Azərbaycan tarixinin yadigarı olan qəsəbələr

Lahıca və Basqala göstərilən dövlət qayğısı yerli əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Zəngin və rəngarəng təbiəti ilə doğma Azərbaycanımızın dilbər guşələrindən olan İsmayıllının gəzməli-görməli guşələri, o cümlədən tarixi yerləri olduqca çoxdur. Elə bu səbəbdəndir ki, İsmayıllıya yolu düşən insanlar ilk gəlişdən bu torpağa, bu diyara bir könüldən min könülə bağlanırlar. 

Tarix: 15-2-2019 // saat: 15:04
Əsrlərin o tayından boylanan tarix 
Qonaqların və turistlərin İsmayıllıda daha çox üz tutduğu, özünə mülk əldə etmək arzusunda olduğu cəlbedici ünvanlar içərisində Lahıc və Basqal qəsəbələrini xüsusi olaraq qeyd etmək lazımdır. Təsəvvür edin, Lahıc və Basqal həm təbiəti, həm tarixiliyi, həm də insanlarının istiqanlılığı və qonaqpərvərliyi ilə hətta rahat yolunun və qəsəbədaxili münasib infrastrukturunun olmadığı dönəmlərdə belə, insanları, o cümlədən xaricdən olan qonaqları cəlb etməkdə idi. 
Azərbaycanın orta əsr şəhər mədəniyyətinin yadigarları olan Lahıc və Basqalın tarixi keçmişi və sənət dünyası barədə çox yazılıb və hələ bundan sonra da yeni-yeni, bir-birindən daha maraqlı hekayətlər, lap elə cild-cild kitablar yazılacaq. Adı orta əsr mənbələrində tez-tez xatırlanan, ərəb müəlliflərindən İbn Havqəlin, əl-Bəlazurinin, əl-Məsudinin, Münəccimbaşının və başqalarının qeydlərində haqqında bəhs olunan Lahıc, özü bir canlı tarixdir. Yəni qəsəbənin özünəməxsus memarlığı, insanların gündəlik yaşayış tərzi, kökü çox-çox qədimlərə gedib çıxan adət və ənənələri, ən başlıcası isə sırf orta əsrlərin ab-havasının yaşandığı çoxsaylı misgərlik emalatxanaları ilə tanış olan hər kəs bir anlığa xəyalən tarixi keçmişimizə qayıdır. Bu mənada Lahıca səyahəti elə keçmişimizə səyahət kimi də dəyərləndirmək olar. Basqalın tarixi, orta əsrlərdən başlayaraq Azərbaycanda çeşidli və son dərəcə zövqlü ipək məmulatı istehsalı ənənələri, ziyalılarının və elm adamlarının zaman-zaman elm, ədəbiyyat və mədəniyyətimizə bəxş etmiş olduğu sanballı töhfələr barədə də ürəkdolusu danışmaq olar.  
Ürək sıxan xatirələr 
Nəzərə alaq ki, yuxarıda ötəri olaraq toxunduğumuz bu məqamlar daha çox Lahıcın və Basqalın nisbətən erkən dövr tarixinə aiddir. Lakin həm Lahıcın, həm də Basqalın yaxın keçmişi ilə bağlı sıxıntılı və bədbin notlara köklənən xatirələr də az deyil. 80-ci illərin ortalarından başlayaraq 90-cı illərin əvvəllərinədək respublikamızda hökm sürən özbaşınalıq və hərc-mərclik fonunda Lahıc və Basqalın sürətlə boşaldığını, insanların dolanacaq ardınca uzaq-uzaq ünvanlara köçdüyü, evlərin, villaların boş qaldığı, dükanların, emalatxana və sexlərin qapısından qıfıl asıldığı o çətin günləri deyirəm. O illərdə Lahıc da, Basqal da sözün əsl mənasında susuz dəyirmana bənzəyirdi. Bu yerdə mərhum jurnalist dostum Piri Məmmədovun Lahıc haqqında «Kommunist» qəzetində dərc olunmuş və böyük rezonansa səbəb olan «Axın» adlı məqaləsi yadıma düşdü. Məqalə müəllifi istehsalatın dayanması və iş yerlərinin olmaması ucbatından gənclərin davamlı olaraq qəsəbəni tərk etməsi və  bunların fonunda yaranan çox ciddi sosial problemləri gündəmə gətirmişdi. Hansı ki, o problemlər nəinki eynilə, bəlkə də daha qabarıq şəkildə Basqalda da mövcud idi.  Ona görə də 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Lahıcın da, Basqalın da çoxsaylı problemlərlə üz-üzə qalmış olduğu o miskin çağlarını indi ağrısız xatırlamaq olmur. Nə yaxşı ki, hər qaranlıq gecənin bir işıqlı şəhəri olduğu kimi, tənəzzül və enmənin də inkişaf, tərəqqi və yüksəlişlə müşayiət olunması qaçılmazdır. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmaqla, respublikamızı bir dövlət olaraq parçalanmaq, dağılmaq təhlükəsindən xilas edərək yeni inkişaf mərhələsinə çıxardı. Bax, elə o zaman doğma Azərbaycanımızın dilbər guşələrindən olan qədim Lahıc və Basqalın da yeni çağları başlandı. Məcburiyyət üzündən ata yurdunu tərk edərək bir parça çörək dalınca uzaq-uzaq ünvanlara üz tutan insanlar böyük ümidlə yenidən doğma ocağa dönərək çox böyük həvəslə yeni və müstəqil Azərbaycanın quruculuğuna qoşuldular. Baxmayaraq ki, hər iki qəsəbənin çoxsaylı problemləri hələ də qalmaqda idi. O problemlər ki, onların həmişəlik olaraq aradan qaldırılması üçün hələ bir qədər də zamana ehtiyac vardı. Yəni sadəcə, Azərbaycan dövlətinin imkanlarının artmasını gözləmək tələb olunurdu. O gün isə çox da uzaqda deyildi. 
Lahıcda əbədiləşən bayram əhval-ruhiyyəsi 
Budur, 2017-ci ilin oktyabr ayında ölkə prezidenti cənab İlham Əliyev bir gündə Lahıcla bağlı üç tarixi sərəncam imzaladı. Həmin sərəncamlara əsasən Lahıcı Şamaxı ilə birləşdirən Dəmirçi-Lahıc yolu çəkilməli, Lahıcda 400 şagird yerlik yeni məktəb binası tikilməli və qəsəbə qazlaşdırılmalı idi. Göründüyü kimi, bu layihələrin hər biri Lahıc və orada yaşayan insanlar üçün son dərəcə həyati əhəmiyyətli layihələr idi. Özü də ərazinin təbiəti və relyefi baxımından icrası o qədər də asan olmayan layihələr idi. Amma dövlətin gücü və dövlət başçısının iradəsi sayəsində prezident sərəncamlarında nəzərdə tutulan işlər cəmisi on ay ərzində, özü də yüksək keyfiyyətlə icra olundu. Beləliklə, artıq qədim Lahıcın da alternativ yolu, mənzilləri əbədi olaraq qızdıracaq təbii qazı və qəsəbəyə yaraşıq olan yeni məktəbi oldu. Təbiidir ki, bu yeniliklər Lahıc sakinlərinə sözün əsil mənasında bayram əhval-ruhiyyəsi bəxş etdi. Son dərəcə təsirli və yaddaqalan məqamlardan birisi də bu oldu ki, ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il avqust ayının 26-da yeni salınmış Dəmirçi-Lahıc yolunun rəsmi açılışını etdilər. Elə həmin yolla da Lahıca gələrək qəsəbəyə təbii qaz verilişinin və məktəb binasının açılışında da iştirak etdilər. Prezident və xanımı Lahıcı demək olar ki, qarış-qarış gəzərək qəsəbə ilə ətraflı tanış oldular, sakinlərlə səmimi söhbət etdilər, hətta vaxt tapıb misgər Nəzər Əliyevin evində də oldular. Mehriban xanımın onun üçün çox əziz olan ad günündə Lahıc camaatı ilə bir yerdə olması, onların sevincini bölüşməsi sakinlər üçün xüsusən əziz xatirəyə çevrildi. Lahıc insanları olduqca səmimi və qədirbilən insanlardır və əminəm ki, onlar ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin bu qəsəbənin inkişafı, onun dünya şöhrətli turizm məkanına çevrilməsi naminə etdiklərini və Lahıca səfərinin təəssüratlarını heç zaman unutmayacaqlar. Elə cənab prezidentin Lahıc səfəri ilə bağlı təəssüratları da son dərəcə səmimi və möhtəşəmdir. Görün, möhtərəm prezident özünün görüş və çıxışlarında Lahıcı necə təqdim edib: "Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim… Amma…. İstəyirdim əliboş gəlməyim… Lahıc qəsəbəsinə təbii qazın çəkilməsi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdi... Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir… Lahıcın memarlığı, küçələri, binaları özlüyündə bir milli sərvətdir… Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların, həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq”.
Bəli, təkcə son bir il ərzində birbaşa cənab prezidentin diqqət və qayğısı sayəsində Lahıc qəsəbəsi üçün olduqca iri tutumlu və tarixi əhəmiyyətli layihələr icra olundu. Mübaliğəyə yol vermədən deyə bilərik ki, bu layihələr Lahıcı yaşadacaq və onun gələcək simasını müəyyən edəcək layihələrdir.  
Bəxtinə gün doğan Basqal  
Son vaxtlar İsmayıllı rayonunun digər mühüm tarixi və turistik baxımından çox cəlbedici məkanlardan olan qədim Basqalın yüksəlişi istiqamətində də çox ciddi addımlar atılmaqdadır. Xatırladaq ki, Lahıc kimi Basqalın da şəhər tipli yaşayış məntəqəsi olduğu, daha dəqiq desək, orta əsr şəhər mədəniyyəti elementləri ilə zəngin olduğu barədə yazılı qaynaqlarda yetərincə məlumatlar var. XIX əsrin sonlarında orada olmuş rus şərhçisi Konstantin Lebedevin "Qafqaz” qəzetinin 1882-ci il 310-cu sayında dərc edilmiş qeydləri bu cəhətdən daha maraqlıdır: "Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları evlərin eyvanını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim kişi mənə bu səsin məscid minarəsindən gəldiyini və şam əzanı olduğunu dedi”.
Basqal iki əsas hissədən – qədim Basqaldan və son 70-80 ildə Basqal çayının sağ sahilində salınan "O tay”dan, yəni müasir Basqaldan ibarətdir. Bir ucu Həsənxan bağına, bir ucu Əmrəki dağının ətəyinə, bir ucu da qədim "Qalalar” ərazisinə çatan "o tay”da bir-birindən yaraşıqlı çoxsaylı villalar ucaldılıb. Basqal çayının sol sahili boyunca uzanan yamacda salınmış qədim Basqal, plan və memarlıq quruluşu baxımından Lahıca bənzəyir. Qədim Basqalın baş küçəsi Bazar meydanından Kəlfərəc yolunadək uzanır. Mükəmməl kürəbəndi – kanalizasiya şəbəkəsi bu gün də qəsəbənin işinə yarayır.
Lahıcda olduğu kimi, Basqalda da hər bina, hər döngə özü bir tarixdir. Qədim Basqalı şöhrətləndirən və yaşadan, özünəməxsus memarlıq üslubu ilə hər kəsi valeh edən yaraşıqlı evlərin, hamam, məscid, bulaq, emalatxana və dükanlardan hər birinin ən azı 3-5 əsrlik tarixi var. Basqal əhli bu tarixi yadigarları əsrlər boyu sevə-sevə, əzizləyə-əzizləyə qoruyublar, yaşadıblar. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində köhnə iqtisadi əlaqələrin dağıldığı və mülkiyyət münasibətlərinin büsbütün dəyişməsi zəminində Basqalın kəlağayi sexləri və ipək məmulatı istehsal edən ənənəvi karxanaları da öz fəaliyyətini dayandırdı. Basqallılar dolanacaq ardınca ora-bura getməli oldular. Amma gedənlər də, qalanlar da əmin idilər ki, vaxt gələcək, Basqal yenidən gur-gur guruldayacaq. Orada tikilmiş yaraşıqlı villalarda şənlik və toy-büsat səslərindən qulaq tutulacaq. Xarici turistlər və qonaqlarla dolan otellərdə, hostellərdə, küçə və meydanlarda orta əsrlərdə olduğundan daha böyük izdiham və canlanma yaşanaq. 
Minnətdarlıq hissi ilə deməliyik ki, bu gün artıq qədim Basqalın da gələcəyinə dövlət səviyyəsində etibarlı təminat var. Ölkə prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş iclasındakı çıxışında Basqal qəsəbəsinin timsalında ölkəmizdə tarixi-mədəni irsin qorunmasına və yaşadılmasına dövlət səviyyəsində nə dərəcədə böyük əhəmiyyət verildiyindən və bu məsələnin qarşıdakı illərdə də prioritet istiqamət olacağından bəhs edərək dedi: "Mənim sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq”. Söhbət cənab prezidentin "Basqal Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında» imzalamış olduğu sərəncamından irəli gələn vəzifələrdən gedir. Bu sərəncam Basqalın sosial-iqtisadi inkişafına və tarixi-mədəni irsinin layiqli səviyyədə mühafizəsinə, təbliğinə, bərpa və konservasiyasına göstərilən dövlət qayğısının birbaşa təzahürüdür. Sərəncamda qeyd olunduğu kimi, son dövrlər Basqal Dövlət Qoruğunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən qəsəbə təbii qazla təmin olunmuş, Basqal çayı üzərində yeni körpü tikilmiş, abadlıq işləri görülmüş, qədim küçələr qismən də olsa çay daşı ilə döşənmiş, buralarda müəyyən bərpa işləri aparılmışdır .Bununla belə, sərəncamda o da qeyd olunub ki, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılmasına, mühəndis-kommunikasiya təminatı sisteminin və xəttinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət və turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi zərurəti yaranmışdır. Bütün bunlar isə necə deyərlər, qədim Basqalın da bəxtinə gün doğmasından, onun nurlu sabahının çox da uzaqda olmadığından xəbər verir.
Göstərilən yüksək dövlət qayğısına görə, Lahıc və Basqal camaatı, bütövlükdə İsmayıllı sakinləri möhtərəm prezident İlham Əliyevə ürəkdən minnətdardırlar. Tam əminliklə onu da deməliyəm ki, cənab prezidentin yurdumuza, onun keçmişinə və gələcəyinə, qədim və zəngin tarixi-mədəni irsimizə və bu dəyərlərin daşıyıcısı olan insanlara olan diqqət, qayğı və isti münasibəti nə Lahıc, nə Basqal, nə də bütövlükdə İsmayıllı sakinləri tərəfindən heç zaman unudulmayacaqdır.
 
Qafar Cəbiyev
Milli Televiziya və Radio Şurasının sədr müavini,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
tarix elmləri doktoru
 
kaspi.az - 11 Fevral 2019

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN