Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” adlı layihəsinin rəhbəri, Aslan Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-liseyin direktoru Sənan Nemətov agsunews.az regional xəbər portalının suallarını cavablandırıb.
Məktəbinizin tarixi haqqında qısa məlumat verərdiniz?
- Bizim məktəbimiz, yəni Aslan Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-lisey rayonumuzun ən qədim tarixə malik məktəblərindəndir. Rəsmən 1969-1970-ci tədris illərində istifadəyə verilsə də, arxivimizə əsasən deyə bilərəm ki, bu gün arxivimizdə daha əvvəlki illərə aid məktəb sənədləri saxlanmaqdadır. Həm də məktəbimiz rayonumuzda yeganə lisey tipli və hal-hazırda 1068 nəfər şagirdin təhsil aldığı ən böyük məktəbdir. Məktəbimizin şanlı tarixini buranı bitirmiş məzunların cəmiyyətimizdə qazandıqları və tutduqları şərəfli mövqe ilə də xarakterizə etmək olar.
Məktəb direktorluğu çətin deyil ki?
- Gözəl sualdır. Mənim fikrinmcə həyatda asan vəzifə və iş yoxdur. Hər bir işin öz çətinliyi var. Sadəcə olaraq insan öz işindən zövq almalıdır. Bəlkə də nə vaxtsa mənə sual versəydilər ki, siz rayonun ən böyük məktəbinə direktor olacağınızı güman edərdinizmi? Mən deyərdim ki, xeyr. Çünki açığını deyim əvvəllər direktor təyinatında müəyyən bürokratik əngəllər var idi. Mən ikinci ildir ki, direktor işləyirəm. Buna görə də Cənab Prezidentimizə və Təhsil Nazirimiz Mikayıl Cabbarova minnətdarlığımı bildirirəm. Çünki, 2016-cı ildən direktor təyinatında yeni bir mərhələ başladı. Bunun nəticəsində xeyli savadlı və gənc müəllimlər heç bir bürokratik əngəl olmadan direktor təyinatı aldı. Bayaq qeyd etdiyim kimi, məktəbimiz rayonda ən böyük məktəbdir və böyük məktəbin də böyük çətinlikləri olur. Mən bu vəzifəni seçərkən bu çətinlikləri göz önünə alaraq addımımı atmışam. Direktor təyin olunduğum az müddət olsa da müəyyən işlər görə bilmişəm. Lakin mən özümə həmişə tənqidi yanaşmışam və belə fikirləşirəm ki, hələ az işlər görmüşəm və daha səylə çalışmaq lazımdır.
Məktəbinizin adından fərdi olaraq Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi olmusunuz. Layihənizin məqsədi nədir? Layihənin qarşısında duran vəzifələr və hədəfiniz barədə nə deyə bilərsiniz?
- Mən əvvəla Təhsil Nazirimiz Cənab Mikayıl Cabbarova, bu layihəni təşkil edənlərə, bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm. Təbii ki, bu ən əsası dövlətimizin iqtisadi potensialının get-gedə daha da artmasından irəli gələn bir məsələdir. Sevindirici haldır ki, rayonumuz bu layihələrdən üçünə sahib olmuşdur. Mən digər layihə qaliblərinə də uğurlar arzulayıram. Layihəmizin məqsədi cəmiyyətin inkişafının əsasını təşkil edən texniki-təbiət fənlərinin tədrisinə daha çox önəm vermək, şagirdlərin bu fənlərə daha da diqqətini artırmaqdır. Çünki yaşadığımız bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatımızın inkişafı bu fənlərdən xeyli dərəcə də asılıdır. Düzdür dövlətimizin qayğısı sayəsində məktəbimizdə müxtəlif fənn kabinetləri təşkil edilmişdir. Biz müşahidə edib, həm müəllimlərlə, həm də həmin sahənin bəzi mütəxəssisləri ilə müzakirə aparıb belə qərara gəldik ki, həmin labaratoriyalara kurrikulum dərslərini keçməyə, həmin dərslərin daha da yüksək səviyyədə öyrənilməsinə imkan verən mobil cihazlar alaq, məktəb həyətində biopark, təcrübə-bağçılıq sahəsi yaradaq, bu fənlərin öyrədilməsində şagirdlərdə həvəs oyadaq və elə edək ki, şagirdlər bu dərslərdə maraqla, həvəslə çalışsınlar.
Layihə məktəblilərin dünyagörüşünün inkişafına və biliklərinin möhkəmləndirilməsinə necə təsir göstərəcək?
- Ümumiyyətlə Təhsil Nazirliyinin təklif etdiyi layihələrin mövzularına baxanda hamısının günün tələblərinə tam cavab verdiyi, təhsilin gələcək inkaişafına yönəldiyi aydın hiss olunur. Biz bu mövzulara baxıb seçim edəndə belə fikirləşdik ki, seçdiyimiz mövzu - “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” şagirdlərin dünyagörüşünün, intellektual səviyyəsinin artırılmasında böyük rol oynayacaq. Həqiqətən də ümidlərimiz özünü doğrultmaqdadır. Layihənin başlandığı ilk günlərdən şagirdlər bu işə həvəslə yanaşır, maraqlanırlar. Ənənəvi təhsil dediyimiz sovet təhsilinin ən böyük səhvlərindən biri nəzəriyyənin praktikada əksini tapmaması idi. Bizim bu layihə imkan verir ki, şagirdlər özləri praktik tapşırıqlar həyata keçirsinlər.
Layihə digər qurumlarla münasibətlər baxımından hansı imkanları yaradacaq?
- Təcrübə onu göstərir ki, şagirdlərdə dərsə o zaman maraq yaranır ki, dərslər o zaman yorucu yox, motivasiyalı, şagirdlərin yaddaşında qalan olur ki, o təkcə sinif otağı ilə məhdudlaşmır. Xüsusən də biz xarici təcrübəyə əsaslanan dərsləri təhlil edərkən görürük ki, onlarda dərslər həm şagirdlər, həm də müəllimlər üçün çox maraqlı olur, darıxdırıcı olmur. Bunun da əsas səbəblərindən biri məhz dərslərdə əyani təcrübələrin aparılması, məktəbin başqa məktəblərlə, müəssisə və təşkilatlarla əlaqə yaratmasındadır. Biz layihə çərçivəsində Ağsu şəhərində yerləşən və Qafqazda ən böyük qida sənayesi müəssisələrindən olan “AZ-GRANATA MMC” ilə əlaqələr qurmağı, onların laboratoriyalarında praktik dərslər keçməyi, emal prossesi ilə tanış olmağı, eləcə də Ağsumuzu dünyaya tanıdan, onun tarixini çox yüksək səviyyədə öyrənən “MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə sıx əməkdaşlıq edərək onların təşkil etdiyi “Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində multidisiplinar kurslar təşkil etməyi, xarici alimləri dinləməyi planlaşdırmışıq. Bununla şagirdlərimizin dünyagörüşünün artırılmasına, dərslərin onlar üçün yaddaqalan olmasına və bu layihənin onların hafizəsində həmişə məktəb illərindən yaxşı bir xatirə kimi qalmasına çalışırıq.
Layihənin davamlılığı haqqında nə düşünürsünüz?
- İdeyalarımız çoxdur. Təhsil Nazirliyinin bizimlə görüşən nümayəndələri düzgün olaraq qeyd etdilər ki, bu layihə bizim üçün mükafat deyil, yəni iş görmək, ideyalar vermək və həyata keçirməkdir. Bu layihə onların bizə verdiyi bir şansdır, sınaqdır. Bizim onlarla gələcək əməkdaşlığımız məhz bu ilk layihənin necə aparılacağından asılı olacaqdır. Bizim də borcumuz Nazirliyimizin bizə göstərdiyi bu etimadı öz əməli fəaliyyətimizlə doğrultmaqdır. Bu layihə həm də bizim üçün bir təcrübədir və gələcək layihələr üçün stimul olacaqdır. İnanıram ki, bu layihə şagirdlərimizə və məktəbimizə xeyli faydalı olacaqdır. Bunu bu layihədə iştirak edən müəllimlərimizin və şagirdlərimizin fikirlərindən də hiss etmək olar.
Sizə də minnətdaram ki, bu layihəni ictimailəşdirirsiniz. Sağ olun.