Bakı-Tiflis-Qars dəmir yolu

Bakı-Tiflis-Qars dəmir yolu xalqların mədəni-humanitar yaxınlaşmasına yeni imkan açır… Fariz Xəlilli: “Gələcəkdə bu yol həm şərqə, həm də qərbə doğru genişləndikcə, kommunikasiya bir-birinə bağlandıqca, humanitar-mədəni körpü rolu oynayacaq”. Gülər Qulami: “Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq daha da genişlənəcək”

Tarix: 1-11-2017 // saat: 11:20
Bakı-Tiflis-Qars dəmir yolu xalqların mədəni-humanitar yaxınlaşmasına yeni imkan açır…
Fariz Xəlilli: “Gələcəkdə bu yol həm şərqə, həm də qərbə doğru genişləndikcə, kommunikasiya bir-birinə bağlandıqca, humanitar-mədəni körpü rolu oynayacaq”
Gülər Qulami: “Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq daha da genişlənəcək”
 
“Ögey ana” filmində Hüseyn dayı demişkən, yol insanı aydınlığa çıxarır. Doğrudan da yol insanları arzularına, bir mədəniyyəti başqa bir mədəniyyətə, xalqları bir-birinə qovuşdurur.  Oktyabrın 30-da rəsmi açılışı olan Bakı-Tiflis-Qars dəmir yolu yalnız siyasi-iqtisadi əhəmiyyət daşımır, o həm də humanitar-mədəni dəyərə malikdir.
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Məlum olduğu kimi, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Onu da vurğulayaq ki, Bakı-Tiflis-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti geniş bir coğrafiyanı əhatə edir. Bu baxımdan dəmir yolu xətti keçdiyi ərazilərin bir-birilə humanitar-mədəni əlaqlərin inkişafına, yeni müstəvidə formalaşmasına necə təsir edəcək? 
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılması sosial-iqtisadi, siyasi hadisə olmaqla yanaşı, həm də böyük mədəni, humanitar hadisədir.
Ekspertlər deyirlər ki, bu dəmir yolu ölkələrin bir-birilə siyasi-iqtisadi, eləcə də mədəni-humanitar əlaqələrini daha da möhkəmləndirəcək və yeni müstəvidə formalaşdıracaq.
Mədəniyyət üzrə ekspert Gülər Qulami bizimlə söhbətində bildirdi ki, bu dəmir yolu xəttinin çəkilməsi ilə bağlı ilkin işlər görüldüyü vaxtlardan layihənin reallaşmasında rolu olan dövlətlərin alimləri arasında müxtəlif əməkdaşlıqlar həyata keçirilib. Mədəniyyətşünasın sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu xətti həm mədəniyyətlər arasında əlaqələri gücləndirəcək, həm də humanitar sahədə yeni əməkdaşlıqların yaranmasına vasitə olacaq: “Biz bir neçə ildir Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşəcəyi günü gözləyirdik. Bu olduqca əhəmiyyli bir işdir. Bu dəmir yolu xətti geniş əraziləri əhatə edir. Üç dövlət tərəfindən reallaşdırılıb və hədəfləri müəyyən edilib. Fikrimcə, dəmir yolu ərazisindən keçdiyi ölkələri humanitar, mədəni baxımdan bir-birinə daha da yaxınlaşdıracaq. Onu da vurğulayım ki, bu həm də turizmin inkişafına böyük təkan verəcək. Bu marşrut xəttindən turistlər də geniş istifadə imkanı əldə edəcəklər. Mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq dəmir yolu bir sıra işlərin reallaşmasına şərait yaradacaq. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıqlar daha da genişlənəcək. Ümumiyyətlə, arxeoloji, elmi, mədəni sahədə indiyə qədər xeyli işlər görülüb, bundan sonra da görüləcək”.
“Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, bu dəmir yolu xəttinin humanitar əlaqələrin genişlənməsində rolu danılmazdır: “Ümummilli lider Heydər Əliyevin bir sözü var: “Yol mədəniyyətdir”. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılması yalnız siyasi-iqtisadi əhəmiyyət daşımır, həm də bir ölkənin mədəniyyətinin başqa ölkəyə daşınmasına şərait yaradır. Yəni bu dəmir yolu xətti yalnız insanları daşımır, həm də mədəniyyətləri daşıyır. Bu dəmir yolu xətti Türkiyənin xüsusilə şərq bölgələrini əhatə edir. Bu dəmir yolu Türkiyə mədəniyyətinin və Qafqazın iki böyük mədəniyyət mərkəzinin əlaqələnməsinə gətirib çıxarır. Xüsusilə Türkiyənin Ərzurum, Qars, İğdır bölgəsi həm də Azərbaycanın mədəni irsini daşıyan bölgələrdir. Demək olar ki, ləhcələrimiz də bir-birinə bənzəyir. Oralar da tərəkəmə həyat tərzi yaşayan insanların məskunlaşdığı yerlərdir. Bakı-Tiflis-Qars dəmir yolu ümumilikdə geniş bir coğrafiyanı əhatə edəcək. Bu coğrafiyanın mərkəzində dəmir yolu keçən ölkələrin mədəniyyətləri dayanacaq. Eyni zamanda da Avropa və Asiya arasında əlaqələrin genişlənməsinə gətirib çıxaracaq. Əlbəttə, bu ancaq siyasi və iqtisadi yol olmayacaq, həm də mədəniyyətlərin inkişafına təsir edən humanitar, mədəni bir yoldur”.
F.Xəlilli qeyd etdi ki, hələ Bakı-Tiflis-Qars dəmir yolu xətti tikildiyi dövrlərdə onun perspektivi görünürdü. Onun sözlərinə görə, dəmir yolunun inşası başa çatmamışdan əvvəl onun keçəcəyi ölkələrin alimləri tərəfinən mədəni, tarixi, arxeoloji abidələrin üzərində tədqiqat işlərinin həyata keçirilməsi, eləcə də festivalların düzənlənməsi kimi humanitar tədbirlər keçirilib: “Hələ dəmir yolu xəttinin tikintisinə başlandığı dövrdən mədəniyyətlər arasında əlaqələr yaranmışdı və bu sahədə işlər görülürdü. O yolun üstündə arxeoloji abidələr var ki, onlar tədqiqata cəlb edildi və onlara ümumi mədəniyyət kontekstində dəyər verildi. Burada söhbət ancaq islam dövrü abidələrindən getmir, bu xətt həm də eramızdan əvvəlki kommunikasiyanı yenidən bərpa etmiş oldu. Düşünürəm ki, gələcəkdə bu yol həm şərqə, həm də qərbə doğru genişləndikcə, kommunikasiya bir-birinə bağlandıqca, humanitar-mədəni körpü rolunu oynayacaq”.
 
İradə SARIYEVA
 
http://www.baki-xeber.com/sosial/68328.html

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN