Əvvəla, elanlarda fərdi sərgi kimi qeyd edilsə də, qrup sərgi idi... Bu heç... Ümumiyyətlə, fikrimcə, ayrı-ayrılıqda əsərləri götürsək, son dövrdə Azərbaycan təsviri sənətində tarixi-bədii baxımından Yeni Gallery-də keçirilən plakat sərgisindən sonra ikinci əhəmiyyətli sərgidir... Ekspozisiyanın qurulmasına görə isə bərbaddır!!! Bildiyimiz kimi, Muzey Mərkəzinin sərgi salonu ölkədə (paytaxtda) mütəmadi sərgilərin təşkili üçün ən böyük salonlardan biridir (ekspo mərkəzlər də)... Ama o demək deyil ki, sərgi zalını “doldurmaqla” “böyük iş” görmüş olursan... Bu başqa məsələ... Əlqərəz, sərgiyə daxil olduqda rəngkarlıq portretləri ilə tanış oluruq... C.Cabbarlı, Ə.Əzimzadə, R.Rzanın portretləri, “Qara geyimli qız”- muzeydə işıqlanma mane olsa da, sərginin ən maraqlı işlərindən idi... Həmin bir divarda asılan rəngkarlıq nümunələrindən sonra dərhal qrafikaya keçid - pastellə işlənmiş şarjlar nümayiş olunur... (Şarj - karikaturanın növü olub, xarici oxşarlığa riayət etməklə, modelin tipik xüsusiyyətləri dəyişdirilən və qabardılan satirik və ya yumoristik təsvirdir (adətən portret))... Yazıçı M.Rzaquluzadə, ağ qələmlə qara kağız üzərində sovet karikaturaçısı və “Krokodil” (timsah) satirik jurnalının rəssamı Leonid Soyfertisa çəkilmiş şarj (1967), Azərbaycan rəssamlarına edilmiş şarjlar silsiləsi, daha sonra kətan üzərində pastellə Q.Qarayev (1966), X.Mirzəzadənin (kətan, pastel, quaş, 1966) portretlərində təsvir olunan şəxslərin xüsusiyyətləri bir neçə ştrixlə məharətlə ifadə olunub... Sifəti verilməyən, yalnız qalın qaşlar və pencəyin çiynində qırmızı lentlə təsvir edilən “Məmur” şarjında 1966-ci il yazılsa da, etiketajda 1965 qeyd edilmişdi...
İkinci zalda B.Qroysun “Stalin üslubu” adlandırdığı sosrealizm əsərləri nümayiş olunur... Ekspozisiya quruluşuna görə ən normal (!) zal idi... Kolxoz tütünçüsü, iki ayrılıqda rəssam-uşaqlar təsvir olunan “Rəssam qız” (1973) və əsərin adı ilə uşaqlığımda bütün bayram və şənliklərdə siniflə oxuduğumuz məşhur mahnın sözlərini xatırladan “Qoy həmişə günəş olsun” (1973), iki şaquli formatda “Bakı.1917-ci il” triptixindən iki əsər, çərçivəsində “Sülh üçün” qeyd edilsə də, etiketajında nədənsə “Dinc cücərtilər” (1965) adlandırılan rəngkarlıq əsərləri;”Oyanma” (1970) adlı kəlağayı ilə qadınlar təsvir edilən qrup portretində ön plandakı qadının əlində qırmızı Əlifba kitabı tutur...Tək əski osmanlı əlifbası kurslarına getdiyimdən və azdan-çoxdan fars-ərəb hərflərini tanıdığıma görə yox, həm də kontekstdə yalnız bu dərsliyin olması şübhə doğurmur...
Növbəti zalda yenidən şarjlar nümayiş olunurdu... Kağız üzərində akvarellə və kömürlə müxtəlif obrzalar seriyasına yaradıcılığını sevdiyim Mircavadın obrazı, rəssamın avtoşarjı və s. olsa da, bu qrafika nümunələri arasında 3 və müxtəlif janrlarda işlənmiş: “Kəllər” mənzərəsi, “Qara geyimli qız” portreti və “Ləpirçilər” rəngkarlıq əsərləri sanki ümumi kontekstdən ayrı qalmış görünürdü...
4-cü zalda yenidən S.Bəhlulzadənin dostluq jarjlar silsiləsi, T.Salahovun və s. qarışıq texnikada yumoristik obrazları, Ucalın təsviri ilə cızma-qaraları və bu rəsmlər arasında birdən fərqlənən və heç də ekspozisiyaya uyğun olmayan akademik “Çılpaq” təsvirləri , yenidən “ərəb rəssamları ilə görüşə -S.Bəhlulzadə, M.Nəcəfov, M.Rəhmanzadə,E.Rzaquliyev” şarjı nümayiş olunur...Rəssamın kitab illüstrasiyaları, yenidən akademik rəsmləri, at üzərində Rasim Əfəndinin və s. rəssamların obrazları bu zalı tamalayır...
Sonuncu zal daha bərbad kalambur xarakteri daşıyır... Rəssamın davaçılarının- ailə üzvlərinin əsərləri sanki harda formatı (ölçüsü) uyğun gəldi, daha doğrusu, hara sığdı prinsipi ilə asılmışdı... Fikrimcə, davamçılarına iki zal ayrılsa idi, və ən azından onu da iki nəsilə və ya daha düzgünü, üsluba görə ekspozisya qurulsaydı daha müvəffəqiyyətli ekspozisiya əldə olunardı... Və bunları yazmağa da məcbur olmazdım... Ama... Nəticə olaraq... Əli Haqverdiyevin tamaşalara eskizləri, H. Səbinənin parça üzərində tekstil işləri, H.Hüseynin “Yuxu”ları (2011) dərd yarı, Ucal Haqverdiyevin İntibah dövrü kanonlarında təsvir olunmuş Madonna obrazı isə sərgiləndiyi molbertdə adi gənc qızın təsviri kimi cılız görünürdü... H.Səidənin keramikası yanında yaradıcılığına Qız Qalereyasında keçirilən sərgisindən sonra vurulduğum H.Yelenanın “Ağac”ı itirdi, Ucalın “Babil gülləsi” (nədənsə Vavilon kimi qeyd edilmişdi) ilə H.Hseynin “Ailə” əsəri ilə, ola bilsin, hər ikisi sətraltı birliyi simvolizə etdiyinə görə yanaşı nümayiş etsələr də, üslub baxımından kəskin fərqlənən əsərlər bir-birilərinə mane olurdu, H.Butunayın sanki rəngkarlıqda ştrixlənmə kimi işlənən müxtəlif tonlarda portreti ayrılıqda olduqca maraqlı işlərdəndir, ama burada heç də elə görünmürdü... Ucalın “İt”i ilə sərginin ekspozisiyası ilə tanışlığımı tamamladığımda, böyük məyusluq hissi ilə ayrılırdım zaldan... Və bir daha əmin oldum ki, sərginin uğuru tək rəssamın əsərlərindən deyil, ekspozisya quruluşundan, əsərlərin necə təqdim olunmasından, hansı kontekstdə tamaşaçıya nümayiş olunmasından birbaşa asılıdır... Sərginin, bildiyimı görə, kataloqu da çap olunub, ama məhdud sayda olduğuna görə çox adamda yoxdur... Mən də o çox adamdan biri... Yenə də, Həsən Haqverdiyevi indiyədək daha çox rəngkar kimi tanısam da, bu sayda şarjlarının olmasından xəbərim yox idi... Təəssüfləndiyim daha bir məsələ, niyə müharibə illərində və sovet dövründə bu cür güclü şarjlar yarandığı halda, gündəlik həyatımızda həm karikatura olunası, həm də şarjları yaradılması üçün olduqca çoxsaylı obrazlar olduğu halda, rəssamlarımız incəsənətin bu növünə mraciət etmir... Karikaturaçılar birliyinin olması haqda, əlbəttə, xəbərim var, hətta ADMİU-da “Karikatura tarixi” fənni də tədris olunur, Gündüz Ağayevin də yaradıcılığını izləyirəm, ama şarjlara nədənsə rast gəlmirəm... Bəlkə də, edənlər var, mən tanımıram... Elələrini tanıyırsızsa, məni də tanış edin, zəhmət olmasa...
Müəllifi: Məhbarə Abbasova