O istər Mingəçevirlə, istər Azıxla, istərsə də tunc dövrü, antik dövr və digər dövrlərlə bağlı maraqlı tədqiqatlar aparıb. Eləcə də müasir fiziki antropologiya ilə məşğul olub. Onun Debes, Bunak və digəriləri kimi sovet alimləri ilə çox yaxın münasibətləri vardı. Onlar deyirdilər ki, azərbaycanlılar cənublu avropoidlərin Kaspi antropoloji tipinə aiddirlər. Rəbiyyə xanım doktorluq işini 1997-ci ildə müdafiə edib. Məndə onun avtoreferatı da var. O, etnogenezlə bağlı məsələlərdə antropoloji yanaşmalarını ortaya qoyub və azərbaycanlıların Kaspi antropoloji tipinə aid olduğunu qeyd edirdi. Uzun müddət bu sahədə boşluq əmələ gəldi. Hətta yadıma gəlir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu təmirə dayanarkən, bir çox vəfat edən alimlərin hesabatları, sənədləri, kitabları, o cümlədən də Rəbiyyə xanımın elmi irsi fəhlələr tərəfindən müxtəlif yerlərə daşınırdı, ayaq altında qalmışdı. Çünki bir çox kitabı toz-torpağın içindən seçib götürə bildim. Eləcə də onun üzərində işlədiyi kəllələrə də uzun müddət yer tapılmadı. Halbuki, onların hər biri bir tarixi informasiya daşıyır. Onları əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyinə gətirdilər, sonra isə bu muzeydə onları saxlamaq üçün şərait olmadığı üçün, belə qərara gəlindi ki, onları Tibb Universitetinə versinlər. Burada təxminən 600-ə yaxın kəllədən söhbət gedir. Bu, 600 adamın başı deməkdir. Bildiyim qədər, hazırda həmin kəllələr oradadır. Arxeologiya və Etnoqrafiya İnstitutu son zamanlar antropologiya sahəsi ilə bağlı bir neçə mütəxəssis yetişdirməyə çalışır. Onlardan biri dosent, doktor Dmitriy Kiriçenkodur. Mən də bir çox arxeoloji tədqiqat zamanı müəyyən olunan kəllə nümunələrinin ölçülməsi üçün D.Kiriçenkonu qazıntı sahəsinə dəvət etmişəm və gəlib ölçülər götürüb, məqalələrimiz nəşr olunub. İstər Nərgizavada, istər Şıxməziddə, istər Mehrəvanda birgə işləmişik. Son zamanlar isə Türkiyənin  Haccəttəpə Universitetinin məzunu və Ankara Universitetinin magistraturasını bitirən və hazırda doktorluq işi üzərində işləyən antropoloq Vüsal Həsənovla həm Dəmirçidə, həm də Nərgizavada birgə işləmişik. Sözümün canı odur ki, antropologiya sahəsində bir neçə gənc mütəxəssis yetişməkdədir. Bu çox müsbət göstəricidir ki, D.Kiriçenko keçmiş sovet məktəbinin yetirməsi kimi, Vüsal Həsənov da Qərb-Türkiyə məktəbinin yetirməsi olaraq  Azərbaycanda fəaliyyət göstərirlər. Onların maraqlı elmi nəticələri var. Düşünürəm ki, antropologiya sahəsinin daha dərindən öyrənilməsinə və Azərbaycan miqyasında bütün ölçülərin götürülməsinə ehtiyac var. Yəni Rəbiyə xanımın ortaya çıxardığı o antropoloji irs, antropoloji informasiya və müasir informasiya arasında bir qırıqlıq, boşluq yaranıb. Bu mənada, antropologiya sahəsində yenidən sistemli işlər görülməsinə zərurət var. Mütəxəssislərlə söhbətlər zamanı məlum olur ki, istər maddi-texniki avadanlıq, istər tədqiqatların müasir standartlara uyğun aparılması üçün beynəlxalq əməkdaşlıq, istərsə də bu sahədə mütəxəssislərin yetişdirilməsi baxımından problemlər mövcuddur” - deyə bildirən F.Xəlillinin sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması üçün AMEA təxirəsalınmaz işlər görməlidir. “Hazırda Azərbaycanda antropologiya elminin vəziyyəti ürəkaçan sayıla bilməz. Ancaq antropologiya yalnız fiziki antropologiya ilə məhdudlaşmır, həm də sosial antropologiya var. Çox təəssüf ki, toplumların, insanların bir-birilə münasibətlərini, bir-birinə olan təsirlərini öyrənən sosial antropologiya sahəsi də diqqətdən kənarda qalıb” - deyə alim vurğuladı.
 
İradə SARIYEVA
http://www.baki-xeber.com/sosial/88634.html

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN