Tarix fənninə töhfəm

Mən də həmişə xüsusi həvəs və sevgi ilə yanaşdığım bu fənnə yeni bir töhfə bəxş etdiyim üçün özümü çox şanslı hiss edirəm. Üzərində çalışdığım "Rusca -Azərbaycanca tarix terminləri toplusu" uzun zəhmətin nəticəsi olaraq nəşr edilib  oxuculara təqdim edildi. 

Tarix: 21-11-2017 // saat: 13:33
Tarix fənninə sonsuz sevgim, marağım yolumu bu fənnin incəliklərinə yiyələnməyi labüd etdi.Bildiyimiz kimi sözü gedən fənn olduqca dərin köklərə, şaxələrə malik bir fənndir.Bu fənnin öyrənilməsində, araşdırılmasında çoxsaylı işlər görülmüş, bir çox alimlərin, ziyalıların, elm xadimlərinin və mütəfəkkirlərin bir – birindən maraqlı, müxtəlif məzmunlu tarixi məqalələri, elmi işləri, kitabları işıq üzü görmüşdür.
Mən də həmişə xüsusi həvəs və sevgi ilə yanaşdığım bu fənnə yeni bir töhfə bəxş etdiyim üçün özümü çox şanslı hiss edirəm. Üzərində çalışdığım "Rusca -Azərbaycanca tarix terminləri toplusu" uzun zəhmətin nəticəsi olaraq nəşr edilib  oxuculara təqdim edildi. Üç ildən artıq bir zaman ərzində üzərində xüsusi səylə çalışdığım araşdırmam çox əziyyət, zəhmət, dəqiqlik tələb etməsinə baxmayaraq məni ruhdan salmadı, əksinə çətin olanı bacarmağın xoş duyğusu daha da inamla çalışmama güclü təkan verdi.Bu işdə mənə böyük dəstəyi olan dəyərli ziyalıların da zəhmətini yüksək qiymətləndirirəm.Əsasən də dəyərli məsləhətləri, fikirləri ilə mənə dəstək olan, yol göstərən, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov, pedaqogika üzrə elmlər doktoru, dosent Talıb Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Lalə Əsədova, Nərgiz nəşriyyatının baş redaktoru Hidayət Musabəyli, eyni zamanda Yasəmən İsmayılova, Ülviyyə Quliyeva, Sitarə Musayevə sonsuz təşəkkürümü bildirirəm.Ümid edirəm ki, hazırladığım vəsait Azərbaycan elminə, təhsilinə yeni töhfədir, sevindirici hal budur ki, tərtib edilmiş kitab ilk dəfədir ki, Tarix fənnini və onun qollarını toplu halına salmış, ardıcıllıqla, izahlı şəkildə hazırlanmışdır. Artıq tarixi terminləri qırıq – qırıq və pərakəndə mənbələrdən deyil, tam mənbəyindən əldə etmək hər bir oxucuya əlverişli olacaqdır.Ümid edirəm ki, ərsəyə gələn kitab yeni – yeni tədqiqatlarımın, fəaliyyətimin başlanğıcı olacaq, yüksək nailiyyətlərin əldə edilməsində stimula çevriləcəkdir. 
Tariximizin öyrənilməsində, araşdırılmasında, gələcək nəsillərə çatdırılmasında çox sayda işlər aparılmış, tədqiqatlar həyata keçirilmişdir.Hazırladığım “Rusca – Azərbaycanca Tarix Terminləri Lüğəti” sırf Tarixlə deyil, eyni zamanda bu fənnin qolları və ayrılmaz tərkib hissələri olan Anatomiya, Arxeologiya, Arxitektura, Din Tarixi, Fəlsəfə, Tarixi Coğrafiya, Numizmatika, Sosiologiya, Politologiya, Heraldika, Etnoqrafiya, Polioqrafiya, Hüquq termini, Xüsusi termin,İqtisadiyyat, Epiqrafika və digər sahələri də özündə əks etdirir.
Bu lüğəti hazırlamaqda məqsədim bu fənnlə bağlı bütün qırıq – qırıq və pərakəndə məlumatları bir araya gətirmək və toplu halına salmaqdan ibarətdir.Nəzərə alsaq ki, hər hansı bir məlumatı onun mənbəyindən əldə etmək həm vaxt baxımından, həm də dolğunluq baxımından olduqca səmərəvericidir.
İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan gəncləri üçün bu lüğətin rolu əvəzedilməz ola bilər.
Belə ki, bədnam qonşularımız ermənilər Rusiya Federasiyasında daha mütəşəkkil şəkildə kök atmışlar və tarixi faktları məharətlə təhrif edirlər.Bu baxımdan vəsaitin istifadəsilə informasiya müharibəsində gənclərimiz terminlərin rus dilində izahından istifadə etməklə daha effektiv mübarizə apara bilərlər.
Geniş oxucu kütləsinin diqqətinə təqdim olunan bu lüğət öz qarşısına Tarix fənni və onunla bilavasitə və ya dolayı yolla əlaqəli olan sahələri rus dilində və azərbaycan dilində araşdırmaq, öyrənmək, tərcümə işi ilə məşqul olmaq şəraiti yaradır.Əksər rus sözlərinin yanına nitq hissələrini, isimlərin cins və kəmiyyətini, fellərin tərzini göstərən qrammatik işarələr, habelə lazım gəldikdə sözlərin hansı sahədə işləndiyini göstərən üslubi və sair işarələr qoyulmuşdur.Lüğətin üstünlüklərindən biri tərcümə lüğəti mahiyyətindən başqa izahlı lüğət elementlərini də özündə cəmləşdirməsidir.Bu da əsas olaraq siyasi, elmi, fəlsəfi və tarixi terminlərə aiddir.
Respublikamız demokratiya yolu ilə dayanmadan və inamla irəliyə doğru addımlayan müstəqil bir dövlətə çevrilmişdir.Bu dəyişikliklər rus və azərbaycan dillərinin zamanın tələbinə uyğun olaraq inkişafına, zənginləşib təkmilləşməsinə, yeni söz və ifadələrin, çox sayda leksik ifadələrin semantik məzmununun dəyişməsinə və nəhayət, bir sıra sözlərin passiv lüğət fonduna – tarixizmlər və köhnəlmiş ictimai – siyasi terminlər sırasına keçməsinə güclü təkan vermişdir.Burda da təbii olaraq, sovet gerçəkliy və kommunizm ideologiyası ilə bağlı çoxsaylı sözlər daha da təkmilləşdirilmişdir.Artıq günümüzdə istifadəsi demək olar ki, heç bir halda heç bir ədəbiyyatda yer almayan terminlər ya tamam çıxarılmış, ya da məna əlaqəsinə uyğunluq gözlənilərək başqaları ilə əvəzlənmişdir.Oxucuya daha anlaşıqlı olması üçün “tar.” (“tarixi”) və ya “köhn”. (“köhnəlmiş”) kursivlə verilmişdir.
Azərbaycan Respublikasının orta məktəblərində, təhsil sistemində rus dilinin tədrisinə dövlət tərəfindən diqqət getdikcə artırılır və bu dil xarici dil kimi I – XI siniflərdə tədris olunur.Böyüyən gənc nəslin tariximizin orta məktəblərdə öyrənilməsi prosesində kitabın zəruriliyi zamanın tələbinə müvafiq getdikcə daha böyük əhəmiyyət kəsb edəcək.Bu kitab təkcə informasiya mübarizəsində istifadə üçün yox, həm də bizim ən yaxın qonşumuz olan Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının münasibətlərinin xoş bir tərzdə inkişafına təkan verəcəkdir.Axı, bu vəsait həm də rus gənclərinin Azərbaycan tarixinin obyektiv öyrənilməsinə bir mayakdır.
Oxucular (buraya müəllim, şagird, tələbə, eyni zamanda tarixlə maraqlanan istənilən həvəskar şəxsləri də aid etmək olar) tez bir zamanda hər hansı terminlə, onun mənası, ona yaxın olan eyniköklü sözlərlə, fleksiyaya uğramış sözlərin mahiyyəti və digər məna növləri ilə daha yaxından tanış ola bilər.Hazırladığım vəsait bütün təhsil sahəsini bütövlükdə əhatə etdiyi üçün istifadəsi demək olar ki, hər bir oxucuya böyük imkanlar açır.
Düşünürəm ki, hazırladığım vəsait gələcəkdə təkcə Tarix fənni üçün deyil, digər elmlərin, fənnlərin sistemləşdirilib tədrisə cəlb edilməsində yeni imkanlar açacaq və mükəmməl bir ənənənin başlanğıcını qoyacaq.Bununla da Azərbaycan elminə, təhsilinə qatqımız biz gənc müəlliflər üçün daha faydalı və stimulverici olacaq, bizləri yeni – yeni tədqiqatlara, araşdırmalar ilhamlandıracaqdır.Bir sözlə, Lüğət geniş oxucu kütləsinin tarix fənni ilə bağlı tələbatını dolğun şəkildə ödəyəcəkdir.
 
 
Abdullayeva Qumru Rahim qızı
İsmayıllı şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN