Tərəkəmələrin yurd görüşü keçirilib

16-17 dekabr 2017-ci il tarixdə Ağsu rayonunun Gəgəli kəndində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsində qalib olan "Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması" layihəsi çərçivəsində Tərəkəmələrin yurd görüşü keçirilib. 

Tarix: 19-12-2017 // saat: 23:35
16-17 dekabr 2017-ci il tarixdə Ağsu rayonunun Gəgəli kəndində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsində qalib olan "Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması" layihəsi çərçivəsində Tərəkəmələrin yurd görüşü keçirilib. Yurd görüşündə Bakı, Ağsu, İsmayıllı və Salyan rayonlarının 13 məktəbindən müəllim, məktəbli və valideynlər iştirak ediblər.
Əvvəlcə Tərəkəmə folkloru sərgisinə baxış keçirilib. Layihənin rəhbəri, Ağsu rayonu Gəgəli kənd Həqiqət Musayev adına ümumi orta məktəbin direktoru Sabit Abdullayev qeyd edib ki, beş nominasiya üzrə - məqalə və esselərin yazılması, rəsm, videoçarxların, fotoların çəkilməsi və əl işi üzrə ümumrespublika müsabiqəsində Bakı şəhərindən, Ağsu, İsmayıllı və Salyan rayonlarından, ümumilikdə 13 məktəbin şagirdləri 110 iş təqdim ediblər. 17 şagird – 4 nəfər esse yazı, 4 nəfər rəsm, 2 nəfər foto, 4 nəfər əl işi, 3 nəfər isə video çəkilişlər üzrə nominasiyada layihənin diplomunu alıb, 28 nəfər şagird isə sertifikata layiq görülüb. Həmin məktəblilərin işləri yurd görüşü boyunca məktəbin foyesində nümayiş etdirilib. Diploma layiq görülən bütün işlər layihə çərçivəsində çap olunan "Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru" kitabına da daxil edilib.
Sonra həmin kitabın təqdimat mərasimi baş tutub. Ağsu rayonu Təhsil şöbəsinin əməkdaşı Mətləb Nuriyev yurd görüşünün əhəmiyyətindən danışıb, kitab haqqında məlumat verib. O, bildirib ki, “Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru” kitab-kataloqu layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin rəhbəri, məktəbin direktoru Sabit Abdullayev və məktəbin tarix müəllimi, “Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu” nun sədri Musa Musayev tərəfindən hazırlanıb. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, rəyçilər AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix elmləri doktoru Qafar Cəbiyevdir. Kitab “Elm və Təhsil” nəşriyyatında 500 nüsxədə nəşr edilib. Layihənin flayerində isə “Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu”nun layihədən sonra planlaşdırdığı görüş, araşdırma, festival, seminar, sərgi və konfranslar haqqında qısa təbliğat məlumatları yerləşdirilib.
Layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, layihə boyunca 50 nəfər əvvəllər və indi tərəkəmə həyat tərzi keçirənlər, ziyalılar və yaşlı kənd sakinləri ilə görüş keçirilib, sorğu anketindəki suallara cavab alınıb. Aparılan araşdırma və sorğular nəticəsində yalnız Gəgəli kəndinə aid olan, yazılı ədəbiyyatda və mətbuatda çap olunmayan 73 folklor nümunəsi – 24 bayatı, 3 tapmaca, 1 yanıltmac, 28 deyimlər və sınamalar, 4 tərəkəmə oyun növü, tərəkəmə mətbəxindən 8, müdafiə fəndlərindən 3, təbabətindən 3 nümunə əldə olunub. "Tərəkəmə" sözünün ərəb dilində "tərakimə" - türkmənlər sözünün cəmi kimi işlədildiyini və dilimizə tərəkəmə kimi keçdiyini qeyd edən Fariz Xəlilli tərəkəmə həyat tərzi və mədəniyyətinin araşdırma və təbliğat  mərkəzi kimi Gəgəli kəndini seçdiklərini, burada gələcəkdə festival, sərgi, konfrans və yurd görüşlərinin davamlı keçirilməsini arzuladıqlarını qeyd edib.
Sonra Ağsu rayonu Gəgəli kənd Həqiqət Musayev adına ümumi orta məktəbin şagirdləri xüsusi ssenari əsasında hazırlanan dörd tamaşa nümayiş etdiriblər, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Tanınmış xanəndələr Ruslan Adgözəlov və Ağadadaş Talışov, Bicolu Aşıq Amil yurd görüşünün bədii hissəsində musiqilər ifa ediblər.
Yurd görüşünün sonunda məktəblilərin diplom və sertifikatları təqdim olunub, onlara kitab hədiyyə olunub. 
Bakı, İsmayıllı və Salyandan gələn məktəblilər Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində gecələyib, iki gün ərzində Ağsunun tarixi abidələri və muzeyləri ilə tanış olublar, Ağsu məktəbliləri ilə qaynayıb, qarışıblar.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN